İyulun 6-da Beynəlxalq Muğam Mərkəzində tanınmış İran musiqiçisi Mohtabadın və “Rudəki” musiqi qrupunun konserti keçirildi. Konsertdən öncə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və İran İslam Respublikasının mədəniyyət və islam maarifləndirilməsi naziri Seyid Məhəmməd Hüseyni çıxış etdilər.
Nazir Ə.Qarayev iranlı həmkarının Azərbaycana ilk səfərini iki ölkə arasında mədəni əməkdaşlıqda mühüm hadisə kimi dəyərləndirdi. Nazir bildirdi ki, mədəni əlaqələrin genişləndirilməsi vacib istiqamətdir və bu sahədə iş aparılmalıdır: “Bu yaxınlarda Azərbaycan musiqiçiləri İran İslam Respublikasında konsert proqramı ilə çıxış etdilər və biz hiss etdik ki, İranın əhalisi bu cür tədbirləri maraqla, səbirsizliklə gözləyirlər”.
Ə.Qarayev növbəti mərhələdə mədəniyyət əlaqələrinin daha da genişlənəcəyinə əminliyini bildirdi: “İstərdik ki, İranın mədəniyyəti Azərbaycanda, Azərbaycanın mədəniyyəti İranda daima yaşasın, ölkələri bir-birinə yaxınlaşdırsın. Biz arzulayırıq bu əlaqələr davam etdirilsin və yəqin ki bu səfərin ən vacib nəticəsi ondan ibarətdir ki, bu ilin sonunadək İranda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək. Sonra isə Azərbaycanda İran Mədəniyyəti Günləri keçiriləcək. Bizim incəsənət xadimləri bu hadisələri səbirsizliklə gözləyirlər”.
İranın mədəniyyət və islam maarifləndirilməsi naziri Seyid Məhəmməd Hüseyni çıxışında iki ölkə arasında inkişaf edən mədəni əlaqələrdən danışdı, bu əlaqələrin daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi.
Sonra İran musiqiçisi Mohtabad və “Rudəki” musiqi qrupu tamaşaçılar qarşısında maraqlı konsert proqramı ilə çıxış etdilər.
Ceyhun