Bu bir sənət və nostalji müsabiqəsi idi

«Bakı gecələri» - son illər Azərbaycan televiziya məkanını zəbt edən SMS-li yarışmalardan fərqli və səviyyəli bir estrada mahnı müsabiqəsi. Səviyyəli sözünü təsadüfən işlətmədim; «Bakı gecələri»  bütün parametrlərilə professional təqdim olundu. Yəni yarışmaya qatılan ifaçı və onun tamaşaçısı  peşəkar bəstəkar, müğənni və tanınmış sənət adamlarından ibarət münsiflər heyətinin süzgəcindən keçən obyektiv qiymətlə üzləşəcəyinə əmin idi. Bunu müxtəlif nominasiyalarda qalib gələn müğənnilərin ifa və səhnə davranışları bir daha göstərmiş oldu. Bununla da nəğməli şəhərimizin daimi rəmzi kimi səslənən “Bakı gecələri” uzun fasilədən sonra «Bakı gecələri» layihəsində bir daha tale-həllini tapdı.

 
Müsabiqənin münsiflər heyəti 7 nəfərdən ibarət idi.  Maraqlısı isə nominasiyalar üzrə səsvermə zamanı qərarların qəbul edilməsində  obyektivliyi qorumaq və yarana biləcək anlaşılmazlıqları aradan qaldırmaq məqsədi ilə münsiflər heyəti mədəniyyət və incəsənət xadimlərindən, şair və bəstəkarlardan təşkil olunması idi. 
Müsabiqə iştirakçılarının çıxışlarını görkəmli bəstəkarımız Ramiz Mirişli,  estrada mahnılarının mahir ifaçıları, xalq artistləri  Mübariz Tağıyev və Natəvan Şeyxova, yazıçı-jurnalist Qulu Ağsəs, sevilən səhnə xadimləri - xalq artisti, Pantomima Teatrının direktoru Bəxtiyar Xanızadə, əməkdar artist Azad Şükürov, Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri  Mənzər Nurəliyeva dəyərləndirdi.


Müsabiqəni fərqləndirən bir cəhət də burada mahnıların canlı ifası idi.
Beləcə, estrada ifaçılarının bədii-peşəkar hazırlıqlarının təkmilləşdirilməsi, beynəlxalq müsabiqələrdə Azərbaycanın yüksək səviyyədə təmsil olunması və  estrada mahnı janrının inkişafını hədəfləyən yarışma sona yetdi.


Bakı Şəhər Mədəniyyət və Turizm  İdarəsinin təşkilatçılığı ilə keçirilən bu müsabiqə 20 yaşından yuxarı hər bir professional mahnı ifaçısına öz potensialını nümayiş etdirmək imkanı verdi.  Əvəzində isə seçilənlər xüsusi hədiyyələr,  diplomlar və bəlkə də ən əsası - tamaşaçı rəğbəti ilə mükafatlandırıldı.


Tamaşaçı rəğbəti «mükafatı» dekabrın 24-də «Bakı gecələri» müsabiqəsi qaliblərinin Heydər Əliyev Sarayında baş tutan qala-konsertində də öz təsdiqini tapmış oldu. Soyuq qış axşamı möhtəşəm konsert salonunu dolduran tamaşaçılar sevib-seçdikləri ifaçıları hərarətli alqışları, gül dəstələri ilə bir daha mükafatlandırdılar.


Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev müsabiqənin təşkilatçılarını və iştirakçılarını təbrik edərək «Bakı gecələri»nin müasir estrada musiqisinin inkişafında yeni mərhələ təşkil etdiyini bildirdi: «Uzun fasilədən sonra Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi belə bir təşəbbüslə çıxış etdikdə sözsüz ki, biz də onu dəstəklədik və beləcə bu janrda çalışan bəstəkarların, ifaçıların, oranjimançıların və ümumilikdə gənclərin bir araya gəlməsinə nail olduq. Mən hesab edirəm ki, sentyabr ayından start götürən yarışma həm istedadların aşkar edilməsinə, həm yeni mahnıların yaradılmasına, həm də yaradıcı insanların istedadının məhsulu olan yüksək səviyyəli, peşəkar mahnıların geniş auditoriyaya təqdim olunmasına çox gözəl şərait yaratdı. 60-a qədər mahnının təqdim olunduğu müsabiqənin finalında ən layiqlilər mükafatlandırılır. Müasir musiqimizin təbliği və inkişafına xidmət edən bu müsabiqə, inanıram ki, ənənəyə çevriləcək və öz əhatə dairəsini daha da genişləndirəcək».


