Azərbaycan Bəstəkarlar İttifaqı Azərbaycan Mədəniyyət Fondunun dəstəyi ilə 2009-cu ilin Uşaq İli elan edilməsi və Azərbaycan Bəstəkarlar İttifaqının 75 illiyi ilə əlaqədar olaraq tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Azər Dadaşovun fortepiano əsərlərinin ən yaxşı ifaçısı üzrə müsabiqə elan edir. Müsabiqə Azərbaycanda uşaq, yeniyetmə və gənclər arasında musiqi sənətinə həvəsin artırılması, musiqi zövqünün formalaşması, müasir Azərbaycan bəstəkarlarının uşaqlar üçün yaratdıqları əsərlərin təbliği, fortepiano üzrə təhsil alan şagirdlərin repertuarının yeniləşməsi, xüsusi istedada malik uşaq və gənclərin aşkara çıxarılması məqsədilə keçirilir. Yaşı 18-dən yuxarı olmayan ifaçılar arasında keçiriləcək müsabiqə 3 mərhələdən ibarət olacaq. Yarışda iştirak etmək istəyənlər oktyabr ayınadək Azərbaycan Bəstəkarlar İttifaqına müraciət etməlidirlər. Onu da qeyd edək ki, münsiflər heyəti Bəstəkarlar İttifaqının üzvləri, Bakı Musiqi Akademiyasının professorlarından təşkil ediləcək müsabiqənin qaliblərinə pul mükafatları təqdim ediləcək: I yer - 700 manat və I dərəcəli diplom, II yer - 600 manat və II dərəcəli diplom III yer - 500 manat və III dərəcəli diplom və 2 həvəsləndirici mükafat - hər biri 400 manat olmaqla.
   
   İltifat Hacıxanoğlu