O xalq xoşbəxtdir ki, zəngin folkloru var
  
   Hacı Mirhaşım Talışlı filologiya elmlər namizədi, Lənkəran Dövlət Universitetinin dosentidir. Əməkdar müəllim, Prezident təqaüdçüsüdür. Deyir ki, bu il 86 yaşım tamam olur, fikirləşirəm ki, daha işləməyim, evdə oturub xatirələrimi yazım.
   Yazmaq demişkən, Mirhaşım müəllim həm də tanınmış qələm sahibidir. 16 yaşından “Müsafir” imzası ilə yüzlərlə qəzəl, qəsidə, təxmis, təzmin, mürəbbe, mərsiyə, satirik şeir yazıb. Əruz vəzninin mahir bilicisidir, Azərbaycan ədəbiyyatında ilk dəfə əruz vəznində sonet yazıb. “Dedim ki, sözüm qala” şeirlər kitabı, “125 yaşlı məktəb”, “Lənkəran” kitablarının, XIX əsr Lənkəran ədəbi mühiti haqqında elmi əsərin müəllifidir. Ötən il isə “Xatirəmdə yaşayanlar” kitabı çap olunub.
  
  
   Məlum olduğu kimi, Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramına əsasən, Lənkəran şəhəri 2011-ci il üzrə “Azərbaycanın folklor paytaxtı” elan edilib. Cənub mirvarisinin özünəməxsus zəngin folkloru barədə dolğun məlumatlar əldə etmək üçün qocaman şair, ədəbiyyatşünas, tədqiqatçı-alim Hacı Mirhaşım Talışlını ziyarət etdik.
  
   Hacı Mirhaşım Talışlı Lənkəranın Böyük Bazar hissəsində - ulu babası Mirmustafa xanın adını daşıyan küçədə yaşayır. Lənkəranın tarixi, mədəniyyəti ilə bağlı zəngin bilgilər sahibi olan 86 yaşlı Mirhaşım müəllimi öz hücrəsində - doğma kitablarının arasında “tapdıq”.
  
   Çəltik və çay nəğmələri
  
   Lənkəranın sonuncu xanı Mir Mustafa xanın nəslindən olan Hacı Mirhaşım 86 illik ömründə çox tarixi hadisələrin şahidi olub. Ötən əsrin ağrı-acısını, qırmızı imperiyanın din düşmənçiliyini, milli-mənəvi dəyərlərimizə qarşı biganəliyini görüb. Ancaq heç nə onu öz əqidəsindən, yolundan döndərə bilməyib. Allaha sevgisi, inamı heç vaxt sarsılmayıb. Ağlı kəsəndən namaz qılıb, oruc tutub, müqəddəs yerləri ziyarət edib, zəngin biliyi, geniş dünyagörüşü ilə dövrünün işıqlı simalarından birinə çevrilib. El-obasına, yurd-yuvasına qəlbən bağlı olan Mirhaşım müəllim Lənkəranın folklorundan ürək dolusu danışdı:
   - Lənkəran folkloru çox zəngindir. Əgər Qarabağda xanəndəlik, tək ifaçılıq məşhurdursa, Lənkəranda birgə oxumaq, kollektiv şəkildə xorla oxumaq dəbdir. Bunun da öz səbəbi var. Lənkəranda qədimdən çəltik əkib becəriblər. Çəltikçilik kollektiv işdir. Əmək prosesində yaranan nəğmələr çəltik nəğmələri kimi yaddaşlardan yaddaşlara köçüb. Zaman gəldi ki, çəltikçiliyi çayçılıq əvəz etdi. Çayçılıq da birgə işdir. Beləliklə, çay nəğmələri yarandı. Sonra bu nəğmələr toy nəğmələrinə çevrildi.
   Mirhaşım müəllim deyir ki, Lənkəran folklorunda yüzə yaxın nəğmələr var. El arasında belə bir deyim də var ki, dəryadan balıq qurtarmaz, Lənkəran kəndlərindən nəğmələr.
   Vaxtı ilə Mirhaşım müəllim bu nəğmələrə sevə-sevə söz yazarmış.
   Söhbətimizin bu yerində Mirhaşım müəllim nəğmələrdən birini zümzümə edir:
  
   Çayımızın adı var,
   var, var,
   Gör, nə gözəl dadı var,
   var, var.
   Çayda bizim qızların
   var, var,
   Əmək, hünər payı var,
   var, var.
   Ürəyinin odu var,
   var, var.
  
   Çay yığan qızlar xorla bu nəğməni oxuyardılar.
  
   Çəltik yığan qızların isə öz nəğmələri vardı:
  
   İki gözəl gördüm dünən bulaqda,
   Biri al geyinib, birisi ağda.
   Qardaşdan soruşdum, hansını sevdin?
   Dedi, gözüm qırmızıda, ürəyim ağda.
  
   Mirhaşım müəllim Lənkəranın toy adətlərindən də danışır.
   - Bizim toy adətlərimiz çox maraqlıdır. Bütün toy mərasimləri nəğmələrlə keçir. Gəlini evə gətirəndə ayağının altında qurban kəsirlər, belə bir nəğmə oxuyurlar:
  
   Ay gəlinin toy qoyunu,
   Bıçaq gətir, soy qoyunu.
  
