“Konservatoriya” dərgisinin ilk sayı çapdan çıxdı
  
   Qədim tarixə, zəngin ənənələrə malik Azərbaycan musiqisinin nailiyyətlərinin çağdaş zəmanəmizdə daha da inkişaf etdirilməsi və dünya çapında təbliği, gələcəyin yüksəkixtisaslı mütəxəssislərinin hazırlanması, milli mədəniyyət konsepsiyamızın strategiyasını müəyyənləşdirən başlıca istiqamətlərdir. Təsadüfi deyil ki, son illər bu sahədə irimiqyaslı layihələr həyata keçirilmiş, diqqətəlayiq işlər görülmüş və görülməkdədir. Bu baxımdan ümummilli lider Heydər Əliyevin 10 avqust 2001-ci il tarixli sərəncamı ilə yaradılmış Azərbaycan Milli Konservatoriyasının fəaliyyəti xüsusilə qeyd edilməlidir.

   Sözügedən bu elmi müəssisə Cənubi Qafqazda musiqi yönümlü yeganə ali məktəbdir ki, YUNESKO-nun Avropa İncəsəsnət Universitetləri Liqası (ELYA) təşkilatının və Türkiyədəki Yüksək Öyrətim Kurumunun üzvüdür. Hazırda 20 nəfərdən çox xalq və əməkdar artistin, 5 elmlər doktorunun, 25 professorun, 20-dən artıq dosentin çalışdığı AMK-da 2 fakültə, 8 kafedra, “Milli musiqinin tədqiqi”, və “Milli musiqi alətlərinin təkmilləşdirilməsi” elmi-tədqiqat laboratoriyaları fəaliyyət göstərir. Fərəhli haldır ki, qısa bir zaman ərzində Azərbaycan Milli Konservatoriyasının yetirmələri Fransa, ABŞ, Kanada, Almaniya, Türkiyə, İran kimi ölkələrdə verdikləri konsertlərdə Azərbaycan musiqisinin şöhrətini daha yüksəklərə qaldırmış, milli musiqimizin salnaməsinə yeni səhifələr yazmışlar.
   Bakının İslam mədəniyyətinin paytaxtı elan edildiyi 2009-cu ildə isə bu musiqi məbədinin həyatında daha bir əlamətdar hadisə baş verib: - Bugünlərdə Azərbaycan Milli Konservatoriyası Elmi Şurasının qərarı ilə nəşrə başlayan “Konservatoriya” adlı elmi dərginin ilk sayı işıq üzü görüb. On bir fəsildən, otuzdan artıq elmi məqalədən ibarət olan, ildə 6 dəfə dərc olunacaq bu məcmuənin hansı zərurətdən yarandığı, hansı məqsəd və mərama söykəndiyi, hansı oxucu auditoriyası üçün nəzərdə tutulduğu Milli Konservatoriyanın rektoru, xalq artisti, professor Siyavuş Kəriminin “Ön sözü”ndə belə açıqlanıb: “Beşikdən qəbrədək öyrənin” (Həzrəti Məhəmməd Peyğəmbərin kəlamıdır. C.T.) hikməti, “yüz il yaşa, yüz il öyrən” təklifi hamımızı gün-gündən artan informasiya okeanından gərəklini seçməyə, ən vacibi götürməyə sövq edir. Doqquz il öncə yaranmış konservatoriyamız milli özüllü musiqi elmimizi daha da inkişaf etdirmək və sərhədlərini genişləndirmək üçün “Konservatoriya” adlı elmi jurnalın nəşrinə başlayıb. Əlinizdə tutduğunuz jurnalın ilk sayı musiqi elmimizin çağdaş vəziyyətini əks etdirir. Milli musiqimizi, musiqi elmimizi daha da inkişaf etdirmək, bu sahədə təbliğ, təşviq və tədris işlərini daha da yaxşılaşdırmaq, elmi səviyyəni yüksəltmək əsas məqsəddir”.
