Yusifin tələffüzündə: “Ööölkəəəm”...
Qubadan İsrailə köçərkən Azərbaycan dilində nəşr edilmiş bütün kitablarımı da özümlə götürdüm. Onlar mənim ən yaxın dostum və sirdaşım oldular. Məni həsrətin və qəribliyin əlindən aldılar.
Milliyyətcə yəhudi olan bu adam, bu müğənni o qədər azərbaycanlılaşıb ki, hətta hərdən çaşıb ona İosif deyəndə üz-gözünü turşudur, hər dəfə orijinal bir xitabla («qardaş», «qədeş», «alə», «kətdim» və s.) «mən Yusifəm» deyirdi. Əməlli-başlı “cuhudluğuna” salıb, söhbətimizi idarə etməyə, az qala bizim jurnalistlik səlahiyyətimizi də əlimizdən alıb, sualları da “diktələməyə” çalışırdı. Bəs necə, özün yəhudi olasan, üstəgəl, Xan yeri Qubada doğulasan və dübarə, gedib İsraildə yaşaya-yaşaya azərbaycanlılığını təpədən-dırnağa saxlayasan, Azərbaycan mədəniyyətini təbliğ edib, xalq mahnılarını iliyinəcən sevib-sevdirəsən, “ay aman-aman», «ey dad-ey dad” kimi kalorital avaz materialllarını çoxdilli-çoxmədəniyyətliliyə məhkum olan o ölkənin vokal-instrumental atributlarına çevirib maza-mata mindirəsən - beləsinin hər şeyə haqqı çatmazmı?!
Məsələn?..
Məsələ belədi ki, ölkələr də insanlar kimi müxtəlif xasiyyətli, müxtəlif tər-təbiətli, mizan-düzənli olur. Yəni, bəyəm biz İsraili, o «üçbucaqadlı» (cuhud, yəhudi, yevrey) milləti tanımırıqmı?
Yusif özü də Qubada qonaq olduğundan, müsahibə üçün münasib yer axtarır, yol boyu atüstü söhbətlər edirdik. Bu fraqmental dialoqlarımızın birində dedik «Yusif, iki sevda çəkənlərin cəfası var”, bəs iki vətəni olanların nəyi var? Fikirləşmədən dedi “səfası var!” Sonra başladı bunu xırdalamağa. Dedi, mən İsraildə doğulsaydım, yəni Azərbaycanı görməmiş olsaydım, elə bilərdim, Vətən elə belə olur. Bundan özgə heç bir xasiyyət, qayda, ictimai münasibət, insanlıq, hal-əhval olmur, adam yalnız belə, bu cür, bu sayaq ola bilər. Amma bu Azərbaycan ki mənim qismətimə Vətən düşüb, hamı üçün vahid olan Allahıma çox şükr edirəm. Hamı bilir ki, İsrail çoxdilli ölkədir, dünyanın müxtəlif ölkələrində yaşamağa məhkum olmuş o millət müxtəlif dillər öyrənməli, mənimsəməli olub. Azərbaycan isə mənim çoxxalqlı çoxuşaqlı ana vətənimdir. Mən İsraildə “Ölkəm” romansını oxuyarkən “ö” və “ə” hərflərini bir az da artırır, Azərbaycanda yaşayan xalqların sayı qədər uzadıram. Həmişə də belə bir duyğu içində oluram ki, o hərflərdən biri də - özüməm, mənsub olduğum yəhudilərdir - heç vaxt heç bir məqamda Azərbaycan xalqından bir inciklik görməyən yəhudi camaatıdır.
Görüşümüzün əvvəlində «dilimizi az-çox bilən» bir həmsöhbətə bab strukturda hazırladığımız suallarımızın indi artıq mürəkkəb çıxacağından ehtiyatlanmadan başladıq müsahibəyə.
- Yusif, neçənci ildə işıq üzü görmüsüz?
