Böyük bəstəkar Sergey Prokofyev deyərmiş ki, insan anadan zövqlə doğulmur. Onun zövqünü tərbiyə etmək, ona zövq vərdişləri aşılamaq lazımdır. İnsan hər gün dişlərini fırçalayıb təmizlədiyi kimi, öz zövqünü də artıq «qida qalıqları»ndan təmizləməyi bacarmalıdır. Mərhum maestro Mstislav Rostropoviç şəxsən tanımaq şərəfinə nail olduğu bəstəkarın bu fikrini təxminən on il əvvəl Bakıda verdiyi ustad-dərslərinin birində misal çəkmişdi.
   Dekabrın 8-dən 14-dək paytaxtımızda keçirilmiş III Beynəlxalq Mstislav Rostropoviç Festivalı məhz zövqü fırçalayıb təmizləyən sənət bayramı kimi tarixiləşdi.
   Tam bir həftə Bakının muüsiqi qəlbi elitar musiqinin sədaları ilə döyündü. Tam bir həftə klassik musiqi xiridarları elə bir mənəvi qida aldılar ki, belə bir «qidalanma»dan sonra iki-üç həftə teleradio efirindən süzülən çox melodiyaları «həzm etmək» çətinləşir.
   Tam bir həftə ən yüksək sənət meyarlarına cavab verən musiqi və musiqiçilər ilə təmas bu çətin sənət yoluna qədəm qoyan gənc ifaçıların öz seçiminə inamını artırdı.
   Ömrünün ən qayğısız çağlarının keçdiyi Bakıda da bir musiqi festivalını keçirməyi arzulayan Mstislav Rostropoviçin bu istəyinin artıq ənənəyə çevrildiyini əminliklə söyləmək olar. İldən-ilə həm müddəti uzanan, həm də yalnız tək-tək ifaçıların deyil, böyük kollektivlərin bu festivala qoşulması Bakı festivalının sanbal və dəyərinin artdığını, Azərbaycan paytaxtının dünyanın klassik müsiqi paytaxtlarından birinə çevrilməkdə olduğunu göstərir.
   Budəfəki festival nə ilə əlamətdar oldu? Ən azından, iki böyük və məşhur kollektiv - Yuri Başmetin rəhbərlik etdiyi «Yeni Rusiya» Dövlət Simfonik Orkestri və İngiltərə Kamera Orkestri («Englisn Chamber Orchestra») Bakıda iki konsert verdi.
   Pinkas Sukerman kimi məşhur skripkaçı-dirijorun, Amanda Forsayt (violonçel), nüfuzlu «Qremmi» musiqi mükafatı laureatı Maksim Vengerov kimi istedadlı dirijorun, Filipp Kopaçevski (foptepiano), Rey Çen (skripka) kimi dünya miqyasında gənc istedad kimi bəyənilən ifaçıların Bakıya gəlişi ikirəfəli əlamətdardır. Əgər biz Mstislav Rostropoviç festivalının vasitəsilə qastrol proqramları az qala bir-iki il əvvəldən tutulan görkəmli musiqiçilərin canlı ifasını öz doğma şəhərimizdə dinləmək şansı qazanırıqsa, digər tərəfdən, özümüzü onlara tanıdırıq. Bəlkə də indiyədək Bakı deyəndə neft, Qarabağ, bir də Mstislav Leopoldoviçlə bağlı dumanlı təsəvvürü olan belə məşhur insanlarda artıq Azərbaycan ölkəsi və insanları barədə gerçək təəssürat formalaşır.
   III Beynəlxalq Mstislav Rostropoviç festivalının məhz dekabr ayının birinci yarısında keçirilməsi də təsadüfi deyil. Böyük musiqiçini yenidən Azərbaycana qaytaran, ömrünün ahıllıq çağında onu uşaqlığının şəhərinə yenidən qırılmaz tellərlə bağlayan ümummilli liderimiz Heydər Əliyev olub. Mərhum öndərin xatirəsinin anım günündə ona ithaf olunmuş tədbirlərin sırasında belə bir festival konsertlərinin yer alması çox düşünülmüş və uzaqgörən addımdır.
   Festivalın direktoru, böyük musiqiçinin qızı Olqa Rostropoviç Bakıda hər hansı tədbirin keçirilməsindən çəkinmədiyini hələ festivaldan öncə də demişdi: «Burada işləmək rahatdır. İnsanlar, xüsusilə də Heydər Əliyev Fondunun rəhbərliyi, Mədəniyyət və Turizm Nazirliyinin səlahiyyət sahibləri improvizəyə, yeniliyə açıq insanlardır. Əminəm ki, ümumi işin xeyrinə söylənilən hər bir fikir, ideya dəstəklənəcək».
   Festival başa çatdı. Ondan bizə qalan elitar musiqiyə köklənən tam bir həftənin aylarla unudulmayacaq təəssüratı, böyük musiqi ilə nəfəs-nəfəsə təmas qaldı. Olqa Leopoldovnanın vədinə görə, gələn ilki M.Rostropoviç festivalı builkindən də sanballı və maraqlı olacaq.
   
   P.S. Festival latın dilində bayram deməkdir. Biz də istəyirik ki, zövqümüzü cilalayan belə bayramlar çox olsun!
   
   Gülcahan MİRMƏMMƏD