Qadın və ədəbiyyat
   
   Bu sayımızdan etibarən sizə təqdim edəcəyimiz yeni rubrikada mədəni həyatımızın müxtəlif sahələrini müzakirə predmetinizə çevirəcəyik. Rubrikada sadə adamların fikirlərindən tutmuş, mütəxəssis rəylərinə qədər mövzudan doğan ən müxtəlif rəylərə yer veriləcək, fikir müxtəlifliyi qorunacaq. Mədəni həyatımıza ayrı-ayrı düşüncələrdən, fərqli baxışlardan boylanmaq sözsüz ki, elə bu həyatın daha da zənginləşməsinə xidmət edəcək. Rubrikada qoyulan məsələlərə, rəylərə münasibətlə siz də foruma qoşula bilərsinlz.Bunun üçün medeniyyet-forum@list.ru poçt ünvanına məktub göndərməklə fikirlərinizi bölüşə bilərsiniz.
   
   Beləliklə forumumuzun ilk mövzusunu sizə təqdim edirik. Qadın və ədəbiyyat. Nə qədər hüquq bərabərliyindən danışılsa da, hər bir cəmiyyətdə, ictimai həyatda kişi-qadın bölgüləri mövcuddur və bir tərəfdən baxanda bu bölgülərdə təbiilik də var. Bu baxımdan qadın və kişi yazarlarının yaradıcılıqlarının fərqləndirilməsinə necə baxırsınız? Axı reallıq budur ki, qadınlar ədəbiyyatda fərqləndirilir.
   Enil Dikinson, Anna Axmatova, Afaq Məsud və yüzlərlə qadın yazarlarıni kişi qələmindən fərqli edən nədir?
   Etiraf edək ki, oxucu ilk olaraq kişi müəllifin kitabına maraq göstərir. Amma nəzərə alaq ki, ədəbiyyat üzrə son 10 Nobel mükafatçısından 7-si məhz qadın yazarlar olub. Foruma az-çox mütaliə yükünə malik oxuculardan başlayıb, peşəkar ədəbiyyat adamları ilə tamamlayırıq.
   
   1.Oxucu rəyləri
   
   Samir Əliyev (iqtisadçı)
   Zərif cinsin nümayəndəsi olaraq Azərbaycan ədəbiyyatında qadın yazarlarımızın azlığı və ya əsərlərinin məşhur olmaması məni təəssüfləndirir.Bunun səbəbi müxtəlifdir. Məncə, bu qadınların kişilərə nisbətən istedadsız olmaqlarından irəli gəlmir.
   Xatirə Əzimbəyli (həkim)
   Oxuduğum kitabların sayını itirmişəm.Sayılıb-seçilən əsərlərin işində ən möhtəşəmi, xarakterik, güclü iradəyə mənsub insan obrazı eyniadlı əsərin qəhramanı Ovoddur. Bu əsl kişi obrazını yaradan müəllif -Voyniç isə qadındır.
   İlqar Salmanov (jurnalist)
   Əksər qadınlarımızın yaradıcılıq istedadı üzə çıxmır. Bu qadının üzərinə qoyulmuş vəzifələr və qadının öz fikirlərini, həyat təcrübəsini yazmağa cürəti çatmaması kimi amillərlə əlaqəlidir.Hər bir qadın əgər öz keçirdiyi hisslərdən,öz düşüncələrindən,həyat fəlsəfəsindən bir gündəlik tutub ictimaiyyətə təqdim eləsəydi hərəsi bir kitab olardı.Amma bunun üçün onda gərək qadın şəxsi həyatını,digər vəzifələrini qoya kənara və yaradıcılığı ilə məşğul ola.
   Asifə Axundova (kompyuter mühəndisi)
   Məncə, qadın yazarların duyumları fərqlidir. Heç bir kişi yazarın rübailəri hər halda Məhsəti Gəncəvi kimi ola bilməz.
    Orada kişilərə tutulmuş çox incə iradlar var ki, onu kişilər özləri özlərində görə bilməzdilər.
   Akif Kərimov (elml işçi)
   Məncə, ədəbiyyat nümunələrini bu cür bölgüyə ayırmaq düzgün deyil.. Əsərin qadın və ya kişi tərəfindən yazıldığının oxucu tərəfindən hiss olunmamasını (yazarın adının və ya təxəllüsünün cinsini ələ vermədiyini düşünək) əsərin uğur göstəricilərindən biri hesab edirəm.
   Əziz Mirəlioğlu (telejurnalist)
   Bizdə Azərbaycan ədəbiyyatında əsasən kişilər qadınları , qadınlar kişiləri günahkar çıxarsalar da, istedad cinsə baxmır...
   
