Bir anlıq gözlərinizi yumun və təsəvvür edin ki, səhər yuxudan oyanar-oyanmaz başqa bir aləmdə, musiqilərin danışdığı dünyadasınız. Təxminən məndə belə oldu. Rostropoviç adına 21 saylı Musiqi Məktəbindən reportaj hazırlamaq tapşırığını xatırlayıb səhər deyilən məkana tələsdim. Doğrusu, mövzu məktəblə bağlı olduğundan yazının cansıxıcı, metodik alınacağından qorxurdum. Amma... ayağımı musiqi məktəbinin qapısından içəri qoymaqla bütün təəssüratlarım dəyişdi. Deyirlər, incəsənətin olduğu hər bir yer sənət məbədidir. Məktəbin qarşısında dayanarkən otaqlardan gələn həzin musiqinin səsi bu fikrin həqiqət olduğunu bir daha təsdiqlədi.
Bura gəlməmişdən öncə mənə ciddi şəkildə 21 saylı Musiqi Məktəbinin direktoru Rafiq Əzizovun dəqiq adam olduğunu bildirib saat 12 tamamda orada olmağımı tapşırmışdılar. Bir az tez gəldiyimdən məktəblə ilk tanışlığa başladım.
Dəhlizdə bir neçə valideyn uşaqlarını gözləyirdilər. O an nə yaxşı ki, musiqiyə dəyər verən insanlarımız var deyib içimdə dərin bir fərəh hissi keçirdim. Məndən bir qədər sol tərəfdəki otaqdan mahnı səsi gəlirdi:
Kaş, bu görüş olmayaydı,
Saralıban solmayaydı...
Pianonun dillərindən qopan notların ahənginə düşmək və musiqi dünyasının müvəqqəti sakini kimi onları kənardan izləmək...bir az uzaqdan skripkanın səsi gəlirdi. Bura tamam başqa aləm idi. Bu aləmi yalnız ruhunla duyub hiss edə bilərdin.
Saat 12 tamam idi. Rostropoviç adına 21 saylı Musiqi Məktəbinin direktoru Rafiq Əzizovla görüşmək üçün pilləkənlərlə 2-ci mərtəbəyə qalxdım. Yeri gəlmişkən, Prezident təqaüdçüləri olan şagirdlərin divarda lövhəyə vurulmuş şəkilləri də gözlərimdən yayınmadı.
Adətən, direktorlar ciddi, zəhmli, təbəssümə xəsislik edən insan tipajında olurlar. Lakin Rafiq müəllimlə söhbət edərkən qayğıkeş, səmimi, gülərüz direktorların da var olduğunun şahidi oldum. Söhbətimiz zamanı Rafiq Əzizov 21 saylı Musiqi Məktəbinin nailiyyətlərindən, bir çox uğurlarından, istedadlı şagirdlərindən danışdı: “Bizim məktəbin şagirdləri beynəlxalq müsabiqələrdə laureat olmuş, diplomlar almışlar. Onlardan bir çoxunun adını çəkə bilərəm. Məktəbimizin şagirdi olmuş Elmar Şirinov Moskvada konservatoriyanı bitirəndən sonra Fransada Paris Qrand Opera Teatrının solisti olub. Məktəbimizn skripka sinfini bitirmiş Səbinə Rəqçeyeva yeganə azərbaycanlı musiqiçisidir ki, Amerikanın Culyart məktəbində oxuyub. Hazırda məktəbimizin 9-cu sinfində oxuyan olduqca istedadlı İsrafil Rəsulov Bolqarıstanda keçirilən nəfəs alətləri müsabiqəsində iştirak etmiş və Qran-Pri diplomu almışdı. O vaxt bizim bu müsabiqəyə qatılmaq üçün vəsaitimiz yox idi. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bizə böyük köməklik göstərdi. Buna görə ona minnətdarıq.
