Sınıq körpü Azərbaycan və Gürcüstan mütəxəssislərinin birgə səyi ilə bərpa olunacaq
   
   Sınıq körpü Azərbaycanın qədim və möhtəşəm abidələrindən biridir. Dünya əhəmiyyətli abidələr siyahısına daxil olan tarixi tikilinin özəlliyi ondan ibarətdir ki, o, Azərbaycan-Gürcüstan sərhədində, Xırmançayın üstündə yerləşməklə, həm də iki ölkə arasında qonşuluq və dostluğun rəmzidir. Təsadüfi deyil ki, zaman keçdikcə müəyyən dağıntılara məruz qalaraq qəza vəziyyətinə düşən körpünün bərpası da iki ölkə mütəxəssislərinin müştərək səyi ilə reallaşacaq.
   
   Ötən həftə Azərbaycanda səfərdə olan Gürcüstan mütəxəssislərilə yerli mütəxəssislər arasında bu barədə ətraflı müzakirələr aparıldı. Mədəniyyət və Turizm Nazirliyinin Mədəni irs şöbəsinin müdiri Rüfət Nuriyev bildirdi ki, iki ölkə mütəxəssislərindən ibarət işçi qrupu yaradılıb və tərəflərin razılaşdıracağı layihə əsasında Sınıq körpü bərpa olunacaq.
   Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin mədəni irsin strategiyası üzrə departamentinin direktor müavini Maya Şavişvili bizimlə söhbətində birgə layihənin əhəmiyyətini belə dəyərləndirdi: «Bildiyiniz kimi, Sınıq körpünün bir hissəsi Azərbaycan tərəfə, digər hissəsi isə Gürcüstan tərəfə aiddir. Körpüdə problemlər yaranıb və orada rekonstruksiya işlərinin aparılmasına ehtiyac var. Bunun üçün də sənədləşmə lazımdır. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyində, “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutunda həmkarlarımızla görüşüb müzakirələr apardıq, ilkin addımları müəyyənləşdirdik. İlk növbədə bu ərazini uçqunlardan təmizləmək, ölçmə işləri aparmaq lazımdır. Körpü tarixi və memarlıq quruluşuna görə çox maraqlıdır. Abidə vaxtilə bir neçə bərpaçı nəsil tərəfindən sistemli şəkildə öyrənilib. Nəzərə alsaq ki, bu tikili həm də sərhəd abidəsidir və işlərin birgə həyata keçirilməsi üçün hüquqi məsələlər də həll olunmalıdır. Məsələn, ölçmə işləri gürcü mütəxəssisləri, təmizləmə işləri Azərbaycan mütəxəssisləri tərəfindən aparılacaq».
   Bundan sonra bərpa işlərinin layihəsi hazırlanacaq və körpüdə, onun ətraf ərazisində infrastruktur-kommunikasiya sistemi qurulacaq. Eyni vaxtda birgə tədqiqat işləri aparılacaq. Maya Şavişvili görüləcək işlərlə bağlı bütün müzakirələrin anlaşma şəraitində, kollegial şəkildə aparıldığını bildirdi: «Biz bu işbirliyindən razıyıq. Bu abidə həm Azərbaycanın, həm də Gürcüstanın mədəni irs siyahısına daxildir. Ona görə də, abidə hər iki tərəf üçün qiymətlidir. Bu körpü sözün əsl mənasında xalqlarımızı birləşdirir. Ona görə də körpünün bundan sonra da uzun illər bu birliyə, dostluğa xidmət etməsinə çalışmalıyıq”.
   Qeyd edək ki, Gürcüstan tərəfdən işçi qrupunun üzvü bu ölkənin Mədəni irsinin muhafizəsi üzrə milli agentliyin baş mütəxəssisi Giqla Canukvadze və həmin qrumun baş koordinatoru İrina Sabaşvilidir. «Azərbərpa» Elmi-Tədqiqat Layihə İnstitutunun direktoru Telman Kərimlinin sözlərinə görə, körpünün aşağı hissələri vaxtilə həm də karvansara kimi fəaliyyət göstərib: «Körpünün üstündən iritonnajlı maşınlar keçdiyi üçün tikili ziyan çəkib və onun bir tərəfi qəzalı vəziyyətə düşüb. Körpüdə olan dağıntılar aradan götürüləcək, texniki vəziyyəti gücləndirilərək, bərpa işləri aparılacaq. Körpü boyu təmizləmədən sonra, dağılan daşlar yenidən bərpa ediləcək, üstünün torpaq qatları götürüləcək».
   
   Mehparə Sultanova