Ötməkdə olan ilin olduqca maraqlı və əhəmiyyətli hadisələrlə zəngin olduğunu vurğulayan nazir bu il müddətində ümumilikdə  Azərbaycan mədəniyyətinin böyük uğurlara imza atdığını diqqətə çatdırdı: «2008-ci ildə bir sıra ölkələrdə Azərbaycan mədəniyyəti günləri keçirildi, ölkəmizin çoxəsrlik mədəniyyəti və turizm potensialı haqqında beynəlxalq tədbirlərdə, sərgi və festivallarda geniş məlumatlar verildi. Bununla yanaşı, mədəniyyətimizin təmsilçiləri bir sıra beynəlxalq müsabiqələrdə iştirak etdilər. Eləcə də xalqımızın yetişdirdiyi görkəmli sənətkarların  yubileyləri qeyd olundu. Təbii ki, bütün bu işlərin yüksək səviyyədə icrasında və  ümumilikdə ölkə mədəniyyətinin əldə etdiyi uğurlarda cənab prezidentimiz İlham Əliyevin diqqəti, qayğısı və təşəbbüsləri danılmazdır. Bu il ərzində ölkə mədəniyyətinin inkişafı istiqamətində böyük işlər görmüş ölkə başçısının qayğısı ilə Heydər Əliyevin adını daşıyan möhtəşəm saray da qısa müddətə və yüksək səviyyədə yenidən quruldu, insanların ixtiyarına verildi.


Bu il bizim üçün Azərbaycan Respublikası Prezidentinin seçki ili kimi də əlamətdar oldu. Biz fəxr edirik ki, Azərbaycan mədəniyyəti və incəsənəti nümayəndələri vahid bir səslə, yekdil rəylə cənab İlham Əliyevi dəstəklədi və ona növbəti illər üçün Azərbaycan mədəniyyətinin inkişafına var qüvvə ilə çalışacaqlarına söz verdilər».
Azərbaycan mədəniyyətinin, incəsənətinin, onun zəngin maddi-mədəni irsinin dünya miqyasında tanınması üçün Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlərin təqdirəlayiq olduğunu diqqətə çatdıran Ə.Qarayev məhz onun diqqəti və qayğısı ilə bu istiqamətdə daha böyük işlər görmək niyyətində olduqlarını vurğuladı: «Bu işlərin görülməsində ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın böyük rolu vardır. Çünki YUNESKO və İSESKO kimi beynəlxalq təşkilatlar səviyyəsində Azərbaycanın adı çox böyük hörmətlə çəkilir».
2009-cu il  Bakının İslam Mədəniyyətinin Paytaxtı elan olunduğunu bildirən nazir, bu münasibətlə bir sıra mədəniyyət tədbirlərinin keçiriləcəyini və bu işdə estrada janrında ifaçıların və bəstəkarların öz töhfələrini verəcəklərinə əminlik ifadə etdi:


«Mən fürsətdən istifadə edib tədbirin təşkilatçılarına təşəkkürümü bildirirəm. Əminəm ki, «Bakı gecələri» yaşayacaq və bu müsabiqədən çıxacaq ifaçılar estrada janrının inkişafına dəstək verəcəklər».
Təbrik nitqindən sonra səhnə ifaçıların ixtiyarına verildi. Konsertdə bir neçə aydan bəri davam edən mahnı müsabiqəsinin müxtəlif nominasiyalarında qalib gəlmiş mahnıların ifaçıları yenidən səhnəyə çıxaraq tamaşaçılara xoş anlar yaşatdılar. 