- 29 mart 1958-ci ildə işıqlı dünyaya göz açmışam. Orta məktəbi 1975-ci ildə - indi bu saat danışdığımız dildə bitirmişəm. Məktəbdə dərs oxuya-oxuya Quba Mədəniyyət Evində mahnı, muğam oxumuşam, özfəaliyyət konsertlərim olub, region və respublika miqyaslı konsertlərdə iştirak etmişəm.
- Azərbaycanın xətrinə dəyməmək üçün, deyəsən, ikinci vətənə köçməyinizdən danışmaq istəmirsiz?..
- Niyə ki, faktdan qaçmaq haqdan qaçmaq kimi bir şeydir. 1975-ci ildə İsrailə köçdük. O vaxtlar bir “köçmə” dəbi var idi və hardansa mənim valideynlərimə əyan olubmuş ki, guya bir azdan Azərbaycanda vəziyyət çox da yaxşı olmayacaq.
- Niyə ki, onlar düz fikirləşirmişlər.
- Əlbəttə. Amma «bir azdan» yox. Qarabağ məsələsi düz 13 ildən sonra başladı.
- Heç də təəccüblənməz və qətiyyən incimərik ki, Siz İsraili birinci vətən bilirsiz...
- Yox, bizim ailə Azərbaycanı Vətən sayır. Mənim atam, anam, babam, nənəm - hamısı burada doğulub. Biz Azərbaycanın çörəyini yemişik. Şəxsən mən qətiyyən köçmək istəmirdim. Başqa mədəniyyətə uyğunlaşmağın çətin olduğunu bilirdim. Mən Azərbaycan musiqisini elə sevmişəm ki, o sayaq heç ata-ana, qız-mız da sevmək olmaz! Neçə illərdi orada burdan apardığımız kasetlər, plastinkalar hesabına yaşayırıq, təsəlli tapırıq. Bu saat özümün 7 diskim var, onun da çoxu azəri musiqiləridir.
- Belə azərbaycançılıq üstündə Sizi İsraildə qəribçiliyə salmırlar ki?
- Belə nüanslar İsrail xalqına, yəhudi camaatına çox yaxın, çox tanışdır; onların hərəsi bir dövlətdən gəlib. Buna görə də heç nəyə, heç kimə «dəvədə buynuz» kimi baxmırlar. Ola bilsin, təzə-təzə bir balaca təəccüblənən olur, o da ki, ürəklərində. Biruzə vermirlər. İsraildə hər kəsi sevər, hər dildə danışana cavab verərlər.
- Bəs bu dili necə yadda saxlayıbsız?
- Bu, Sizin üçün çox yaxşı, mənimçünsə çox pis sualdı. Mən bu dilə, bu torpağa Səmədin şairliyə vurulub Vurğun olduğu kimi vurğunam! Bu dil mənim uşaqlıq qanıma elə hopub, böyüklük beynimdə elə həkk olub ki, yüz dil öyrənsəm də, bunun bir kəlməsini yanılda bilməz! Yəhudi dilini İsraildə öyrənmişəm. Orada 3 ləhcə var: dağ yəhudilərinin dili, İsrailin öz dili və Avropa yəhudilərinin dili. Bu dillər çox fərqlidir.
- Sizin xalqda Adolf Hitlerə olan nifrət alman xalqına da yönəlikdir, ya?
- Bəli, əvvəllər İsrail xalqında alman xalqına nifrət var idi. Bir vaxtlar Almaniyada düzəldilən maşına da pis baxırdılar. İndi vəziyyət dəyişib. İndi almanlar bizə, biz də onlara qarşı dəyişmişik. Axı onlar çoxdandır etiraf edirlər ki, «biz dədə-babalarımızın başqa millətlərə qarşı vəhşiliklərindən utanırıq».
- Elə bir Azərbaycan mahnısı olubmu ki, gözünüzdən yaş gətirsin?
- Olub. «Küçələrə su səpmişəm»... Nə qədər ki Azərbaycanda yaşayırdım, bu mahnını qızlar üçün oxuyurdum. Orada isə bu mahnını ürəyim üçün, canım-ciyərim üçün oxuyur, gözlərimlə ağlayıram... Mənim özümün də şeir yazmaq qabiliyyətim var.
