Azərbaycan xalq musiqisini ifa edən İranın "Araz" ansamblı Avropanın müxtəlif ölkələrində konsert proqramı ilə çıxış edəcək. Vokalist Rəhim Şəhriyarinin başçılığı ilə qrup qastrol səfərinə martın 16-da İstanbuldan başlayacaq.
   May ayına qədər davam edəcək səfərdə ansambl Köln, Paris, Stokholm və digər şəhərlərdə konsertlər verəcək. Konsert proqramında Azərbaycanın məşhur folklor musiqilərindən ibarət "Kim bilir" albomundan mahnılar səslənəcək.
   Konsertdə Rəhim Şəhriyarini Oqtay Sədi (tar), Afşin Ələvi (kamança), Həmzə Şəhriyari (klarnet), Peyman Həmidi (fortepiano), Məhəmməd - Hüseyn Afşari (nağara) müşayiət edəcək.
   Məlumat üçün bildirək ki, Rəhim Şəhriyari İranda Azərbaycan musiqi sənətinin tanınmış nümayəndəsi hesab olunur. O, Azərbaycan xalq musiqisindən, rəqslərindən ibarət konsertlər verib.