Toğrul Adiloğlu: «Əsla sözlərlə ifadə edə bilməyəcəyimiz gücdür musiqi»
   
   Musiqi dünyəvi, bəşəri sərvətdir. O hamının anlaya biləcəyi bir dil, hamının ağlaya biləcəyi, sevinə, gülə, paylaşa biləcəyi bir şeydir. O, paylaşmaq üçündür. Musiqi millətlərin, irqlərin, dinlərin, sözlərin olmadığı bir dünyadır. Yaşadığımız dünyasa cılızdır. Burada ən müxtəlif siyahılar, ayrıntılar var.
   
   «Azərbaycanı ölkədən kənarda təmsil etmək...» İndilikdə bunu hər kəsin dilindən eşitmək mümkündür. Xaricdə toya çağırılan müğənnilər bir tərəfə, hətta ticarət üçün ölkəni tərk edənlər də bu ifadəni yeri gəldi-gəlmədi işlədirlər. Bu təmsilçilik məsələsi Krılovun qələminə layiq bir təmsil mövzusudurlar. Oysa... ölkəni təmsil etmək məsul məsələdir. İmzaların içinə imza atmaq, isimlərin içinə isim yazmaq kimi... Bunu nüfuzlu konsertlərin, festivalların buklet və proqramlarında əcnəbi isimlərin arasında azəri ad, soyadını görəndə hiss edirsən. Amma həmişə musiqiyə təslim olursan. Baxa, Bethovenə, Şopenə, Raxmaninova, Motsarta...
   Əliyevlər ailəsi (Adiloğlular) adlarını, ölkənin adını nüfuzlu konsert, tədbir və müsabiqələrdə hallandırırlar. Bu ailə akademik musiqi ilə məşğuldur və doğrudan-doğruya ölkəni təmsil edir - nüfuzlu musiqi törənlərində.
   Hacıbaba Adiloğlu pianoçudur. 1964-cü ildə Bakıda doğulub. 1971-ci ildə Bülbül adına Orta Musiqi Məktəbini bitirib. İlk böyük uğurunu 16 yaşında Azərbaycanda keçirilən piano müsabiqəsinin qalibi olmaqla qazanıb. Bu uğurdan sonra Konservatoriyanın piano şöbəsinə qəbul olunan Hacıbaba, 1985-ci ildə Qafqaz üzrə Beynəlxalq piano müsabiqəsində birinci olur. Moskva, Sankt-Peterburq, Kiyev kimi böyük şəhərlərdə müxtəlif vaxtlarda konsertlər verdi. Həmçinin Moskva Dövlət Konservatoriyasında professor Başkirov, Naumov, Milşteyn, Vlansenko kimi məşhur sənətçilərin kursunda təcrübə keçib. Azərbaycanda isə Rauf Atakişiyevin sinfində təhsilini davam etdirib. 1995-ci ildə Ankara Dövlət Opera və Balet Teatrında xor repititoru kimi çalışıb. 2003-cü ilə kimi Türkiyənin dövlət sənətçisi Suna Koratla işləyib. Bilkent Simfoniya Orkestri və Çukurova Dövlət Simfonik Orkestri ilə «Heyvanlar karnavalı», Anton Rekemberin dirijorluğu ilə «Raxmaninov-piano konserti» kimi konsertlər verib. Bu illərə həmçinin müxtəlif nüfuzlu tədbirlər və solo-konsertlər də aiddir. Hazırda Bilkənt Universitetində piano ifaçılığı fənnini tədris edir. Hacıbaba müəllim həmçinin Akcan Musiqi Balet və Rəqs Tədris Mərkəzinin yaradıcılarından və müəllimlərindəndir. Bu mərkəzin özəlliyi isə peşəkar həvəskar, yaşlı, azyaşlı demədən insanlara musiqi və rəqsin sirlərini öyrətməkdir. Bu məktəbdə qardaşı ilə çiyin-çiyinə ailənin daha bir üzvü, pianoçu Səadət Paşaoğlu da çalışır.
   Ən son uğur isə 18 yaşlı Toğrulundur. Toğrul Hacıbaba oğlu (Adiloğlu) Ankara Dövlət Konservatoriyasını (Hacıtəpə Universiteti) bitirib. Ötən ilin mayında Türkiyənin Pera gözəl sənətlər liseyinin keçirdiyi Pera IV Beynəlxalq Piano Festivalında 17-21 yaşlılar arasında Azərbaycanı təmsil edərək 3-cü yeri qazanıb. İfasını internet saytlarından birində (youtube.com) dinlədim. Elə söhbətimizdə də vasitəçi internet oldu:
