Mədəniyyət və Turizm Nazirliyi və Dünya Azərbaycanlıları İctimai Birliyinin birgə təşkilatçılığı ilə ilk dəfə olaraq Bakıda Azərbaycanın dünya-şöhrətli balaban ifaçısı Əlixan Səmədovun solo-konserti keçiriləcək. Sevimli ifaçımız Əlixan Səmədov azərbaycanlı musiqisevərlərin görüşünə noyabrın 22-də Heydər Əlyev Sarayının səhnəsində gələcək. Artıq günü və məkanı da dəqiqləşən konsert proqramında Əlixan Səmədov üç saata yaxın səhnədə möhtəşəm ifası ilə tamaşaçıları sevindirəcək. Xüsusi ilə onu vurğulayaq ki, Əlixan Səmədovun Bakıdakı konserti “Bakı - İslam Mədəniyyətinin Paytaxtı” ili çərçivəsində təşkil olunacaq. Ə.Səmədov Bakıdakı ilk konsertində maraqlı proqramla çıxış edəcək, ancaq o səhnədə tək olmayacaq. Belə ki, Əlixan bəylə birgə səhnədə daha bir neçə ifaçı olacaq. Hazırda cidd-cəhdlə hazırlanan konsertin proqramı gələn həftə daha dəqiq məlum olacaq. Əlixan Səmədovun konsertinin biletlərinin qiyməti də müəyyənləşdirilir. Dünyanın 45 ölkəsində konsertləri ilə insanları məftun edən Ə.Səmədov, ilk dəfə olaraq Azərbaycanda konsert verəcək. Bu konsertin unudulmaz olacağına da şəkk-şübhə belə yoxdur.
   Əlixan Səmədov 1993-cü ildən etibarən Türkiyəyə yerləşib və qısa müddətdə balabanda peşəkar ifası ilə dünyaya səs salıb. Musiqiçinin ilk albomu da “Balaban” adı altında hazırlanmışdı. Bu günə kimi bir çox mükafatlara layiq görülən Ə.Səmədov Azərbaycanın milli musiqi aləti olan balabanı musiqi və sənət aləmində dünyaya çatdırıb. Azərbaycanlı Əlixan Səmədov 1993-cü ildə Xalq Rəqsləri yarışmasının “Ən yaxşı musiqiçi”, 1996-cı ildə “Ən yaxşı musiqi və ən yaxşı musiqiçi”, 1997-ci ildə “Milliyyət” qəzetinin yarışması xüsusi mükafatı, 2005-ci ildə “Musiqi çalışmalarından dolayı”, 2007-ci ildə akademik Yusif Məmmədəliyev adına medal ilə təltif olunub. Bundan əlavə Ə.Səmədov bu illər ərzində Türkiyə ilə yanaşı, Almaniya, Fransa, Yaponiya, İspaniya, Sinqapur, Makedoniya, Kosovo, Rumıniya, Yunanıstan, Bolqarıstan kimi ölkələrdə konsert proqramları ilə çıxış edib.