15 il bundan öncə xalq artisti Rauf Babayevi bura dəvət etdim. Təşəbbüs göstərib məktəbdən ən yaxşı şagirdlərimizi seçib “Bəri bax” ansamblını yaratdıq. Bu ansamblın da bir çox nailiyyətləri olmuşdu. Belarusda beynəlxalq müsabiqədə Qran-Pri aldılar”.
21 saylı Musiqi Məktəbi iki il dalbadal Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən ən fəal İncəsənət və Musiqi məktəbi diplomuyla təltif olunub.
Rafiq müəllimlə maraqlı söhbətdən sonra dərs prosesi ilə tanış oldum. Bertold Averbax deyib ki, musiqi dünyada tərcüməyə ehtiyacı olmayan yeganə dildir, hansı ki, onda ruhlar, qəlblər danışır. Elə burada da otaqlardan gələn müxtəlif musiqiləri anlamaq üçün mütləq mütəxəssis olmaq gərək deyildi. Burada ruhlar danışırdı. Qapını açıb dərs gedən otaqlardan birinə daxil olduq. Rafiq müəllim məni məktəbin müəllimləri Fəridə Əsgərova və Fəridə Qarayeva ilə tanış etdi. Bu iki müəllimlə söhbətimizdə onların həmişə birinciliyə iddialı olduqlarına inandım: “Biz inanırıq ki, şagirdlərimiz həmişə Azərbaycanı nəinki öz ölkəmizdə, hətta ölkə hüdudlarından kənarda da təmsil edəcəklər”.
Digər otaqlarda da piano dərsləri gedirdi. Şöbə müdiri Zara xanımın da fikirləri ilə tanış olduq: “37 ildir ki, bu məktəbdə çalışıram. Məktəbimizin daima irəlidə olması üçün əlimizdən gələn köməyi əsirgəmirik. Fortepiano şöbəsində ən peşəkar müəllimlərimiz çalışır. Şagirdlərimiz 3-cü sinifdən bir çox müsabiqələrin iştirakçısı olur”.
Növbəti otağa keçdik. Füzuli müəllim şagirdinə klarnetdə ifasına kömək edirdi. Müəllimlər qədər uşaqlar da dərsə, musiqiyə böyük həvəslə yanaşırdılar. Şagird Nurxan Əsgərovun musiqiyə olan həvəsi ilə də maraqlandım: “Valideynlərim məni musiqi məktəbinə qoymaq istəyirdilər. Klarnet aləti uşaq yaşlarından televiziyadan diqqətimi cəlb edirdi. Bu aləti özüm seçdim və gələcəkdə də konservatoriyaya daxil olub təhsilimi davam etdirmək istəyirəm”. Elə söhbətimizin bu anında otağa yaşılgöz, ilk baxışdan insanda dəcəl təəssüratı yaradan balaca bir oğlan da gəldi. Füzuli müəllim Elvin Babayevi təqdim edib onun uğurlarından danışdı. Elvin klarnetdə ifa etdi, gözəl bir mahnı da oxudu...
Alagöz Zibeydə, sən qəşəngsən, qəşəng,
Həsrətin qəlbimi yandırır, ey mələk...
Balaca oğlan özünəməxsus tərzdə “Zibeydə” mahnısını oxuyurdu. Arada həyəcandan mahnının sözlərini unutsa da, bizim not bilməyən şou aləminin bəzi müğənniciklərindən qat-qat üstün idi.
Burada mən əməkdar mədəniyyət işçisi Səbuhi Məmmədov, xalq çalğı alətləri şöbəsində işləyən Elşən Sadıqov, muğam dərslərini tədris edən Əlövsət Hüseynov, “Bəri bax” ansamblının keçmiş solisti Elvin Məcidovla həmsöhbət oldum, onların musiqi haqqında maraqlı fikirlərini dinlədim.
Məktəbdən ən çox sevdiyim musiqinin - Şopenin prelüdünün sədaları altında ayrıldım. Əslində musiqi məktəbinin xoş aurasından, uşaqların sevincindən, şən musiqi sədalarından heç ayrılmaq istəmirdim.
Yeganə CANSAİL