"Çox xahiş edirəm, Rübabənin mahnılarını oxumaq istəyənlər onu aranjiman etməsinlər. Yeni aranjimanda da öhdəsindən gələ bilmirlər bu mahnıların. Mahnını necə varsa, elə də oxusunlar".
   
   Korifey sənətçimiz Rübabə Muradovanın bacısı - müğənni Tahirə Muradova çoxdandır ki, səhnədə görünmür. Bunun səbəbini öyrənmək üçün təbii ki, müğənninin özünə müraciət etdik. Tahirə xanımın dediyinə görə o, son vaxtlar heç bir televiziya kanalına və hər hansı bir tədbirə dəvət almır. Müğənni onu da vurğuladı ki, bu gün səsi olmayanların sənətdə tüğyan etməsi ona çox pis təsir edir. "Vaxtilə xalqın sevgisini qazanmış və hər zaman xatirələrdə yaşayan Rübabə Muradova, Şövkət Ələkbərova kimi sənətçilərin sponsoru olmamışdı. Amma bu gün sənəti olmayanların sponsorları olduğundan gözləri ayaqlarının altını görmür. Hər biri özünü ulduz hesab edir. Hamısı da sponsor gücünə tanınır. Sponsorlar da heç olmasa səsi olanlara kömək etsinlər ki, savab qazana bilsinlər. Mənə təsir edən odur ki, bu cür səslə kölgədə qalmışam. Səbəb? Səbəbi aydındır. Sponsorum yoxdur. Rübabə də, Mahrux da dünyasını dəyişib. Bir adam yoxdur desin ki, onların tək yadigarı sənsən. Kömək edim, xalqa öz mahnılarını töhfə et. Onların da ruhları şad olsun. Tamaşaçı artıq hər gün eyni simanı görməkdən, zövqləri korlayan səsi eşitməkdən yorulub". Giley-güzarlı müğənni həm də gənc sənətçilərə mesaj göndərdi.
   Ötən illərin müğənniləri ilə bugünkü ifaçıları müqayisə edən Tahirə xanım maraqlı fikirlər irəli sürdü: "O dövrün müğənniləri xanım-xatın idilər. Onların arxasınca heç kim gəzmirdi. Dolu bədənliləri də vardı, arıqları da. Nə burun əməliyyatları edirdilər, nə də qarın. Şövkət Ələkbərova kök qadın idi. Məgər onu sevmirdilər?! Bu günə qədər də onun repertuarı sevilə-sevilə dinlənilir. Heç zaman da dəbdən düşmür. Sənəti olan sənətkarı xalq sevəcək. O, kifir olsa belə. Mən indiki müğənniləri qınamıram. Sənətləri olmadığından özlərini gözəlləşdirmək məcburiyyətində qalıblar ki, kimsə onlara vurulsun və sponsorluq etsin. O vaxt sənət var idi, indi sənət yoxdur". Bütün bu halların baş verməsindən narahat olan müğənni ruhdan düşmədiyini də dedi. Bu gün sevə-sevə dinlədiyi muğam ustalarından, əsl sənətkarlardan söz açdı. Qəndab Quliyeva, Səkinə İsmayılova, Ağaxan Abdullayev, Alim Qasımov, Arif Babayev kimi sənətkarların daim yaddaşlarda iz salacağını vurğuladı. "Elə bir insan var ki, hazırda manikür edəndir, amma oxumağa hazırlaşır. Klip çəkdirmək istəyir. Deyirəm ay qızım, axı sənin səsin yoxdur. Cavab verir ki, indi yaxşı aptexniki avadanlıqlar var. Mənə deyirlər səsini elə düzəldəcəyik ki, ən tanınmış müğənni olacaqsan. Qıza belə vədlər verirlər. Nə deyəcəyimi də bilmirəm. Tutaq ki, fonoqram oxuduğun yerdə hansısa tədbirdə işıqlar söndü. O zaman nə edəcəksən? Axı bu müğənni üçün təhqirdir. İşıqlar sönən zaman üç saat mikrofonsuz oxumuşam. Camaat məni ayaq üstə alqışlayıb. Bu gün bir də baxırsan ki, estrada ifaçısı əlinə qaval alıb muğam oxumağa çalışır. Ayıbdır. Muğam oxumaq ağır bir məsuliyyəti daşımaq deməkdir. Mən Rübabədən sonra risk edib "Dəstgah" oxumuram. Halbuki, hamı səsimi Rübabənin səsinə oxşadır. Bu gün səhnədə həddən ziyadə açıq-saçıq geyinən müğənnilərimiz də az deyil. Bəli, sənət adamı gözəl görünməli, fərqlənməlidir. Amma hər şeyin əndazəsi olmalıdır. Həddində olan hər şey gözəldir".    

Mətanət