Fuad İbrahimov: «Yeni Filarmoniya» peşəkar orkestr kimi özünü təsdiq edəcək»
   
   İyulun 31-dən avqustun 2-ə kimi “Yeni Filarmoniya” Azərbaycan Gənclər Orkestri, onun yaradıcısı və bədii rəhbəri Fuad İbrahimovun rəhbərliyi altında İtaliyanın Montekatini şəhərində keçiriləcək “Toscana Music” festivalında iştirak edəcək.
   
   Festivalda orkestrimizin ifasında klassiklərin əsərləri səslənəcək: Mendelsonun skripka konserti (solist - gənc skripkaçı Anar İbrahimov), P.P.Çaykovskinin Beşinci simfoniyası və Qara Qarayevin “Don Kixot” simfonik qravüraları.
   «Yeni Filarmoniya» Gənclər Orkestrinin tədbirdə iştirakı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və həmçinin İsveçrənin “Art Mentor Foundation Lucerne” Mədəniyyət Fondunun dəstəyi ilə gerçəkləşəcək.
   İyulun 29-da, saat 19:00-da Azərbaycan Dövlət Filarmoniyasında öncə konsert təqdim olunacaq.
   Qeyd edək ki, konsertə giriş azad olacaq.
   “Yeni Filarmoniya” Gənclər Orkestrinin Fuad İbrahimovun rəhbərliyi altında ilk çıxışı, keçən il “Young Euro Classic Festival” Beynəlxalq Berlin Festivalı çərçivəsində baş tutmuşdu. Fuad İbrahimovla əlaqə saxlayanda o kollektivin yüksək səviyyəli, istedadlı uşaqlardan təşkil olunduğunu vurğuladı. Festivala dəvət olunmaları haqqında isə Fuad müəllim bunları bildirdi:
   «İlk dəfə Berlində keçirilən festivala dəvət alanda çox sevindik. Məncə, biz nəyə qadir olduğumuzu nümayiş etdirə bildik. 10 il əvvəl fəaliyyətə başlayan festival ötən il Berlinin Konsert Haus səhnəsində keçirildi. Həmin səhnədəki çıxışımızdan sonra Mədəniyyət və Turizm Nazirliyinin səylərinə qoşularaq mən də orkestrin imkanlarını artırmaq üçün sponsor axtarışına çıxdım. Noyabr ayında Berlin festivalının təşkilatçıları mənə zəng edib görüşmək istədiklərini bildirdilər. Mən ora getdim, orkestr və planlarımız haqqında danışdım. Bildirdim ki, biz Azərbaycanın regionlarını gəzərək klassik musiqiyə marağı olan istedadlı gəncləri taparaq, bu işə cəlb etmək istəyirik. Onlarla danışıqlarımız bir neçə ay çəkdi. Nəhayət, razılığa gələ bildik. Heyif ki, rayonlara gedə bilmədik, amma Filarmoniyada konsert verəcəyik».
   F.İbrahimovun sözlərinə görə, berlinli dostların dəstəyindən sonra dünya festivalları ilə əlaqə qurmağa başlayıblar. Nəticədə isə İtaliyada keçirilən «Toscana Music» festivalına dəvət alıb.
   «İtaliyadakı festival haqqında bunları deyə bilərəm ki, ora Avropadan olan orkestrlər gələcək. Orkestrlərdən əlavə xor, kvartet, vokal truppaları da olacaq. Biz bu festivalda ilk dəfədir iştirak edirik.
   Əlavə edim ki, təxminən 20 min avro dəyərində olan musiqi alətləri üçün texniki avadanlıqlar sponsorlar tərəfindən bizə göndərilib».
   F.İbrahimov onu da qeyd etdi ki, üç gün ərzində festivalda konsertlər gündə iki ayrı-ayrı məkanda keçiriləcək.
   Azərbaycanda və Almaniyada konservatoriyanı bitirən 26 yaşlı Fuad İbrahimov hazırda Almaniyada dirijor ixtisasının 4-cü kursunda təhsil alır.
   Orkestrin rəhbərinin sözlərindən və məşq zamanı gördüklərimizdən məlum oldu ki, «Yeni Filarmoniya» orkestrində çalışanlar arasında 13-14 yaşlı uşaqlar da var. F.İbrahimovun sözlərinə görə, yüksək istedada malik bu uşaqların əksəriyyəti konservatoriyada oxumur. «Yeni Filarmoniya» orkestrinin yaxın gələcəkdə peşəkar səviyyəyə çatacağını da dirijor gizlətmədi: «Mən istəməzdim ki, bu orkestri başqaları ilə müqayisə etsinlər. Amma biz indidən böyük əsərlər üzərində çalışırıq. Yaxın vaxtlarda peşəkar orkestr kimi özümüzü təsdiq edəcəyimizə inanıram».
   Qeyd edək ki, «Yeni Filarmoniya» orkestrinin iştirak edəcəyi “Toscana Music” festivalında Azərbaycandan başqa Almaniyanın, Çexiya, Estoniya, İspaniya, Portuqaliya, Bolqarıstan, İsrail kimi ölkələrin kollektivləri də iştirak edəcək.
   
   Aylin N.