Bugünlərdə Sinqapurda keçirilən “Live! Singapure. Global Performing Arts Exchange” (Yaşasın Sinqapur! Qlobal Tamaşa Sənətləri Mübadiləsi) müsabiqəsində ölkəmizi Əməkdar artist Natiq Şirinovun rəhbərlik etdiyi “Natiq” ritm qrupu uğurla təmsil edib.
   
   Qeyd edək ki, dünya şöhrətli Kölnmesse və İMG Artists şirkətləri tərəfindən düzənlənən bu nüfuzlu müsabiqəyə musiqi və musiqili teatr sahəsinə aid satış-sərgi, konfrans və bir sıra showcase (nümunəvi musiqi çıxışları) daxildir. 52 ölkənin iştirak etdiyi tədbirdə məşhur musiqiçilər, menecerlər, konsert təşkilatçıları və musiqi şirkətlərinin rəhbərləri iştirak edirlər. Dünya musiqi arenasına çıxmaq üçün bu tədbirdə uğur qazanmaq önəmlidir. Çünki “Live! Singapure. Global Performing Arts Exchange” də münsiflər tərəfindən seçilmək, dünya səhnəsinə çıxmaq üçün ən qısa yollardan biridir.
   N.Şirinov bu müsabiqədə iştirak etməyi çoxdan arzulasa da, bunun reallaşacağına o qədər də ümid etmirdi. Ancaq Avropa Mədəniyyət Parlamentinin üzvü Cahangir Səlimxanovun məsləhəti ilə o, satış-sərgiyə əvvəlcə diskini göndərdi. Çünki münsiflər diskə baxıb bəyənsə, həmin musiqiçi tədbirə dəvət olunur.
   N.Şirinovun dediklərindən: “Satış-sərgidə dünyanın ən məşhur sənətkarları iştirak edir. Cahangir müəllimin təklifinə məmnuniyyətlə razı oldum. Çünki dünya şöhrətli musiqiçilərlə belə bir tədbirdə iştirak etmək mənim üçün xoşbəxtlik idi. Diskləri göndərdik, sonra məlum oldu ki, gecikmişik. Çox pərişan olduq. Amma bir həftədən sonra xəbər gəldi ki, tədbirin rəhbəri diskə baxıb və deyib ki, mütləq bu musiqiçi tədbirə dəvət olunsun”.
   Satış-sərgiyə göndərilən yüz minlərlə diskin arasında “Natiq” ritm qrupunun çıxışının diqqəti cəlb etməsi Azərbaycan musiqisinin yeni bir uğuru sayıla bilər. Mədəniyyət və Turizm Nazirliyinin bilavasitə dəstəyi ilə bu səfər gerçəkləşib: “Əbülfəs müəllim bizə dəstək oldu, eyni zamanda, Azərbaycanın qədim musiqi aləti nağaranın belə bir tədbirdə təbliğ olunmasına şərait yaratdı. Cənab nazirə “Natiq” ritm qrupu adından öz təşəkkürümü bildirirəm”.
   
   “Mənim dünyam” kompozisiyası Sinqapurda
   
   Qlobal Tamaşa Sənətləri Mübadiləsi həm də qeyri-adiliyi ilə seçilir. “Birinci təəccübləndim ki, bəs tamaşaçılar hanı? Məlum oldu ki, otaqlarda kameralar quraşdırılıb, hər musiqiçinin çıxışı yazılır və münsiflər kameralar vasitəsi ilə bu çıxışları izləyirlər. Çıxışımızın sonuna yaxın qapı açıldı, zalda nə qədər adam vardısa, içəri doldular. Mən konsertlərimdə həmişə istəmişəm ki, çıxışdan sonra insanların reaksiyalarını, alqışlarını görüm. Bu reaksiyanı orada da gördüm”- deyən Natiq tədbirdə “Mənim dünyam” kompozisiyası ilə çıxış edib. Özü də ən çətin 4-24 ölçülü musiqi nömrəsi ilə: “Necə ki, musiqidə not var, ritmdə də ölçü var. 4-24 ölçüsü çox geniş bir ritmdir. Yadda saxlamaq da, xırdalamaq da çətindir”. Qeyd edək ki, N.Şirinovun çıxışını Ələfsər Rəhimov, Hikmət Rzayev və Sanir Əliyev müşayiət ediblər.
   “Natiq” ritm qrupunun ifası misilsiz enerjisi, dəqiqliyi, elastikliyi və çoxşaxəliliyi ilə yadda qaldı” - mütəxəssislərin ilkin fikri belədir. Azərbaycanın milli musiqi aləti olan nağaranın ritm və melodiyaları Sinqapurda da öz sözünü dedi.
   “Bəxtimiz, şansımız onda gətirdi ki, neçə illərin zəhməti hədər getmədi. 20 ildir bu sənətdəyəm. Həmişə özümə sual verirəm ki, sən həyata niyə gəlmisən? Özüm də bu suala cavab verirəm: gəlmişəm milli musiqi alətimiz olan nağaranın elmini öyrənib kimlərəsə öyrədim, xalqıma isə onun zövqünü verim” - deyən sənətçinin 70-ə yaxın qeyri-adi kompozisiyası onun böyük uğurudur.
   Sinqapuru nağıllar şəhəri adlandıran musiqiçinin səfər zamanı ən yaddaqalan xatirələrindən biri də, Sinqapurda məsciddə dörd rükət namaz qılmaları olub.
   Yəqin ki, oxucularımızı satış-sərginin nəticələri də maraqlandırır. Hələ ki, bütün iştirakçılar nəticələri gözləyir. Nəticələr məlum olan kimi saytlarda yayımlanacaq. Üstəlik “Natiq” ritm qrupunun 15-dəqiqəlik çıxışının video yazısı da tədbirin təşkilatçıları tərəfindən yaxın vaxtda internetdə yerləşdiriləcək.
   Azərbaycan musiqisini layiqincə təmsil edən Natiq Şirinovu qaliblər arasında görmək, nağaramızın səsini, sədasını dünya səhnələrində eşitmək isə hər birimizin arzusudur.
   
   Təranə