Tədbirdə özəl TV-lərin mahnı janrını bərbad hala saldığı da vurğulandı
   
   Bugünlərdə Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin növbəti iclası keçirilib.
   İclası giriş sözü ilə açan ittifaqın sədri Firəngiz Əlizadə il ərzində keçirilən və ölkəmizin musiqi həyatı üçün əhəmiyyət kəsb edən tədbirləri görüş iştirakçılarının diqqətinə çatdırdı: «Keçirdiyimiz tədbirlər barədə məlumatınız var. Onların çoxunda birlikdə işləmişik, buna görə sizə minnətdaram. Bir il ərzində son dərəcə əhəmiyyətli tədbirlərimiz olub. Onlardan ötən ilin avqustunda Bəstəkarlar İttifaqının Naxçıvan bölməsinin yaradılmasının 30 illiyi münasibətilə muxtar respublikaya etdiyimiz səfəri xüsusi vurğulamaq istəyirəm. Artıq Naxçıvan Konservatoriyasında bəstəkarlıq fakültəsi də fəaliyyətə başlayıb.
   Bundan başqa, ittifaqın Şəki bölməsini yaratdıq. Şəkidə hazırda bəstəkar olmasa da, çoxlu musiqişünaslar fəaliyyət göstərir. Bu musiqişünaslar hazırda çalışdıqları musiqi məktəblərində bəstəkarlığa meyl edən uşaqlarla aktiv iş aparırlar.
   Ötən ilin sentyabr ayında Ağcabədi şəhərində Üzeyir Hacıbəylinin adını daşıyan Muğam Mərkəzinin açılışında iştirak etdik. Bu mərkəzin hər şəraiti var, həm yay, həm də qış konsert salonu musiqiçilərin ixtiyarına verilib.
   Ötən il ittifaqımız üçün əhəmiyyətli məqamlardan biri də Gülüstan sarayında «Üzeyir dünyası» layihəsinin təqdimatı idi».
   F.Əlizadə çıxışında ittifaqın ötən bir il ərzində ölkəmizdə və xaricdə musiqi ilə bağlı keçirdiyi beynəlxalq əhəmiyyətli tədbirləri - Qadınların III qurultayında, Almaniyada keçirilən Azərbaycan Mədəniyyəti Günlərində, Həmkarlar İttifaqının dəstəyi ilə təşkil olunan özfəaliyyət ansambllarının respublika müsabiqəsində, 2009-cu ildə Bakının İslam Mədəniyyətinin paytaxtı elan olunması ilə əlaqədar silsilə tədbirlərdə, nəhayət, I Beynəlxalq Muğam Festivalında yaxından iştirak etdiyini vurğuladı.
   Sonra çıxış edən ittifaqın katibi, xalq artisti, professor Aqşin Əlizadə Bəstəkarlar İttifaqının bu il gördüyü işlərin qənaətbəxş olduğunu və bu tədbirlərin həyata keçirilməsində ittifaqın sədri Firəngiz Əlizadənin böyük əmək sərf etdiyini bildirdi. Daha sonra rəhbərlik etdiyi bölmənin fəaliyyətinə toxunan A.Əlizadə ötən müddət ərzində bir çox əsərləri dinlədiyini qeyd etdi: «Doğrudur, əsərlər bəstələnir, amma çox istərdim ki, yeni, dərin mənalı əsərlərə qulaq asım».
   İttifaqın digər katibi, əməkdar incəsənət xadimi Eldar Mansurov mahnı janrı sahəsində mövcud olan problemlərdən danışaraq, onun irəli getdiyini vurğuladı. Amma bununla belə, bu janrın da problemlərini olduğunu diqqətə çatdırdı. Onun fikrincə, özəl telekanallar mahnı janrını bərbad hala salıb. Bəstəkar təklif etdi ki, Mədəniyyət və Turizm Nazirliyinə və Bəstəkarlar İttifaqına vəziyyəti normallaşdırmaq üçün müəyyən səlahiyyətlər verilməlidir.
   Sənətşünaslıq doktoru Zemfira Səfərova çıxışında I Muğam Festivalı çərçivəsində keçirilən Beynəlxalq Simpoziumla bağlı düşüncələrini tədbir iştirakçıları ilə paylaşdı.
   Bəstəkarlar İttifaqının Şuşa bölməsinin sədri, əməkdar incəsənət xadimi Rauf Əliyev rəhbərlik etdiyi bölmənin fəaliyyəti ilə bağlı məlumat verdi. Onların ən vacib problemlərinin fəaliyyət məkanı ilə bağlı olduğunu vurğuladı.
   R.Əliyev hazırda paytaxtda fəaliyyət göstərən Şuşa musiqi məktəbləri ilə tez-tez təmasda olduğunu da bildirdi.
   İclasın sonunda bir daha çıxış edən sədr F.Əlizadə iştirakçılara yaradıcılıq uğurları diləyib, bəstəkarlar və musiqişünasların fəaliyyəti üçün normal şərait yaradılmasının qurumun qarşısında duran ən vacib məsələlərdən olacağını bildirdi.
   
   İltifat Hacıxanoğlu,
   Bəstəkarlar İttifaqının mətbuat xidmətinin rəhbəri