Təbriz xalçalarının özünəməxsusluğu
   
   Ölkəmizdə tarixən rəngarəng xalçaçılıq məktəbləri formalaşıb. Onlardan biri də Təbriz xalçaçılıq məktəbidir. Təbriz xalçaları öz səciyyəviliyi ilə daim fərqlənib.
   
   Orta əsrlərdə Avropa ilə geniş ticarət əlaqələri burada xalçaçılıq sənətinin hərtərəfli inkişafına rəvac verib. Xovsuz və xovlu xalçaları bədii tərtibat, rəng çalarlığı və ornamental bəzəklərin müxtəlifliyi ilə seçilib. Xüsusilə “Ləçək turunc“ , “Leyli və Məcnun“, “Dörd fəsil“, “Təbriz“ adlı xalçalar fərqli dizaynı ilə tanınır. Bu xalçalar XVI əsrdə öz kompozisiya tələbatına, süjetlərin təfsirinə, parçanın koloritinə və texnologiyasına görə dekorativ tətbiqi sənətin həmin məktəbə xas ənənələrini inkişaf etdirib. Bu xalçalarda Təbriz miniatür rəngkarlığının təsiri duyulur.
   Təbriz xalçalarının özünəməxsusluğu və səciyyəviliyi bir də ondadır ki, bu xalçalarda Azərbaycan memarlığının - Göy məscid, Ucaytu Sultaniyyə kimi abidələrin təsviri verilir. Çox vaxt xalça rəsmlərində Əhəmənilər sülaləsi dövrünün əfsanəvi saray kompleksi - “Təxti-Cəmşid”in xarabalıqları, Şeyx Səfi məqbərəsinin, görkəmli din xadimlərinin və Şərq ədəbiyyatı dahilərinin portretləri canlandırılıb.
   Təbriz xalçaçılıq məktəbinin ən məşhur əsəri “Şeyx Səfi” xalısıdır. XVI əsrə dair bu sənət əsəri hazırda Londonun Viktoriya və Albert Muzeyində saxlanılır. Xalı 1539-cu ildə Səfəvi hökmdarı I Təhmasib tərəfindən Ərdəbil məscidi üçün sifariş olunub. Həmin il ərsəyə gələn xalça 1893-cü ildə ingilislər tərəfindən alınıb Londona aparılır. Xalının eni 5,34, uzunluğu 10,51 metrdir. Bu xalça dünyanın ən nadir xalq sənəti nümunələrindən hesab olunur.
   Xalının bəzək-düzəkləri gül-çiçək rəsmlərindən ibarətdir. Zəngin rəng çalarları vəhdət təşkil edir. Mərkəz hissədə yerləşən qönçə Günəşi, onun ətrafında dairə şəklində düzülmüş xırda güllər haləni, yaşıl, qırmızı, sarı rəngli on altı kiçik dairəvi qübbə isə Günəş şüalarını əks etdirir. Kompozisiyanın yuxarı və aşağı hissəsində zəngin bəzəkli, qırmızı və şəkəri rəngli qəndil təsviri salınıb. Ətraf hissədəki saysız-hesabsız əlvan naxışlar kainatdakı ulduzların rəmzidir.
   İndi Azərbaycan xalçaçılıq mədəniyyətinin əvəzsiz incisi olan bu mükəmməl sənət əsərinin təkrar nüsxəsi yaradılıb. Hazırda həmin üzü köçürülmüş nüsxə Azərbaycan Müasir İncəsənət Muzeyində sərgilənir.
   Təbriz xalçaçılıq məktəbinin 200-ə qədər şah əsəri miniatür rəssamlıq sənəti ilə toxuculuğun harmonik birləşməsi, peşəkar rəssam və xalçaçıların yüksək ustalığı ilə səciyyələnir. Ona görə də Təbriz xalçaçılıq məktəbi iki - Təbriz və Ərdəbil yarımqrupuna bölünür. Təbriz qrupuna “Təbriz”, “Geris”, “Ləçəkturunc”, “Əfşan”, “Ağacalı”, “Dörd fəsil” , Ərdəbil qrupuna isə “Ərdəbil”, “Şeyx Səfi”, “Sərabi”, “Şah Abbası”, “Mir” adlı məşhur xalçalar daxildir.
   “Geris” adı Təbriz yaxınlığında yerləşən “Geris” və ya “Gəpəz” qəsəbəsinin adları ilə bağlıdır. “Geris” xalçalarının bədii tərtibatı çox orijinaldır. Kompozisiya və detalların ümumi formaları əyri xətli bitki naxışlarından ibarət olan “Ləçəkturunc” kompozisiyasının əsasında yaradılıb. “Mir” xalçaların adı isə Ərdəbil şəhərinə yaxın ərazilərdə yerləşən Mir və Mirşi qəsəbələrinin adlarından götürülüb. Xalçanın orta sahəsinin kompozisiyasını buta təşkil edir. Şaquli və üfüqi şəkildə olan bu butalar quruluş və formaca Şirvan xalça tipinə aid “Mərəzə” və “Hilə buta” xalçalarını xatırladır. “Mir” xalçalarındakı ayrı-ayrı buta kompozisiyaları sadəliyi ilə fərqlənir.
   Səfəvilər dövlətinin hökmdarı I Şah Abbasın adından götürülən “Şah Abbası” xalçalarının səciyyəviliyi orijinal formalı elementləri ilə bağlıdır. Bədii və texniki cəhətdən yüksək səviyyəyə çatmış Təbriz xalçaçılıq məktəbinin xüsusiyyətləri vaxt ötdükcə Azərbaycandan kənarda da tanınmağa başlayıb. Bu dövrün süjet-mövzulu xalçaları Azərbaycan xalqının maddi və mənəvi aləminin dəyərli abidələri hesab olunur.
   
   Savalan Fərəcov