O çaldı, çaldı, çaldı... Fərqinə varsalar da çaldı, varmasalar da. Qınasalar da çaldı, qınamasalar da. Çağdaşı olan bir şairin «Rza, yaz. Rza, durma, Rza, yaz» höcətilə çaldı. O qədər çaldı ki, axırda bütün ölkə bir könüldən min könülə vurulub ona «sən çaldın!» - dedi.
   Onun ifalarındakı fateh taktlar «alovlu ürək-şıdırğı barmaqlar» duallığından qopan ritmlər - qaynar caz ən soyuq ürəklərdə də «cızz» elədi...
   
   Sənət forması
   
   Bu gün bizim çalışdığımız Avropaya inteqrasiyanın, artıq bütün dünyanın qoşulmaqda olduğu «mədəniyyətlərin dialoqu» kimi qlobal layihələrin, sivillik epopeyasının «giriş»ini V.Mustafazadə 50 il bundan öncə yazıb, «ön söz»ünü 60 il əvvəl deyib. Bunun özü bir sənət forması deyilmi? Əsl sənətkar üçün, fenomenallar üçün nə fərqi var - ona ya «gəl-gəl» deyib əl elədilər, ya «get-get» deyib fel elədilər? O, əvvəldə yüz ölçürsə, sonda mütləq düz biçməlidir...
   
   ...Sənətkar «forması»
   
   Vaqif Mustafazadə formaca nə qədər qədim idisə, məzmunca bir o qədər yeni idi. Ədəbi-bədii aləmlə bağlı «60-cılar», «70-cilər» terminləri ayağından desəm, 60-70-ci illər tamaşaçılarının yaxşı yadında olar Vaqif Mustafazadə imici. Bütün Bakının «alışdım-yandım» stilyaqalığı dövründə o, öz «köhnə kişilər» təhər-tövrüylə hamıdan fərqlənirdi. Gündən-günə müasirləşib-ütüləşən bir şəhərin içindən - İçərişəhərdən olasan, ətrafındakı «daley-daley» mahnılar, «Buleyli»lər, «Qalada yatmış idim»lər kimi kömköhnə bir mədəniyyət «bazar»ına caz kimi təptəzə bir «nırx» qoyasan və... bu qədər dədə-baba əba-qəbasında gəzəsən. O qədər mülayim xarakterə, kolorital oturuş-duruşa malik olasan.
   
   «Düşüncə» müəllifini düşünərkən...
   
   Əlbəttə, onun dahiyanə «Düşüncə»si ladında düşünmək və bunları yazıya almaq çox müşkül...
   Musiqişünaslar, yazı-pozu adamları onun özü, özgürlüyü, bənzərsiz çalğıları, vulkanik çılğınlığı haqda çox təşbehlər, polifonik fikirlər söyləyiblər. Dostları, şəxsi tanışlığı olmayan vurğunları onun təbii, qeyri-adi təbiəti, ipə-sapa yatmazlığının müxtəlif «janr»ları barədə çox bəhs ediblər. Mən də «dəstədən geridə qalmamaq üçün» - bəyan edim ki, sağlığında ona yarı şərq-yarı qərb adamı kimi baxırdım. Bu qəribə adamın - iş başında ikən görünməz əllərinin, daim plyus-minus yüklü sifətinin, çox zaman «ikili» məna təcəssüm etdirən təbəssümlü dodaqlarının, hətta, 70-ci illərin sonlarında ona 2 il tele-qadağa «iş»i kəsdirən (AzTV rəhbərinə «çöçün» görsəndiyinə görə) bığlarının bir tayı Şərqə çalırdı, bir tayı Qərbə...
   Sevilmək üçün, çalğılarına, bəstələrinə heyranlıq üçün, təxti-bəxtinə, hərtərəfli orijinallığına həsəd üçün, lap elə cavan və qəfil bir ölümlə sevərlərini yandırıb-yaxmaq üçün... daha Tanrı ondan nə əsirgədi ki? Siz bir bu görəcək sənətkarın «adicə» olum-ölüm tarixçələrinə diqqət yetirin: 16 mart 1940 - 16 dekabr 1979. Olumu bahara, ölümü qışa beş gün qalmış...
   Deyirəm, bəlkə, hərəni bir cür qidalandırıb qanadlandıran «Düşüncə»sində bu nüanslara da toxunub bu sağ olmuş? «Sağ olmuş» epitetindən duruxmadınız yəqin, Vaqifə vaqif oxucular! Hər çalğısı ilə hər dəfə bizi cansıxıcı anlardan alıb dirildən kəs ölə bilərmi, hörmətli zövqdaşlarım?! O, sadəcə, ömür payı sarıdan tamarzı qoydu bizi, vəssalam!
   
