Şərqin orta əsr musiqi səmasında çox ulduzlar parlayıb. Onlardan biri də Əbdülqadir Maraği olub. Musiqi məclislərində öz yeri, öz səsi və sözü ilə şöhrətlənən bu şəxsin təvəllüd tarixi dəqiq məlum deyil. Təxminən XIV əsrin ortalarında Marağa şəhərində anadan olduğu qeyd edilir. İlk təhsilini də elə bu şəhərdə alır. (Onun belə məşhurlaşmasında Marağa mühitinin böyük rolu olur. Çünki bu şəhər həmin dövrdə təkcə Azərbaycanın deyil, ümumən Yaxın Şərqin elm və sənət ocağı olur). O, sonra Bağdada köçür. Xeyli vaxt orada yaşayır və yaradıcılıqla məşğul olur...
   
   Tarixi araşdırmalarda, xüsusilə marağişünas-alimlərin əsərlərində qeyd edilir ki, 1393-cü ildə Əmir Teymur Bağdadı tutur. Şəhərin bir çox görkəmli sənətkarları ilə bərabər Əbdülqadir Marağini də Səmərqəndə göndərir. O, Səmərqənddə olarkən Teymurun sarayında böyük hörmət qazanır və sevilir. 1399-cu ildə necə olursa Maraği yenidən Azərbaycana qayıdır. Bir müddət Təbrizdə Miranşahın sarayında çalışır. Çox keçmir sarayda hərc-mərclik yaranır. Bu imkanı qaçırmayan Maraği tez oradan uzaqlaşır və Bağdada gəlir. Ancaq onun burada rahat və azad yaşaması mümkün olmur. Çünki çox çəkmir Əmir Teymur geri dönür. 1401-ci ildə Bağdadı yenidən ələ keçirir. Əbdülqadir Maraği bir daha həbs olunur. Ölümü haqda fərman verilir. Tarixçi Xandəmir “Həbibi-Siyar” əsərində yazır: “Əbdülqadirin edam günü Bağdad camaatı həyəcanlı bir gün yaşayır. Böyük bir təlaş içində meydana toplanır.Edamda Əmir Teymur da iştirak edir. Onu öldürməyə gətirəndə o, Qurandan bir surəni ucadan, həm də çox təsirli və xoş bir avazla oxuyur. Onun belə mahir oxumasından Əmir Teymur çox təsirlənir. Edamı dayandırır və deyir: - Əbdülqadiri əfv etdim. Sonra gülümsəyir və bir daha bildirir: “Əbdülqadir qorxudan Quranda cəng çaldı”. ...1405-ci ildə Əmir Teymur ölür. Maraği bir daha Bağdadda yaşamaq istəmir. Ona görə də köçüb Herat şəhərinə gedir. Ömrünün son illərini bu şəhərdə keçirir. 1436-cı ildə taun xəstəliyinə tutulur və vəfat edir.
   Əbdülqadir Maraği yaradıcılığını tədqiq edən görkəmli bəstəkar və musiqişünas Əfrasiyab Bədəlbəyli yazır: “Nadir istedad, hərtərəfli məlumat və dərin təfəkkür sahibi Ə.Maraği musiqi sənətinə hərtərəfli yanaşan musiqi alimidir. ...O, musiqi sədalarında hər şeydən əvvəl, insan nəfəsinin ən səmimi ifadəsini duyur, musiqi avazı ilə insan varlığının ülviyyətini, daşıdığı böyük, dərin mənanı dərk etmək istəyir”...
   Maraği musiqi təlimi sahəsində geniş yaradıcılıq işi aparıb. Bir neçə qiymətli əsərlər yazıb. Belə qeyd olunur ki, onun çox dəyərli və ölməz əsərləri Şərq, xüsusilə Azərbaycan musiqisilə məşğul olanlar üçün tükənməz bir xəzinədir. “Came-əl-Əlhan”, “Məqasid-əl-Əlhan”, “Kənz-ül-Əlhan” onun məşhur əsərləridir.
