Naxçıvan Muxtar Respublikası ərazisində Nuh peyğəmbərlə əlaqələndirilən toponimlər çoxdur. Nuhdaban, Nəhəcir, Nehrəm və Naxçıvanın özü...Xalq arasında yayılmış və bu gün də mövcud olan inama görə, Naxçıvan şəhərinin cənubunda Nuhun qəbri var. Ehtimal olunan məzarın üzərində - şəhərin Köhnəqala ərazisində möhtəşəm bir abidə ucalır.
   
   Nuhla bağlı rəvayətlər bu gün də yaşayır
   
   Nuhla əlaqədar rəvayətlər daha çox Naxçıvanla bağlıdır. Qədim dövrlərdən yerli əhali arasında yayılan rəvayətdə təxminən 7500 il bundan əvvəl baş vermiş “ümumdünya daşqını” zamanı Nuh və Allaha iman gətirənlərin mindiyi gəminin ilk dəfə Naxçıvanda quruya çıxdığı söylənilir. Bu kimi əfsanə və rəvayətlərin yaranmasının elmi əsası olduğunu deyən alimlər də var.
   Araşdırmalar göstərir ki, qədim yunan alimi Klavdi Ptolemey ilk dəfə Naxçıvanı Nuh peyğəmbərin məskəni kimi xatırlatmış, XVI əsrin ərəb alimi, coğrafiyaşünas Əl-Şərifi nəinki Nuh peyğəmbərin qəbrinin, hətta gəmisinin qalıqlarının da Naxçıvanda olması barədə ətraflı məlumat vermişdir. Yəhudi alim İosif Flavi isə Naxçıvan torpağını Nuhun gəmisinin dayandığı ilk ərazi hesab edİb. Rus tədqiqatçısı K.N.Smirnov isə Nuhun qəbrinin Naxçıvanda olduğunu söyləmiş və hətta onun yerini də göstərmişdir.
   Tarixdə “Ümumdünya daşqını” barədə rəvayətin ilk yazılı variantı eramızdan əvvəl II minilliyin ortalarına aid edilən şumer əfsanəsidir. Bu əfsanəyə görə, Naxçıvan dünyanın ən qədim sivilizasiya mərkəzi olub. Rəvayətin Naxçıvan şəhəri ilə bağlılığının tarixi əsası var. Belə ki, Naxçıvan Mesopotamiya, Babil, Hett və digər bu kimi qədim mədəniyyət mərkəzləri ilə sıx əlaqələr şəraitində inkişaf etmişdi.
   XIX əsrin 80-ci illərində Naxçıvan məktəblərində işləmiş maarifçi K.Nikitin “Naxçıvan şəhəri və Naxçıvan mahalı” adlı əsərində Nuh tufanının Naxçıvanla əlaqədar olması barədə məlumat verir: ”Rəvayətə görə, əfsanəvi tufandan sonra Nuh peyğəmbəri gəmisi ilə birlikdə Ağrı dağına gəlib çıxır... Bundan sonra Nuh Naxçıvanda yaşamış və burada dəfn olunmuşdur. Hələ indi də onun buradakı məzarının və türbəsinin yerini göstərirlər...”. O, Nuhun Naxçıvandakı qəbrini də görmüş və onu belə təsvir etmişdir: “Nuhun qəbri şəhərin cənub tərəfindən qədim qalanın qalıqlarının yaxınlığında yerləşir. Məzar XVIII yüzillikdə bərpa edilmişdir. İndiki görkəmdə o, yerdən qalxan çox da böyük olmayan türbəni xatırladır. Məbədin pilləkənlərlə aşağı düşmək tələb olunan interyeri dairəvi, çətinliklə keçmək mümkün olan, ortadan daş dirəklərlə möhkəmləndirilmiş mağaraya bənzəyir. Həmin dirəyin altında Nuh peyğəmbərin cənazəsi yerləşir”.
   
   Türbə sovet dövründə dağıdılıb
   
   Rus tədqiqatçısı V.M.Sısoyev Nuhun türbəsini təsvir edərkən onun mərkəzində diametri iki metrə çatan səkkizguşəli sütun olduğunu göstərir. Təsvir edilən bu əlamətlər yeraltı və yerüstü hissədən ibarət olan türk türbələri üçün xarakterikdir. Sözügedən qəbirüstü türbə Naxçıvanda sovet hakimiyyəti qurulanadək minlərlə insanın ziyarətgahına çevrilib, sovet dövründə isə yüzlərlə tarixi abidə kimi Nuh peyğəmbərin qəbri üzərindəki türbənin qalıqları da dağıdılıb. 2006-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun “Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsinin bərpa edilməsi haqqında” sərəncamına əsasən, abidənin yerinin aşkarlanması üçün elmi araşdırmalar aparılıb və türbənin yeri müəyyənləşdirilərək bərpa edilib.
   Araşdırmalarda iştirak etmiş AMEA-nın Naxçıvan bölməsinin şöbə müdiri Nizami Alıyev deyir ki, türbənin yerini müəyyənləşdirmək üçün ilk əvvəl Araz çayının sahilində arxeoloji araşdırmalara başlanılıb: “Araşdırmalardan məlum idi ki, şəhərin cənub hissəsində 1926-27-ci illərdə dağıdılmış formada olan belə bir abidə qeydə alınıb. Amma dəqiq yer göstərmək mümkün deyildi. Dağıdılmış türbənin mövcud olduğu yeri müəyyənləşdirmək üçün görkəmli rəssam Bəhruz Kəngərlinin ötən əsrin 20-ci illərində çəkdiyi əsər də köməyimizə çatdı. Rəssam Nuh peyğəmbərin Naxçıvandakı türbəsinin rəsmini 6 dəfə naturadan kətan üzərinə köçürüb. Orada açıq-aydın görünür ki, türbə Köhnəqala ərazisində tikilib. Həmin nadir əsərlər Naxçıvandakı Bəhruz Kəngərli muzeyində və Dövlət Tarix Muzeyində nümayiş etdirilir. Sonradan həmin yerdə qazıntı işləri aparıldı və türbənin qalıqları tapıldı”.    

   Qədim abidəyə yeni nəfəs
   
   Türbənin özülü tapılarkən 8 guşəli və girişinin qərb istiqamətdən olduğu müəyyənləşdirildi və onun üzərində bərpa işlərinə 2007-ci ildə başlanıldı. Qəbirüstü abidənin layihəsi də qazıntılar zamanı köhnə tikilinin tapılan nümunələrinə əsaslanaraq hazırlanıb. Türbə 3 hissədən - sərdabədən, yerüstü məqbərədən və konusvari örtükdən ibarətdir. Bərpa zamanı kərpic, kaşı və müxtəlif naxış elementlərindən istifadə edilib.
   Qeyd edək ki, türbə bu gün də inanc yeri kimi insanların diqqətindədir. Naxçıvana gələn əcnəbi dini turizm həvəskarları da bu məkanı ziyarət etməyə böyük maraq göstərirlər.
   
   Ceyhun Zərbəliyev