   Dosye
   
   Vaqif Əziz oğlu Mustafazadə 1940-cı il martın 16-da Bakıda anadan olmuşdur. 1964-də «Orero» ansamblı, 65-də Gürcüstanda «Qafqaz» caz triosu, 70-də «Leyli» vokal kvarteti, 71-də «Sevil» vokal-instrumental, 77-də «Muğam» instrumental ansambllarını yaradıb başçılıq edir. 1979-da Əməkdar incəsənət xadimi adına, 1982-də (ölümündən sonra) Azərbaycan Dövlət Mükafatına layiq görülür.
   Bunun bəyanı üçün gərək yazını qulağınla da oxuya biləsən - necə ki radio-televiziondan eşitdiyimiz sözsüz musiqiləri, simfoniyaları duyğularımızın «qələmilə» fikir-zikrə çevirib hekayətləşdiririk. Onun yaşca o qədər balaca cazda ifa etdiyi hikmətləri bu qədər qos-qoca sözdə ifadə etmək olmur, axı. «Tallin-66», «Tbilisi-78», «Monte-Karlo-79» kimi Beynəlxalq caz müsabiqələri və festivallarının şəriksiz laureatı olmuş bu sənətkarın aktivinə qələm nə əlavə etsin ki? Monakoda keçirilən Beynəlxalq Caz festivalında öz övladını - «Əzizəni gözləyirəm»ilə beynəlxalq övlad məhəbbəti dastanı yaradaraq birincilik qazanan fenomen haqda ikinci bir sözə ehtiyac varmı? «Fortepiano və simfonik orkestr üçün konsert»in, tamamlanmamış «Muğam» simfoniyasının, neçə-neçə caz, fortepiano şedevrlərinin müəllifinin ruhuna elə beynəlxalq «bravo!» terminindən savayı, hər şey havayı...
   
   Gəlişi şam, oluşu tam, gedişi natamam...
   
   Bəli, bircə ömür payı sarıdan yarımçıq qaldı - bu bütöv gənc, bu ağır-batman ahıl, virtuoz «qoca»! Otuz doqquzcasındaca çıxıb getdi. Bay, «çıxıb getdi» nəymiş belə - qələmim yanıltdı məni; çaxıb getdi! Hədsiz alicənabların, həssasların sevgilisi olan bir aşiq-azar apardı onu. Könül-qəlb antenaları yalnız xoş münasibətlərə, ümumbəşəri dəyərlərə tuşlanmış sənət məcnunlarının canan-canalanı infarkt özünə daha bir yar tapdı Vaqifin köksündə. Qoymadı ki, bu könül bağbanı, Məlikməmmədliyin bu real təcəllası dünyanın ən qədim şərqilərilə ən yeni qərbilərinin 40-cı qapısını da açsın...
   
   Xətmi-xitab
   
   Amma nə qəm, ömrünün 40-cı yaşına çata, sənət «nağılı»nın 40-cı qapısını aça bilməyən canlı aləm! Bu yanğılı «yarımçıqlıq»ların da müəllifi olan Sən bizimçün ayrıca-əlahiddəcə bir müasir-milli sənət sarayı qoyub getdin. Dünya üçünsə, ümumi bir musiqi «industriyası» yaradıb qaldın.
   Bu «etdin-getdin», «çaldın-qaldın»ları üslubi qafiyələr, yazıbitirmə qaçaqaçı sanma, poetik-polifonik qafiyələr ustadı! Demək istədiyim bu ki, bu dünyada qalan dünya malı deyil; qeyri-maddi mənəvi halların ömrü maddi malların ömründən uzun olur. Çox uzun olur, fizikən qısa, mənən uzunömürlü ustad!..
   
   Tahir Abbaslı