 
Beləliklə, «Ən yaxşı aranjiman» nominasiyasında bəstəkar İqbal Ağayevin «Bu gecə» mahnısına görə Nazim Əhmədov və bəstəkar Gövhər Həsənzadənin «Mən səni sevdim» mahnısına görə Yaşar Baxış qalib seçildilər.


Münsiflərin «Ən yaxşı səhnə mədəniyyəti» nominasiyasında fərqləndirdiyi müğənnilər -  «Qayıt gəl» mahnısının ifaçısı Bəyimxanım Mirzəyeva, «Yolunu gözləyirəm»in ifaçısı Xəlil Niftəliyev və «Sevgilim» mahnısının ifaçısı Rahidə Baxışova təltif olundular.


“Ən yaxşı qadın müğənni” nominasiyasında qalib gəlmiş iki mahnının ifaçıları isə gənc müğənnilər Mətanət Əsədova («Gülüm, səni itirməkdən qorxuram») və Gülay Qədirova («Doya bilmədim») oldu.
«Ən yaxşı kişi müğənni» nominasiyasında isə Emin Nəsirli («Yar»), Qismət Məmmədzadə («Sənsizlik acısı») və Eldəniz Məmmədov («Nəzərindən salma məni») alqışlandılar.


Müsabiqənin «Ən yaxşı mahnı mətni» nominasiyasında müvafiq olaraq «Mən bu ayrılığın başına dönüm», «Taledən küsərəm» və «Həsrət nəğməsi» mahnılarının mətn müəllifləri Bəxtiyar Qaraca, Dilarə Şahid və Qənirə Paşayeva qalib elan olundular.


Sonra yarışmanın əsas məğzini təşkil edən «Ən yaxşı bəstəkar mahnısı» nominasiyasında fərqlənənlərin adları sadalandı: Kamalın «Sənə də qar yağarmış» (ifaçı əməkdar artist Aygün Bəylər), Reyhan Hacızadənin «Kaş ki» (ifaçı əməkdar artist Gülüstan Əliyeva), Tahir Əkbərin «Sən deyilmisən» (ifaçı Amil Həsənoğlu) və Sevda Məmmədlinin «Yar bizə qonaq gələcək» (ifaçı Lalə Məmmədova) mahnıları mükafata layiq görüldü.
«Bakı gecələri»nin əsasnaməsində nəzərdə tutulan «Tamaşaçı rəğbəti» nominasiyasında isə Gövhər Həsənzadənin «Mən səni sevdim» mahnısı (aranjiman - Yaşar Baxış, ifaçı - Ramal Əzimzadə) qalib elan olundu.
Elşən Nicatın «Həsrət nəğməsi» (ifaçı Cümşüd Abdullayev) mahnısına gəlincə o,  «Bakı gecələri»ni digər mahnı müsabiqələrindən fərqləndirən nominasiyada - «Ən zəif mahnı»da seçildi.
Nəhayət, müsabiqədə  Qran-pri mükafatına layiq görülmüş mahnı elan olundu. Bu, bəstəsi Eldar Mansurova, sözləri Pənah Rüstəmə, aranjimanı Nazim Əhmədova aid «Taleyim» mahnısı idi.


Tamaşaçılar mahnını yüksək səs diapazonu və peşəkar ifası ilə diqqətçəkən istedadlı müğənni Cəlal Abbasovdan eşitdilər.
Bununla da təşkilatçıların «Bakı gecələri»nin şöhrətinin qaytarılmağa  və nostaljisini  ovutmağa çalışdıqları müsabiqə tarixə çevrildi.
Sonda onu da qeyd edək ki, «Mədəniyyət» qəzetinin də informasiya dəstəyi verdiyi «Bakı gecələri» müsabiqəsi qaliblərinin qala-konserti yaxın günlərdə «Space» telekanalı ilə nümayiş etdiriləcək.

Həmidə Nizamiqızı