“Bakı-İslam Mədəniyyətinin Paytaxtı-2009” mədəniyyət ili çərçivəsində keçirilən silsilə tədbirlər sırasına biri də əlavə olundu. Belə ki, oktyabrın 21-dən başlayaraq Bakı Beynəlxalq Caz Festivalına start verildi. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında təntənəli açılış mərasimi keçirilən tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev son illər Azərbaycanda caz musiqisinin təbliği və inkişafı baxımından çox işlər görüldüyünü dedi: «Dünyanın ən tanınmış cazmenləri Bakıda konsert proqramları ilə çıxış etmişlər. Bu gün də paytaxtımız ənənəsinə sadiq qalaraq belə möhtəşəm bir tədbirə ev sahibliyi edir. Bakı Beynəlxalq Caz Festivalı gələn ildən dünyanın ən məşhur caz festivalı olan Montrö Festivalının filialı kimi keçiriləcək. Artıq bununla bağlı dünyanın ən böyük caz festivalı olan Montrö Festivalının təşkilatçıları ilə danışılıb. Bu festivalın beynəlxalq əhəmiyyəti böyüyür. Gələn il Bakıda daha möhtəşəm caz festivalı keçiriləcək. Beynəlxalq Caz Festivalının gələn ildən etibarən Montrö Festivalının filialı kimi keçirilməsinin böyük marağa səbəb olacağına əminəm».
   Həftə çərçivəsində paytaxtımızın sakinləri və qonaqları Azərbaycan, ABŞ, Avstriya, İsrail, Portuqaliya, Hindistan və digər ölkələrin tanınmış caz qruplarının geniş konsert proqramlarını dinləyəcəklər. Bakı Caz Mərkəzində, Aktyorlar evində, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında, Beynəlxalq Muğam Mərkəzində təşkil ediləcək bir-birindən maraqlı konsertlərdə, məşhur “Savab”, “Richard BONA”, “Branford MARSALIS”, “Jazzinho”, “Hard Jazz Knights” və digər caz qruplarının ifaları musiqisevərlər üçün əsl hədiyyədir. Cazsevərlərə Şərq və Qərb ənənələrini təcəssüm etdirən musiqi nömrələri təqdim olunacaq. Gecədə Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin ifasında Azərbaycan və xarici bəstəkarların əsərlərindən parçalar səsləndirildi. Orkestri əməkdar incəsənət xadimi, dirijor Fəxrəddin Kərimov idarə edirdi.
   Onu da qeyd edək ki, festivala okytabrın 27-də Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində ABŞ-ın “Branford MARSALIS” qrupunun ifası ilə yekun vurulacaq.