   İlk öncə qeyd etmək yerinə düşər ki, “Konservatoriya” elmi dərgisi professional musiqişünasların, milli incəsənətimizin nəzəri problemlərinə dərindən bələd olan mütəxəssislərin, muğam və xalq musiqisi tədqiqatçılarının, sənətşünasların, Azərbaycan və Şərq ədəbiyyatının, poeziyasının, alətşünaslığının tarixini araşdıran pedaqoqların birgə əməyinin məhsuludur. Dərginin “Üzeyirbəyşünaslıq”, “Etnomusiqişünaslıq”, “Azərbaycan muğamları və təbabət”, ”Alətşünaslıq”, “İfaçılıq”, “Qaynaqlar” adlı fəsillərində verilmiş məqalələr öz sanbalı və mövzu əhatəliliyi baxımından böyük maraq doğurur. Konkret mövzulara həsr olunmuş bu məqalələr milli musiqi tariximizin araşdırılması sahəsində təkcə kəmiyyət etibarilə deyil, həm də keyfiyyətcə yeni bir mərhələdir desək, yanılmarıq. Bu baxımdan AMK-nın dosenti, sənətşünasliq namizədi Fəttah Xalıqzadənin ”Üzeyir Hacıbəyli və folklor musiqisi” sərlövhəli məqaləsi yuxarıda söylənən fikirləri təsdiqləməkdədir. Məqalədə milli musiqimizin əsasını qoymuş ölməz Üzeyir bəyin misilsiz yaradıcılığının məhz xalq musiqisi, folklor qolu ilə bağlı məqamları araşdırılmış, dahi bəstəkarın bu sahədəki həyat yoluna işıq salınmışdır. Müəllif məqalədə həmçinin belə bir maraqlı fikri də önə çəkir: “Muğam təfəkkürünə xas olan meditasiya tərzi, improvizasiya üslubu, intonasiyalı tematik inkişaf məqamlarının bərqərar olmuş semantikası, formayaradıcı gücü və sair ənənəvi cəhətlər Azərbaycan bəstəkarları üçün (o cümlədən Üzeyir bəy üçün-C.T.) tükənməz bədii qaynaq olmuş və yüzillik sənət təcrübəsində həmin qaynaqdan rəngarəng istifadə üsulları hasil edilmişdir”.
   Topluda sənətşünaslıq namizədi, dosent Ülkər Əliyevanın rus dilində dərc olunmuş “Bütpərəst Qafqaz Albaniyasının musiqi mədəniyyəti” sərlövhəli elmi araşdırması da milli musiqişünaslığımızda az işlənmiş və demək olar ki, daha əhatəli tədqiqatlara ehtiyacı olan mövzulardandır. Məqalədə eramızdan dörd yüz il əvvəlki dövrdən başlayaraq, eramızın dördüncü əsrinə qədər olan geniş bir arealda araşdırılmış “bütpərəst” Qafqaz Albaniyasının musiqi mədəniyyətinin ümumi xarakteristikası milli musiqi tariximizdə ilk dəfə olaraq tədqiqat predmetinə çevrilmişdir. Müəllif tarixi faktlar əsasında bir sıra hipotezlər irəli sürərək, Azərbaycan musiqisində xristian dövrünə qədər Qafqaz Albaniyası musiqi mədəniyyətinin inkişaf perspektivlərinə toxunmuşdur.
   Dərgidəki “Azərbaycan musiqi elmində məqam nəzəriyyəsinin təşəkkülü və təkamülü məsələləri”nə həsr olunmuş məqalə də maraq doğurur. Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq namizədi Cəmilə Həsənovanın qələmə aldığı bu elmi araşdırmada şərq alimlərindən Əbu Nəsr Farabinin, Əbu Əli ibn Sinanın, Əl Kindinin, Səfiəddin Urməvinin, Əbdülbaqi Marağainin, Mirzə bəyin, Mir Möhsün Nəvvabın və digər qüdrətli zəka sahiblərinin məqam nəzəriyyəsinin inkişafındakı xidmətləri qeyd olunur. Müəllif yazır: “Məhz orta əsr Şərq alimlərinin elmi yaradıcılığı məqam nəzəriyyəsinin yaranmasına təkan vermiş, elmi-nəzəri fikrin sonrakı inkişafına işıq saçmış və öz davamını XX əsrdə Azərbaycan musiqi elmində yenu mərhələ açan Üzeyir Hacıbəylinin yaradıcılığında tapmışdır”.
   Məqalə müəllifi belə bir fikri də xüsusilə vurğulayır ki, milli musiqişünaslığımızda məqamla bağlı məsələlərin daha dərindən araşdırılmasına çox böyük ehtiyac vardır. Bu baxımdan klassik və müasir nəzəri sistemlərlə yanaşı, milli lad nəzəriyyəsi konsepsiyasının tədqiqi səmərəli nəticələr verir və böyük əhəmiyyətə malikdir.
   “Konservatoriya”nın “Bəstəkar dünyası” fəslində dərc olunmuş məqalələr sırasında “Qara Qarayev yaradıcılığında bədii məzmun məsələləri” adlı araşdırma da diqqətdən yayınmır. Məqalədə musiqişünaslığın çox ciddi bir sahəsinə-bədii məzmun məsələsinə toxunulur. Musiqişünas Vüsalə Qarakişiyevanın qələmə aldığı bu yazıda dünyaşöhrətli bəstəkarın nəhəng və çoxşaxəli yaradıcılığında bədii məzmun məsələsinin nə dərəcədə əhəmiyyətli bir faktor olduğu önə çəkilir və problemin şərhində dahi sənətkarın öz sözlərinə istinad edilir. Vaxtilə musiqidə forma və məzmun vəhdətindən söz açan Qara Qarayev deyirdi: “Əgər insan öz dövrünün ideyaları və hissləri ilə yaşayırsa və o, bunları ifadə üçün dəqiq forma tapırsa, öz dövrünün həqiqətini, həmçinin təsirli cəhətlərini verə bilirsə - bu novatorluqdur. Biz hamımız ifadə vasitələri axtarırıq, - istər adi olsun, istərsə də qeyri-adi və ya kəskin olsun, fərqi yoxdur, - istədiyimiz məqamda onlar bizə yalnız və yalnız fikrimizi ifadə etmək üçün gərək olur”.
   “Konservatoriya” elmi dərgisinin ilk sayında AMK-nın baş müəllimi İlham Nəcəfovun “Klassik Şərq və Azərbaycan ədəbiyyatında ney aləti”, sənətşünaslıq namizədi Abbasqulu Nəcəfzadənin “Azərbaycan dastanlarında ideofonlu alətlər”, sənətşünaslıq doktoru, professor Səadət Abdullayevanın “Azərbaycan musiqi ifaçılığı təsviri sənətdə”, Bakı Musiqi Akademiyasının dosenti Elnarə Dadaşovanın “Azərbaycan xalq rəqslərinin janr təsnifatı”, Firudin Qurbansoyun ingilis dilində dərc olunmuş “Musiqi ilə (Azərbaycan muğamları) müalicə”, sənətşünas Zakir Mirzəyevin “Azərbaycan qarmonu”, respublikanın xalq artisti Mənsum İbrahimovun “Xanəndə Əlibaba Məmmədovun sənət ömrü”, AMK-nın dosenti Yaqut Şıxseyidin “Kamançanın Azərbaycanın musiqi mədəniyyətinin inkişafında rolu”, İstanbul Dövlət Universitetinin müəllimi Teymur Rzayevin “İslamaqədərki Azərbaycan heykəltəraşlığı”, AMK-nın müəllimi Mahmud Səlahın “Qədim şaman qavalı” və digər məqalələr də maraqla oxunur. Əsasən mütəxəssislər, musiqişünaslar, milli musiqi sahəsinin tədqiqatçıları, tələbələr üçün nəzərdə tutulan “Konservatoriya” elmi dərgisi həm də bütün musiqisevər ziyalılarımızın, jurnalistlərin, KİV nümayəndələrinin stolüstü kitabı da bilər.
   Yeri gəlmişkən qeyd edək ki, elmi dərgi nöqsan və qüsurlardan da xali deyildir. Topluda getmiş qrammatik səhvlər, çoxsaylı korrektura xətaları, bəzi məqalələrdəki dil və üslub dolaşıqlığı, həmçinin illüstrasiya materiallarının qıtlığı, təqdim olunan aşağı əyarlı, monoxrom (ağ-qara) şəkillər, nəşrin sanbalına xələl gətirib. Əlbəttə, bütün bu deyilənlər dərgiyə çəkilən zəhmətlə müqayisədə “bir çəllək balda bir qaşıq qətran” təsiri bağışlasa da, arzuolunmazdır.
   Çöx güman ki, nəşrin gələcək saylarında qeyd olunan qüsurlar aradan qaldırılacaq, “Konservatoriya” elmi dərgisi oxucularının görüşünə daha oxunaqlı, daha maraqlı və cəlbedici tərtibatda gələcəkdir. Bu yolda dərginin bütün cəfakeşlərinə cansağlığı, yaradıcılıq uğurları, uca zirvələr arzulayırıq.  

   Cəlal TAĞIYEV