   Onu da deyək ki, Ə.Marağinin atası Qeybi dövrünün görkəmli musiqişünası olur. O, oğlunun musiqi təliminə böyük qayğı göstərir və inkişafında müstəsna rol oynayır. Maraği “Məqasid-əl-Əlhan” əsərində bu haqda yazır: “ ...atam Qeybi müxtəlif elm sahələrində, xüsusilə musiqi elmində bilici, bacarıqlı və qabil idi. O, mənim tərbiyəmə çox əmək sərf etmişdir”. Dönə-dönə atasının əməyinə yüksək qiymət verərək yazıb: “Allah onu behiştlik etsin, goru nurla dolsun”. Daha sonra yenə deyib: “Musiqini mənə atam öyrətdi. Onun bu işdə məqsədi o idi ki, mən Quranı avazla oxuya bilim”. Quranı əzbərdən bilən və onu özünəməxsus bir ustalıqla oxuyan Maraği göründüyü kimi taleyini həm də musiqiyə bağlayır...
   O, bir şeirində musiqi ilə əlaqədar çox qəribə bir hekayət yaradıb. Həmin əsərində göstərir ki, bir gün o, bərk xəstələnir. Onun yanına çoxlu təbiblər gəlir. Ancaq onun xəstəliyinə əlac tapa bilmirlər. O, bu məyusluğu duyur və deyir: “Bir halda ki, siz dərdimə əlac edə bilmirsiz, onda qulaq asın”. O udu götürüb sinəsinə sıxır və deyir: “İndi ürəyimin pərdələri üzərində əməliyyat aparıb öz dərdimə əlac tapacağımı dinləyin”. Ud dilə gəlir və ötür. Maraği avazla oxuyur. ”Ey təbiblər, Əbdülqadir bu uddan şəfa tapsa təəccüblənməyin. Çünki o, özünün şəfasını musiqidə axtarır”.
   Maraği öz ustadlarından çox şey öyrənir. Dərin bilik və əzmkarlığı sayəsində özünü ustadlar səviyyəsinə çatdırır. Şərq musiqi xəzinəsinə zəngin bir irs bəxş edir. Bu haqda görkəmli bəstəkar Üzeyir Hacıbəyov yazır: “Yaxın Şərq xalqları musiqisinin nəzəri və əməli inkişaf tarixində iki Azərbaycan alimi, nəzəriyyəçi və musiqişünası Səfiəddin Urməvi və Əbdülqadir Maraği başlıca yer tutur”.
   Dövrünün şairi, alimi, rəssamı, xəttatı, mahir ifaçısı və musiqi nəzəriyyəçisi Maraği həm də ”Xacə” ləqəbi qazanır. O, böyük əməlləri sayəsində Şərqin adlı-sanlı alimləri olan Fərabi və İbn Sina kimi “ustadı salis” adını alır.
   Maraği də Urməvi kimi musiqi yazı işarələri - tabulatura düzəltmək işində böyük təşəbbüskarlıq göstərib..
   Tarixçi Xandəmir xacə Əbdülqadiri musiqi elminin Davudu və dövrünün heç kəslə müqayisə edilməyən musiqişünası adlandırıb. Cəlairli Sultan Əhməd yazıb: “Zəmanəsinin filosofu Əbdülqadirin vəsfini şərh etməkdə acizəm. Dövrünün filosofu və alimi olması onun tərifinin mində biridir. O, XV əsrdə yazdığı bir şeirində:
   
   Ey cami cahan, bəhre səfa bizi unutma,
   Vey mahi zəbin, mehri liqa, binzi unutma.
   Ayrılmadan canım qılınc ilə eşqindən,
   Kər çərxi-fələk qıldı qida, binzi unutma.
   Vardır kərəmindən bu qədər bircə unutma.
   Kər saldı cida bizni qəza , binzi unutma.

   
   Əbdülqadir Marağinin yaşadığı dövrdən əsrlər, qərinələr keçib. Buna baxmayaraq onun qoyub getdiyi musiqi irsi indinin özündə də təravətini və elmi dəyərini qoruyub saxlayır.
   Biz Əbdülqadir Marağini düşünərkən, zəngin və rəngarəng yaradıcılığı göz önünə gəlir. Könüllərdə şeirə musiqi bəstələyən görkəmli bəstəkar, musiqiyə şeir qoşan gözəl şair, bəstələdiyi mahnını özünəməxsus avazla oxuyan təbli müğənni , müdrik kəlamlarını zərif barmaqları ilə vərəqlərə nəqş edən rəssam və xəttat Marağinin əbədiyaşar surəti canlanır. Müqəddəs ruhuna dərin hörmət və ehtiram yaranır...
   
   Savalan FƏRƏCOV