İyunun 27-dən iyulun 2-dək Şəki şəhərində “İpək yolu” I Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Bununla bağlı iyunun 21-də Bəstəkarlar İttifaqında mətbuat konfransı keçirilib. Mərasimdə çıxış edən Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə uzun müddətdən bəri festivala hazırlıq işlərinin görüldüyünü, beynəlxalq tədbirin keçirilməsinə Mədəniyyət və Turizm Nazirliyinin, Şəki Şəhər İcra Hakimiyyətinin dəstək verdiyini dedi.
   
   F.Əlizadə festivalla bağlı veb-saytın fəaliyyətə başladığını bildirdi. Bəstəkarlar İttifaqının sədri festivalın tədbirin qədim Şəki şəhərində keçirilməsinin əhəmiyyətini qeyd edərək gələcəkdə də belə festivalların təşkilinin nəzərdə tutulduğunu vurğuladı. O, festival çərçivəsində ustad dərslərinin keçiriləcəyini, yeni kollektivlərin təqdim olunacağını bildirdi.
   Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova hər il Şəki şəhərində əlamətdar mədəni tədbirlərin keçirildiyini qeyd etdi. Şəkinin Azərbaycan mədəniyyətinin inkişafındakı rolundan danışan Z.Cavadova festivalın keçirilməsinin bölgəyə xarici qonaqların cəlb olunmasına, turizm potensialının genişlənməsinə təkan verəcəyini bildirdi.
   Konfransda çıxış edən Qara Qarayev adına Dövlət Kamera Orkestrinin baş dirijoru Teymur Göyçayev, Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev, Əməkdar incəsənət xadimi Azad Əliyev “İpək yolu” I Beynəlxalq Musiqi Festivalının əhəmiyyətindən danışdılar, təşkilati işlər və konsert proqramı ilə bağlı ətraflı məlumat verdilər.
   Qeyd edək ki, 5 gün davam edəcək festival öz işinə iyunun 27-də Şəki şəhərinin simvolu hesab edilən Xan Sarayında Q.Qarayev adına Kamera Orkestrinin konserti ilə başlayacaq. Festivalda Şəki şəhərinin Kiş kəndindəki Alban məbədində Bəstəkarlar İttifaqının “Oazis” Simli Kvartetinin təqdimatı və konserti, “Sarı gəlin” Norveç-Azərbaycan ansamblının, Yuxarı Karvansarayda Cənubi Koreyanın “Samulnori” folklor kollektivinin çıxışı olacaq. İyunun 29-da Şəki Xan Sarayında Bakı və Şəki musiqi kollektivlərinin iştirakı ilə “İpək yolu” I Beynəlxalq Musiqi Festivalının təntənəli açılışı münasibətilə qala-konsert keçiriləcək.
   Festival çərçivəsində Dövlət Opera və Balet Teatrının kollektivi ilk dəfə olaraq opera səhnəsindən kənarda Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, Müslüm Maqomayevin “Şah İsmayıl” operalarının konsert variantını nümayiş etdirəcək, Helsinki Musiqi Akademiyasının professoru Nikita Yujanin Şəki Musiqi Kollecinin tələbələri üçün ustad dərsi keçəcək, Bəstəkarlar İttifaqı nümayəndə heyətinin Şəki ziyalıları ilə görüşü təşkil olunacaq.    

   Ceyhun 







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar