Vaqif Mustafazadənin ev-muzeyində yaşananlar
Tap-tup-tap!.. Divarlara dəyən çəkicin və dikdabanlarımın qənbər daşlardan qopardığı səslər.
İçərişəhərdə təmir gedir. Bu tappıltı-tıqqıltı səsləri fonunda onun ev-muzeyinə doğru gedirəm. Bu insanat səslərinin üzərinə əlavə olunan təbiət sədaları - külək vıyıltıları onun “Bayatı-Şiraz” kompozisiyasını pıçıldayır:
“Bu qala bizim qala,
Həmişə bizim qala.
Tikmədim özüm qalam-
Tikmişəm izim qala...”
Dar dalanlarla irəliləyən məktəbli qız əlindəki dəftərdən nə isə əzbərləyə-əzbərləyə tələsir. Bir neçə “köhnə kişi” bir dalanın tinində cəmləşib söhbət edir. İçərişəhər həmişə məni yalnız filmlərdə gördüyüm köhnə Bakıya aparır. O Bakıya ki, ordakı ab-hava çox pakdır, çox doğmadır. O qədər doğma və əziz ki, qayıdıb ömrünün qalanını orda keçirmək istəyirsən...
“Bayatı-Şiraz”ın son notları onun evinə çatanda bitir. Pilləkənlərlə yuxarı qalxıram. Məni xoşsimalı, gözəl bir qadın qarşılayır. Bu xanım - Afaq Əliyeva bu muzeyin direktorudur, yaratdığı xeyriyyə fondunun rəhbəri, həm də onun bibisi qızı məni içəri dəvət edir. Təəssüflə deyim ki, bura ilk gəlişimdir. Yolboyu xəyalımda xəritəsini cızdığım ev-muzeyi, bəzi məqamları nəzərə almasaq, tam düşündüyüm kimidir. Köhnə piano, divardan asılmış uşaqlıq, gənclik və ailə fotoları, küncdəki dolabça üstündə (hər gün onun “Amerikanın səsi”ni dinlədiyi) köhnə “VEF” radioqəbuledici, stol və stullar, balaca kreslo və divan, Asim Quliyevin yaratdığı büst və qalvanik portret, bir də qızı Əzizənin divardan asılmış portreti... “Əzizə” portreti musiqi içərisində əriyən qadını xatırladır. Sanki portretdə onun üstündən caz damcıları süzülüb keçir və o, bütünlüklə musiqiyə qarışıb. Yenə cazın ahəngini duyuram, bu dəfə səslənən “Əzizə” kompozisiyasıdır. Bu an qəzetin görüntünü və musiqini oxucuya çatdıra bilməməyindən təəssüflənirəm.
Afaq xanım muzey haqqında məlumat verir : “2005-ci il martın 16-da anadan olmasının 65-ci ildönümündə xatirə (memorial) ev-muzeyinin açılışı oldu. Vaqifin xatirəsini əbədiləşdirmək fikri anasına məxsusdur, lakin Zivər xanımın ölümündən (1997) sonra bu işləri mən həyata keçirirəm. Hazırda ev-muzeyinə dövlət statusu verilib. Fundamental bərpa işləri zamanı bu evdə onun yaşayıb-yaratdığı vaxtların üslubu, atmosferi saxlanılıb”.
Vaqifin musiqiyə olan marağı ailədən qaynaqlanır. Belə ki, atası hərbi həkim olmaqla yanaşı, musiqiyə böyük maraq göstərib, tarda, kamançada gözəl ifa etməyi bacarıb. Anası Zivər xanım Əliyeva dahi Üzeyir Hacıbəyovun tələbələrindən biri, Azərbaycanın ilk qadın pianoçularındandır. Muğamı ona anası öyrədibmiş. 1957-ci ildə A. Zeynallı adına Musiqi məktəbinə daxil olmuş, əvvəlcə xalq çalğı alətləri orkestrində pianoçu, az sonra isə pianoçu-solist kimi işləyib. Daha sonra - 1964-cü ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olur. Bu illərdə Vaqifdə caza çox böyük maraq yaranır və radio vasitəsilə görkəmli improvizə ustalarının çalğıları ilə tanış olur. Saksafon ifaçısı Con Koltrein və pianoçu Bill Evans - demək olar ki, onun idealına çevrilmişdilər. Qarşıda onu uğurlu çıxışlar gözləyirmiş. 16 yaşında filarmoniyada Mendelsonun fortepiano konsertinin 1-ci hissəsini müvəffəqiyyətlə ifa edir. 1965-ci ildə Tbilisidə “Orero” ansamblına musiqi rəhbəri kimi dəvət alır. Elə həmin ildə Gürcüstan Dövlət Filarmoniyasının nəzdində “Qafqaz” caz triosunu yaradır.
Respublikanın Əməkdar artisti, caz muğamının banisi, bəstəkar və pianoçu, hamıya əziz Vaqif Mustafazadə haqqında çox geniş yazmaq olar.
Divardakı misralar - ananın oğlunun ölümünə yazdığı şeir parçası gözümdən yayınmır:
“...Ey məzar!
Qara torpaq,
Onu əziz saxla.
Odur gözümün nuru!
Ey məzar, əfsus!”
Bu kədərli sətirlərə kökləndiyimdən yenə düşüncələrimin dadına “Bayatı-Şiraz” çatır:
“Anam ozan olubdur,
Dərdə dözən olubdur.
Haqdan bağlanan dilim
Naxış düzən olubdur...”
Artıq vaxt idi. Muzeydəki ab-havadan ayrılıb, pilləkənlərlə aşağı düşürəm. Divarları caz pıçıldayan İçərişəhərin dar dalanları ilə evə tələsirəm. İçimdəki təəssüratı qələmlə, klaviatura ilə jurnalistə məxsus tələskənliklə oxucularla bölüşmək istəyirəm.
Külək isə daha da şiddətlənmişdi. Uzaqdan dəniz və onun üzərində bir-birini qovan dalğalar görünürdü. Sanki dalğalar dənizi “Düşüncələr”indən xilas etmək istəyirdi.
Yeganə CANSAİL