   Bu gün də Lənkəranda toy mərasimləri nəğmələrlə keçirilir.
   Lənkəranın yas mərasimləri də özünəməxsusdur. Yasda həddindən artıq ağlamaq adət deyil. Belə deyirlər ki, öləni Allah aparır. Sən Allaha etiraz eləyirsənmi? Yas məclisində biri ağı deyib öləni oxşayır, sonra hamılıqla imam üçün mərsiyə deyirlər.
   Lənkəran folklorunda bir çox sənətlər, peşələrlə bağlı ənənələr bu gün də yaşadılır. Əsrlərdir ki, bu bölgədə müxtəlif cür həsirlər toxunur. Əvvəllər xalça-palaz az olardı, camaat həsir üstə oturar, məscidlərə həsir döşəyərdilər. Haşiyəli həsirlər, sadə həsirlər, Gilani həsirlər məişətdə ən çox işlənən həsirlərdəndir.
   Qədim dulusçuluq sənəti də bu gün Lənkəranın bir çox kəndlərində, xüsusi ilə Separadi kəndində yaşadılır. 150-200 il bundan əvvəl stəkan-nəlbəki, məişət əşyaları olmayan vaxtlarda dulusçuluq sənəti ən gərəkli sənətlərdən biri kimi inkişaf etmiş, özündən sonra zəngin izlər qoymuşdur. Bu gün də Lənkəranda az qala hər evdə gil bardaqlar saxlanılır. Bunun da öz tarixçəsi var.
  
   Lənkəranın Novruz ənənələri
  
   Novruz bayramı Lənkəranda bir qədər fərqli keçirilir. Çərşənbə axşamı bütün evlərdə hökmən ziyad balığı bişirilir. Çərşənbənin səhəri evdəki bütün sular atılır, adamlar çay qırağına, bulaq başına gedib bardaqlarla təzə su gətirir, suyu evə, həyətə səpirlər.
   Mirhaşım müəllim deyir ki, Lənkəranda bir çərşənbə tanıyırlar. Novruzdan əvvəlki çərşənbə - ilaxır çərşənbəni. Axırıncı çərşənbədə od üstdən atlanır, üzərlik yandırır, evdəki adamların sayına görə şam yandırırlar. Süfrəyə təndirdə bişirilmiş balıq ləvəngisi qoyular. Ancaq il şirin olsun deyə bu ləvəngiyə turşu vurulmaz. Çərşənbə axşamı hər kəsin ağzına sarımsaq dəyməsi adətdir. Süfrəyə yeddi adda “s” hərfi ilə başlayan nemətin qoyulması da adətdir.
   Çərşənbə axşamı bişirilən balığın başı isə 13 gün saxlanılandan sonra atılır. İnanca görə 13 gündən sonra nəhslik qurtarır, xoşbəxt həyat başlayır.
   Folklorumuzu sevə-sevə təbliğ edən Mirhaşım müəllim deyir ki, sovet vaxtı folklordan, adət-ənənələrimizdən danışanları sürgünə, ölümə göndərirdilər. İndi öz folklorumuzdan ürəklə danışırıq, necə var, eləcə də gənc nəslə öyrədirik. Folklorumuzu, adət-ənənələrimizi yaşatmaqsa gənc nəsillərin üzərinə düşür.
   Mirhaşım müəllimin evi əsl ziyarətgahdır. Bu evdə kimlər olmayıb, Azərbaycanın görkəmli alimlərindən akademik Feyzulla Qasımzadə, professorlar Seyfəddin Qəndilov, Əlyar Səfərli, Əjdər Ağayev, Rəhilə Məhərrəmova, Mirzə Rəhimov, Seyfulla Əsədullayev, şair və yazıçılardan Bəxtiyar Vahabzadə, Qabil, Nəriman Həsənzadə, Hüseyn Abbaszadə və neçə-neçə böyük sənətkarlar bu ocaqda Mirhaşım müəllimin qonağı olublar.
   Sadə, mehriban, təvazökar Mirhaşım müəllim bir şerində belə deyir:
  
   Safdır diləyim mənim,
   Yoxdur gileyim mənim.
   Dəvəçilərlə dostam,
   Darvazam dar olsa da,
   Gendir ürəyim mənim.
  
   Mirhaşım müəllimin evində nadir bir çiçək növü - gülas yetişdirilir. Bu gülü Mirhaşım müəllimin babası Mirmustafa axund vaxtı ilə Kərbəla ziyarətindən gətirib. Gözəl, xoş ətri olan bu gül indi Lənkəranın əksər evlərində ətir saçır.
   Söhbətimizin sonunda Mirhaşım müəllim ayağa qalxıb kövrək barmaqları ilə gülas çiçəklərini dərib ovcuma tökdü. Mirhaşım müəllimin bacısı hacı Saadat xanım çiçəkləri sapa düzüb mənə hədiyyə etdi. Bu işıqlı ocaqdan, doğma insanlardan xoş hisslərlə ayrıldım. Əgər yolunuz nə vaxtsa Lənkərandan düşsə, Mirhaşım müəllimi ziyarət etməyi unutmayın. Axı belə qiymətli, işıqlı, nadir insanlar tariximizin, yaddaşımızın, folklorumuzun bir parçasıdır.
  
   Təranə Vahid