Martın 16-da Heydər Əliyev Sarayında əməkdar artist, Dövlət mükafatı laureatı, Azərbaycan caz musiqisinin banilərindən Vaqif Mustafazadənin 70 illik yubileyinə həsr edilmiş təntənəli tədbir keçirildi.
   
   Yubiley tədbirində baş nazirin müavini Elçin Əfəndiyev də iştirak edirdi. Qonaqlar ilk olaraq Sarayın foyesində sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi ilə tanış oldular.
   Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev V.Mustafazadənin mənalı həyat yolundan, böyük istedadından və bənzərsiz yaradıcılığından söz açdı: «Bu gün 70 illik yubileyini qeyd etdiyimiz Vaqif Mustafazadənin xatirəsinin anılması üçün silsilə tədbirlərin dövlət səviyyəsində keçirilməsi Azərbaycan Prezidentinin imzaladığı müvafiq Sərəncamda öz əksini tapmışdır. Bu, bir daha əsl sənətin heç bir zamana sığmadığını, zamanın sərt təpkilərinə sinə gərərək ölməzliyə yol açdığını açıq-aydın göstərir. 39 il yaşamış insan 31 ildir ki, bizim aramızda yoxdur. Lakin bu gün müasir Azərbaycan musiqi palitrasına baxarkən biz onun tədbiq etdiyi müxtəlif musiqi rənglərinin varlığını hiss edirik. Onun musiqisi yaşayır və yaşayacaq da”.
    Gecədə Əzizə Mustafazadə, Faiq Sücəddinov, Dövlət Kamera Orkestri, “Bakustik” caz qrupu, Salman Qənbərov, Beynəlxalq caz müsabiqəsinin qalibi İsfar Sarabski, Əfqan Rəsulov, Elçin Şirinov, Sevda Ələkbərzadə və digər caz ustaları V. Mustafazadənin əvəzsiz musiqilərindən rəngarəng ifalar təqdim etdilər.