Respublikanın əməkdar artisti, «Natiq» ritm qrupunun yaradıcısı Natiq Şirinov ötməkdə olan 2008-ci ili yeni konserti ilə başa vuracaq. Belə ki, ifaçı ansamblının üzvləri ilə birlikdə pərəstişkarlarını bu gün saat 21:00-da Bakı Caz Mərkəzinə toplayacaq.


Sənətçi bu tədbirin gerçəkləşməsinə iki ilə yaxın əmək sərf etdiyini dedi: «Səhnəyə hər çıxışımda məsuliyyətdən irəli gələn qəribə bir narahatçılıq, həyəcan keçirirəm. İstəyirəm ki, vaxt ayırıb konsertimizə gələn insanlara yeni, gözəl,  qeyri-adi hisslər yaşadaq, estetik zövq verək. Təbii ki, bu da zəhmətsiz, əzab-ziyyətsiz, əsəb gərginliyi olmadan başa gəlmir».


Əsəbi və bir az da gərgin görünən Natiq Şirinov bu nüansa da özünəməxsus şərh verdi: «Mənim uğurlu, yaxşı işlərim həmişə əsəbdən olub. Gülə-gülə heç nə alınmır e, vallah. Nağara elə bir alətdir ki, o insanın canını, ruhunu, beynini alır. Digər tərəfdən respublikamızda nağaranın, belə demək mümkünsə, bugünkü məsuliyyəti mənim üzərimdədir. Az-çox insanlar məni bu alətə görə tanıyır və qiymətləndirirlər. Təbii bu missiyanın yaratdığı gərginlik də bəzən, bəlkə də çox vaxt əsəbə çevrilir. Amma mən mənimlə olan bütün dostlarımı çox sevirəm, düşünürəm ki, onlar da həmçinin. Çünki 8 milyonun əksəriyyəti artıq Natiq Şirinovu və onun ansamblını tanıyır. Təbii ki, onların içərisində bəyənənlər də var, bəyənməyənlər də. Bu gün bizim məqsədimiz məhz bəyənənlərə bir də bəyəndirmək və bəyənməyənləri də bəyənlər sırasına qoşmaqdır».


Bununla da Azərbaycanda ikinci solo-konsertlərini verəcəklərini deyən qrupun rəhbəri  konsertlərinin say azlığının səbəbini də açıqladı: «Əvvəla, biz müğənni deyilik ki, oxuyaq və ya hər hansı şou göstərək. Bir saat yarım, iki saat oturaq vəziyyətdə ifa etmək, sırf sənət nümayişi ilə məşğul olmaq çox ağırdır. Özü də tamaşaçını yormamaq, ona zövq vermək şərtilə. Buna görə də necə deyərlər, az və naz etmək istəyirəm. Mən hər bir konsertə bu cür yanaşıram».


Artıq iki ildir ki, bu konsertə hazırlaşdıqlarını deyən ifaçı hər ritmə bəzən illərlə vaxt sərf etdiyini də deyir: «Mən istəyirəm ki, insanlar hər konsertdən nəsə yeni bir şey əxs etsinlər. Onlara gözəl, orijinal, qulaqlarının öyrəşmədiyi ritmlərlə, musiqi parçaları ilə sevindirmək, zövq vermək istəyirik.  Bu konsertdə də demək olar ki, bütün nömrələr yeni olacaq».


Səbinə