   Aynurə Əhmədova( pedaqoq)
   Tərəddüdsüz-filansiz deyə bilərəm, dünyanın möhtəşəm yazarlarından V.Hüqo, Drayzer, C.London, Höte, Qoqol və s. bu şəxislərin təxəyyülünün məhsulu bir qadının duyumu qədər sərraf deyil..
   Mariya Attaulin (kassir)
   Kişi yazarlar bir-birinin üstünlüyünü qəbul etmir. Qisqanclıq! Qadınlarında üstünlüyünü qəbul etməzlər. Bölgülər bundan yaranır. Çünki qadın kişi təxəyyülünə görə icraedici bir proqramla yüklənmiş əşya kimidir.
   Hüsaməddin Əhmədov (bələdiyyə qulluqçusu)
    Əlbəttə ki, qadın qəlbi və kişi qəlbi fərqli olur- lakin hansısa üstün hansısa əskik deyil, bir də əsərin güclülüyü müəllifin cinsindən yox, onun istedadından, əsərdə ifadə etdiyi prinsiplərdən asılı olan bir şeydir.
   Kazım Qasımov (musiqiçi)
   Qadın yazıçılarımız əsərlərində kişiləri günahkar çıxardırsa, onda bunun yəqin psixoloji səbəbləri var. Yazıçıda belə bir psixoloji momentin olması mümkündürsə, bu tək azərbaycanlı yazıçılarda olmayacaq ki... Belə bir şey mümkündürsə, buna yəqin ki, bütün dünyada rast gəlinəcək.
   
   2. Mütəxəssis rəyi
   
   Əsəd Cahangir (ədəbi tənqidçi)
   Bu məsələdə konkret vəziyyətdən, konkret müəlliflərdən çıxış etmək lazımdır. Elə qadın, elə kişi müəlliflər var kl, bu bölgüyə uyğun yazıblar. Məsələn, macar şairi Ş.Petitinin poeziysını, Homerin qəhrəmanlıq poeziyasını, Dostoyevski romanlarını yazmaq üşün kişi təfəkkürü lazım idi.Amma ola bilər ki, kişi müəllif çox incə şeirlər, qadın isə daha sərt əsər yazsın. Bölgü var. Afaq Məsudun yaradıcı təfəkkürü heç bir kişi müəllifin təfəkküründən geri qalmır. Onun yaradıcılığı ənənəvi qadın yaradıcılığından fərqlənir. Amma onun da əsərlərində qadın mövzusuna toxunulur. Yüksək sənət zirvəsində bu fərqlərin itməsi mümkündür. Ədəbiyyatda xüsusi qadın mövzusu, poeziyası var. Bu anlayış nisbi götürülsə belə. Yaradıcılıqda müəllif cinsi xüsusiyyətini istisna hallarda büruzə vermir. Ümumilikdə isə bu gün ədəbiyyatda qadınların çəkisi artmaqdadır.
   
   
   Forumumuzun növbəti müzakirə mövzusu:
   
   Teatrın texniki imkanları sizi qane edirmi?
   
   Teatr bir sənət olaraq XXI əsrin texniki nailiyyətlərindən necə istifadə edir? Axı İnternet tanıyan, mobil telefondan istifadə edən, əli pulta öyrənmiş insanlara orta əsrlərin texniki səviyyəsini «yavan» istedadla təklif etmək və hövsələ, səbir, maraq, diqqət gözləmək düzgün deyil. Dünyada dekorasiya, işıq, səs və vizual-virtual effektlər sahəsində yeniliklər var və bunlar teatrda tətbiq olunur. Bizim teatrların imkanlarısa XX əsrdən bəri keçməyib. Teatrın texniki səviyyəsi sizi qane edirmi? Bu sual həm teatr adamlarına, həm də tamaşaçılara yönəldilib.

   Forumun aparıcıları:
   Aliyə və Sabutay







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar