"Gözəl xətt kasıb üçün şərəf, dövlətli üçün bəzək, alim üçün isə kamillikdir"
   
   İntişar tapdığı orta əsrlərdə olduğu kimi, bugünkü zəmanəmizdə də bəzəkvurma sənəti öz əhəmiyyətini qoruyub saxlayır. Onun çeşidli və çox yayılmış növləri var. Söhbətimizin mövzusu da məhz bu haqdadır...
   
   Ənənəvi bəzəkvurma sənətimizin çox yayılan qollarından biri təzhibdir. Bu, ərəb dilində qızılla işləmə (bəzəmə) deməkdir. Onun erkən nümunələri Quran nüsxələrində və ədəbi kitablarda əksini tapıb. Xalqımızın maraqlı təzhib ustaları onu fərqli üslubla daim inkişaf etdirib. Ən mükəmməl təzhib nümunələri dini kitablar üçün hazırlanıb. Sənətin ən gözəl bilicilərinə müzəhhib deyilib.
   Bu sənətin xammalı qızıldır. O uzun əməliyyat prosesindən sonra nazik lövhə (vərəq) halına salınır. Sonra müzəhhibə verilir. Həvəngdəstə ilə tam əzilir-ovulur. Su ilə ipəkdən keçirilir və qurudularaq toz halına gətirilir. XII - XIII əsrlərdə və daha sonrakı dövrlərdə müxtəlif rənglərdə (yaşıl, qırmızı, ağ) emal olunub. Türk təzhibinin ən müstəsna nümunələrindən biri Qarahisar Quran nüsxəsinin naxışlarıdır. Üslub və çeşid baxımından Osmanlı bəzəmə sənətinin bir növü sayılır. Çiçək buketlərindən meydana gələn bu sənət XIX əsrin sonuna qədər davam edib. Türk təzhibində sonralar yeni klassik üslub meydana çıxsa da, o, Osmanlı bəzəmə sənətinin ən zəif üslubu olaraq qalıb. Təzhibin tətbiq edildiyi sahələrdən biri də mürəqqə yazı lövhələri üzərində işlənən bəzəmələrdir.
   
   Ebru
   
   Bir-birinə keçən, ancaq qarışmamış, diqqət yetirildiyi zaman ayırd edilə biləcək şəkildə görünən rəng və şəkillərə “ebru” deyilir. Bir sənət əsəri su üstünə çilənən maye boyanın öz-özünə formalaşaraq şəkillənməsi və bu şəkillərə müdaxilə edilərək meydana gələn naxışların kağıza çıxarılmasıdır. Bir çox əski əsərlərdə bəzək məqsədi ilə istifadə olunan ebru bu gün çərçivəyə salınaraq divarlardan asılır. İnsan ruhunu fərəhləndirir və onu pozitiv düşüncəyə istiqamətləndirir. Bu gün ebru sənəti dünyanın müxtəlif ölkələrində yayılıb. Hətta bəzi ölkələrdə ebru alətləri istehsal edən fabriklər qurulub.
   Ebrunu hazırlamaq üçün əvvəl alüminium təknəyə kitrəli su doldurulur. Kitrə isə xüsusi bitkidən hazırlanan maddədir. İki xörək qaşığı kitrə iki litr suya tökülərək 2, 3 və ya 4 gün saxlanılır. Şişən kitrə su içində əl ilə yoğurularaq həll olunur. Su lazımi hala gəldikdə süzülür - tənzifdən keçirilərək təmizlənir və ehtiyatla (köpüklənmədən) təknəyə tökülür. Onu da qeyd edək ki, ebrunun hazırlanmasında torpaq boyalarından da istifadə olunur. Belə ki müxtəlif rəngli torpaq boyalar ayrı-ayrı iki şüşə (və ya keramik) arasında əzilir. Əzmə əsnasında azca su da əlavə olunur. Hazırlanan boyaya mal ödü qatılır. 15 gün və ya bir ay saxlanılır. Hazır hala gələn boyadan nəmləndirilərək istifadə olunur. Boya açılmazsa təkrar öd qatılır. Rəngi açmaq üçün boyaya su qatılır.
   Bir ebru yalnız bir dəfə düzəlir. İkinci dəfə eyni naxışı almaq mümkün deyil. Hazırlanan boyalar fırça və ya metal çubuq vasitəsi ilə əvvəlcədən hazırlanmış kitrəli suya damladılır. Əgər əlavə naxış və ya fiqur çəkiləcəksə, metal çubuq, daraq və bu kimi alətlərdən istifadə olunur. Ebru hazırlanarkən boyaların açılmasını və şəkillərin yuvarlaqlığını tamamən istədiyimiz kimi formalaşdıra bilmərik. Lakin üstündə işlədiyimiz ebrunun necə olacağını dəqiq bilməsək də, nəyə bənzəyəcəyini təxmin edə bilərik. Məhz buna görə ebruda bir naxışı iki dəfə almaq mümkün deyil. Hər ebru demək olar ki, hazırlandığı anın imzasını daşıyır. Sonra kağızı təknənin üstünə sərərək ebrunu kağıza əks etdirirlər. Kağız təmiz və küləksiz bir yerə sərilərək qurudulur.
   
   Xəttatlıq
   
   Türk xətt sənəti dedikdə, türklərin İslamı qəbul etdikdən sonra ərəb hərfləri ilə ortaya qoyduqları hüsnxətt yada düşür. Məlumdur ki, ərəb hərfləri İslamiyyətin yaranmasından sonra estetik xarakter daşıyıb. VII əsrin ortalarından etibarən sürətlənib. Türklərin İslam aləmində əhəmiyyətli mövqe tutduğu bir vaxtda mühüm bir sənət növünə çevrilib. Çünki ərəb yazısındakı bir çox hərflər kəlmənin-sözün əvvəlində, ortasında və sonunda gəlməsinə görə dəyişik yazılır. Sənət halına çevrilərək elastik şəkil alan hərflər bir-birinə bitişdikdə ortaya çıxan zəngin görünüşü, eyni kəlmə və ya cümlənin müxtəlif tərkiblərlə yazıla bilmə imkanı bu yazılara sənət görkəmi verib.
   Ərəb yazısı İslamdan öncə müxtəlif dövrlərdə ən çox işləndiyi bölgəyə uyğun olaraq “ənbəri”, “hiri”, “məkki”, hicrətdən sonra isə “mədəni” adlarını alaraq inkişaf edib. Müqəddəs Quranun kitab halında ilk nüsxəsi məhz mədəni xətlə dəri üstünə mürəkkəblə, nöqtəsiz və hərəkətsiz olaraq yazılıb. Zaman keçdikcə bu yazı iki tərzə ayrılıb: sərt bucaqlı olan yazı tərzi ən çox Kufədə istifadə olunub. Ona görə də kufi adı ilə məşhurlaşıb. Sürətli yazıla bilən və sərt bucaqlı olmayan digər yazı tərzi isə gündəlik yazılarda istifadə olunub.
   Abbasilər dövründə inkişaf edən elm və sənət sayəsində böyük mərkəzlərdə, xüsusilə Bağdadda kitaba olan maraq və bunları yazaraq çoxaldan “ vərraq”lar artır. VIII əsrin sonlarından etibarən yeni yazı formaları meydana çıxır. Bu inkişaf əsnasında kufi yazı, xüsusilə Quranın yazılması sahəsində parlaq dövrünü yaşayır.
   Daha çox abidələrdə nəzərə çarpan iri yazılarla yazılan kufi yazısı bəzi bəzək ünsürləri ilə birlikdə dekorativ mahiyyət qazanır.
   Xəttatlıq sənətindəki varlığını davam etdirən yazı növləri ilə yanaşı, bir çox yazı çeşidi də unudularaq tarixə qarışıb. Bunlara misal olaraq sicillat, dibac, müfəttəb və s. yazılarını göstərə bilərik. Ümumiyyətlə, irfani rəmzlər içərisində xətt sənəti ilə bağlı obrazlara çox rast gəlinir. Əbəs yerə deyilmir ki, "gözəl xətt kasıb üçün şərəf, dövlətli üçün bəzək, alim üçün isə kamillikdir".
   
   Savalan Fərəcov