Bu isə o  böyük Tanrı yazısı haqda  kiçik anım yazısıdı...

O alın yazısının "ön söz"ü "iyul-1944", "son söz"ü "yanvar-2009". Sonra gəlir 65 illik Sabir Novruzov ömrünün səhifələri. Çoxu çoxlarınınkına, bir parası seçilmişlərinkinə, bir azı da yalnız onun özünəməxsus səhifələr. Sənət sətirlərindən əvvəl, təbii, peşə sətirləri gəlir: 1967-ci ildə Politexnik İnstitutuna (Azərbaycan Memarlıq və İnşaat Mühəndisləri Universiteti) daxil olub, 1973-də bitirib.  Düz 40 il bu ali məktəbdə müəllim işləyib. Sənət səhifələri isə çox azlarınınkına bənzər. Bunlar onun ömürlüyünə özgə bir rənglə - qəzet-kitabçılıqda işlənən    kursiv xətlərlə  yazılıb. Bu səhifələri vərəqləsən, üz-gözünü şirin zəngulə ləpələri sığallar, zövqi-tövrünün çiçəyi çırtlayar,  ürəyinin sarı simi şüştər-şüştər titrəyər, heyratı-heyratı çağlayar, segah-segah ağlayar...
"Zər qədrini zərgər bilər" məsəlinə "sənətkar qədrini sənətkar bilər" qənaətimizi timsal edib, öncə xalq artisti Canəli Əkbərova, sonra əməkdar artist (mərhumun bacısı qızı) Simarə İmanovaya telefon açdıq.

Canəli Əkbərov:

- Sabir Novruzov bu xalqa çox yaxın, çox bəlli bir xanəndədir. Mən onu tələbəlik illərindən  tanıyıram. Məşhur xanəndələrin, xüsusən Yaqub Məmmədovun heç bir konsertini  buraxmazdı. Onu çox vaxt  ustad Yaqubun yan-yörəsində görərdik. Sonralar qardaşları Qaçay və Sadayla tanış oldum. Hamısı bir-birinə, el-obaya layiqli qardaşlar idi. O, ağırbatman muğam sənəti yükünün layiqli daşıyıcısı oldu. Onunla el şənliklərində, dövlət tədbirlərində çox olmuşuq. Mənim hörmətimi həmişə saxlayardı.
Onun səsi də çox gözəl idi, özü də, dostluq-yoldaşlığı da, ailə başçılığı da...


Sənətindən danışmaqla qurtaran deyil. Səsindən Yaqub Məmmədovun avazı duyulurdu, şirin zəngulələrindən doymaq olmurdu.
Sabir Novruzovun ifaları çox orijinal idi. Xüsusilə  segahları! Onun səsi elə bil "Segah" üçün yaranmışdı. Mirzə Hüseyn segahını o qədər yanğılı oxuyurdu ki,  hər dəfə xatırlayanda kövrəlirsən. Məxmər kimi, billur kimiydi rəhmətliyin səs-sədası. Hər qulaq asanda riqqətə gəlirəm, ruhum təzələnir...


Onun səsinin nüvəsində milli koloritimiz, milli gözəlliyimiz var. Səsinin diapozonunda muğama xas olan bütün çalarlar, xəlqi bir məlahət var idi. Siz bir onun "Mirzə Hüseyn"ini, "Şahnaz"ını, "Zabul-Segah"ını xatırlayın! Sabir Novruzov öz sənətinin fanatı idi. O, muğama canı-qanı ilə bağlı sənətkar idi. Təəssüf ki, həyatdan erkən köçdü. Amma neyləmək olar? Allahın hökmü, bəndənin alın yazısı ilə barışmaq lazımdır. O cismən aramızda yoxdursa da, mənən qəlbimizdə həmişə yaşayacaq.
Onun yaxınlarına başsağlığı vermişəm, qəzetiniz vasitəsilə pərəstişkarlarına da başsağlığı verirəm. Onun ruhuna hörmət və ehtiramımı bildirirəm.  Sabir dövlətimizin verdiyi "Əməkdar artist" kimi şərəfli bir ad daşıdı, şərəfli bir ömür yaşadı...
Allah bu qardaşımıza, həmkarımıza, xalqın sevimli sənətkarına qəni-qəni rəhmət eləsin,  ailəsinə, övladlarına səbr, can sağlığı versin.

Simarə İmanova:

- Sözsüz, hər sənətkar öz sahəsinin sənətkarı olmalıdır. Amma əsl insan, ləyaqətli vətəndaş olmaq, doğrudan da çətindir. Sabir Novruzov çox gözəl insan idi, çox gözəl keyfiyyətləri vardı, çox gözəl ailə başçısı idi. Onun 2 oğlu,1 qızı var. Xanım-xatın həyat yoldaşı var. Sənətinə gəldikdə isə... Onun səsindən-nəfəsindən mudrik muğam sənətimizin, ifa mədəniyyətimizin gözəllikləri duyulur. Çox sağ olsun hökumətimiz. Çox sağ olsun hörmətli prezidentimiz İlham Əliyev, çox sağ olsun YUNESKO-nun xoşməramlı  səfiri, millət vəkili Mehriban  xanım Əliyeva. Onların sənətə, sənətkara qayğısı nəticəsində Sabir Novruzov da layiqincə qiymətləndirildi. ona əməkdar artist adı verildi. Bütün sənətçilər kimi, mən də sevindim ki, Sabir Novruzov belə qiymətləndirildi. İnsan dövlət tərəfindən dəyərləndiriləndə, doğrudan-doğruya qürur hissi keçirir.
Sabir Novruzovla biz çox səfərlərdə - ayrı-ayrı bölgələrimizdə, el şənliklərində olmuşuq. Onun duzlu-məzəli söhbətlərinin, gözəl, məlahətli ifalarının yaxın dinləyicisi olmuşam. Onun mətn, qəzəl seçiminə heyran qalırdım. O oxuyanda, istər-istəməz, insanın ruhu tərpənir, duyğuları gözəlləşir. İndi çox gözəl səslər var, amma onun səsində tamam başqa bir yanğı vardı...

Onun ölümündən çox sarsıldım. Sabir Novruzov mənim üçün təkcə bir həmkar, muğam ifaçısı deyildi. O həm də mənim dayım idi. O, mənə həm sənətkar, həm də bir dayı kimi yol göstərib, öyüd-nəsihət almışam ondan. O heç vaxt heç kimin qəlbinə dəyməzdi.
Sabir Novruzov fitrətən mömin insan idi və elə bilirəm, onun imamlarımızın şəhid olan günü dünyasını dəyişməsi də mənimçün bir Tanrı təsəllisidir.
Tanrı bu gözəl sənətkarımıza rəhmət eləsin, qəbri nurla dolsun, həyat yoldaşına, övladlarına və onu qəlbən sevən tamaşaçılara, dinləyicilərə, oxuculara səbir versin...

T.Abbaslı