   - Toğrul, pianoçu ailəsində doğulmusunuz. Bu ixtisas seçiminizi istər-istəməz müəyyən edib, yoxsa bu işdə könüllüydünüz?
   - Atam ünlü pianoçudur. Mən də uşaqlıqdan piano səslərini cox sevdim ve pianoçu olmaq qərarına gəldim.
   - İndiyədək qazandığınız və qazanmaq istədiyiniz ən böyük uğur hansıdır?
   - 2009-cu ildə İstanbulda təşkil olunan pianoçuların beynəlxalq müsabiqəsində 3-cü yeri qazandım və unudulmaz məşhur pianoçu Tamara Poddubnayadan Amerikada oxuma təklifini aldım. Bu, mənim həyatımda ən unudulmaz günüm idi.
   - Festivallarda iştirak etmisiniz və müxtəlif millətlərdən olan auditoriya üçün böyük konsert salonlarında ifa etmisiniz. Azərbaycan klassikasında kimlərin əsərlərini ifa edirsiniz?
   - Repertuarımda dahi Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun əsərləri yer almaqdadır və mən onları böyük iftixarla ifa edirəm.
   - Musiqi bir dildir, pianoçu atanızla bu dildə anlaşa bilirsinizmi?
   - Atam Bakıda keçirilən VII Zaqafqaziya piano yarışmasında birincilik qazandı.O mənə uşaqlıqdan musiqi ülvidir, musiqi əlyetməzdir kimi fikir aşılayıb.
   Əsla sözlərlə ifadə edə bilməyəcəyimiz bir gücdür musiqi. Musiqi sevgidir, barışdır, sülhdür.Bu sözlər mənim ilk notlarım olmuşdu. Amma o demək deyil ki, mən atamla hər zaman barış içərisindəyəm. Atam eyni zamanda mənim müəllimimdir ve bəzi hallarda atamla ehtiraslı mübahisələr yaşayırıq.
   - Pera Piano Festivalının qaliblərindən oldunuz. Eşitdiyimiz qədərilə yenə hansısa müsabiqəyə hazırlaşırsınız. Toğrul, bir az da bu barədə məlumat verin.
   - Bu il Almaniyada təşkil olan Raxmaninov yarışmasının birinciliyini CD dinləməsi nəticəsində qazandım ve aprel ayında 2-ci tura keçdim. Aprel ayında öz vətənim Azərbaycanı təmsil edəcəyəm.
   - Dünya kinosunda piano ifaçıları haqqında bir neçə məşhur filmlər var. Sayçoxluğu ilə adamı təəccübləndirirlər. Sizcə, bu musiqi aləti niyə bunca məşhurdur?
   - Bilirsinizmi, mən sizin sualınıza dahi Polşa bəstəkarı Frederik Şopenin sözlərilə cavab vermək istəyirəm. Bir gün Şopenə musiqi tənqidçilərindən biri sual verir: «Niyə simfonik musiqi yox, piano üçün bəstələyirsiniz?». Şopen ona belə cavab verir: «Çünki piano orkestrdən daha zəngindir».
   - Toğrul, sevdiyiniz bəstəkarlar... Arzularınız...
   - Əslində bu mənim üçün çox çətin bir sualdır. Çünki çaldığım musiqi beynəlmiləldir. Və mənim üçün əsərlərini çaldığım bütün bəstəkarlar dəyərlidir. Amma qəlbimin içində bir bəstəkar var ki, mən onun musiqisini Azərbaycan Dövlət Filarmoniyasında səsləndirmək istəyirəm. Bu, Raxmaninovun 3-cü piano konsertidir. Bir gün mən də atam kimi Azərbaycan dirijorlarından birinin yoldaşlığı ilə səhnədən vətənimə baş əymək istəyirəm. Bu, mənim ən böyük arzumdur...
   
   Aliyə