- Hansı dildə yazırsız?
- Azərbaycan dilində. Düzdü, az yazıram, çap etdirmirəm, lakin yazıram.
- Bəs Azərbaycan dilində yazdığınız şeirləri, oxuduğunuz mahnıları kim başa düşür?
- Buradan gedən yəhudilər. Onlar Azərbaycan dilini, Azərbaycan həyatını unutmayıblar və çox sevirlər.
- Siz, yəqin, Ü.Hacıbəyovu, Q.Qarayevi çox sevirsiz, bəs yəhudi xalqının neçə faizi onları tanıyır?
- Ü.Hacıbəyovun “Arşın mal alan”, “O olmasın, bu olsun” filmlərini hamı görüb - həm burada, həm orada yaşayanlar. Orada bu filmlərin kasetləri, diskləri çox geniş yayılıb. Mən deyərdim ki, bu filmlər Azərbaycanın pasportudur. Q.Qarayevin valsları, F.Əmirovun simfonik muğamları İsraildə gündəlik zövq sədalarıdır.
- Azərabaycan xalqında hansı elementlər var ki, yəhudi xalqı onu qəbul edir?
- Azərbaycan xalqının zəngin mədəniyyəti, musiqisi, poeziyasındakı fenomenal nümunələr orada çox sevilir. Azərbaycanın çox böyük dahilərini tanıyırlar və əlbəttə, belə millətin böyük hörməti olar - başqa millətlər arasında.
- Müxtəlif ölkələrdən gəlib toplaşmış xalqınızın, milllətinizin içərisində Azərbaycan neçənci yerdə görünür?
- Bunu dəqiq demək çətindir. Hər xalqın öz xüsusiyyətləri var. Məsələn, Azərbaycan milləti çox qonaqpərvərdi və özümüzlə apardığımız bu keyfiyyət bizi başqa ölkələrdən gələnlərlə müqayisədə üstün edib.
- Yəhudilər öz intellektinə görə, başqa xalq nümayəndələrilə dost olmurlar. Bu qənaət doğrudurmu və normaldırmı?
- Bəli, yəhudi milləti çox ağıllı, özünəməxsus, uzaqgörəndi. Amma onların çoxlu azəri dostları var. Mənim də dostlarımın çoxu azəridi. Hər şey insanın qanacağından, qabiliyyətindən, etibarından və xüsusən dünyagörüşündən asılıdır. Mənim bir azərbaycanlı dostum var - Amerikada yaşayır. Mən ora gedəndə yəhudi dostlarımdan əvvəl, zəngləşib onunla görüşürəm.
- Bunu nə ilə sübut edərsiz? Mən Sizin yerinizdə olsaydım, deyərdim «atam canı düz deyirəm», bəs Siz nəyə and içərdiz?
- Vijdanım haqqı! Dostun, dostluğun özülü millətdən çox, fərdin özündən asılıdır.
- Bu saat hansı mahnını oxumaq istərdiniz?
- Xalq mahnılarından - “Azərbaycan maralı”, “Küçələrə su səpmişəm”, “Girdim yarın bağçasına”.
- Axırıncını oxuyarsınızmı?
- Oxuyaram. Amma bir şərtlə; sonra deməyəsiz axarıncı da olsun (gülür). Çünki çox tələsirəm; cəmisi on günlüyə gəlmişəm, amma on min işim var.
(Razılaşırıq. Oxuyur. Necə oxuyur, ilahi!)
- Muğam...
- Yox, muğam zarafat iş deyil. Bunun üçün gərək əməlli-başlı qol çırmayıb hazırlaşasan. Muğamı o qədər sevirəm ki, onu atüstü oxumaram. Bütün yəhudilər muğamı çox sevirlər.
- Yəhudi mahnıları gözəldi, yoxsa Azərbaycan?
- Bolluğa qalanda Azərbaycan musiqisi, mahnıları birincidir, zəngindir...
Söhbətləşdi: Kəmalə Cəbrayıl