Qazaxıstanın paytaxtında Astana şəhərinin 12 illiyi münasibətilə türkdilli xalqların el havaları festivalı keçirilib. Musiqi bayramında Azərbaycan, Qazaxıstan, Türkiyə, Qırğızıstan, Türkmənistan və Rusiyada yaşayan türkdilli xalqların nümayəndələri olan aşıq, ozan, akın, manasçı və şifahi xalq ədəbiyyatının bu növünü yaşadan digər sənətkarlar iştirak ediblər.
Ölkəmizi bu tədbirdə beynəlxalq festivalların laureatı, Prezident təqaüdçüsü aşıq Mahmud Məmmədov və xalq musiqisinin tədqiqatçısı, professor Tariyel Məmmədov təmsil ediblər.
K.Bayseitova adına Opera və Balet Teatrında, Astana parkında və digər yerlərdə keçirilən konsertlərdə aşıq Mahmud Məmmədov qədim el havalarımızı ifa edib, dastanlarımızdan parçalar söyləyib.
Professor Tariyel Məmmədov isə şifahi xalq ədəbiyyatının bu növünə həsr olunmuş elmi konfransda iştirak edib, Azərbaycan aşıq-ozan sənəti haqqında geniş məlumat verib.
Qonaqlar Astanadakı Azərbaycan diasporunun üzvləri ilə də görüşüblər. Tədbirdə aşıq Mahmud Məmmədov qədim el havalarımızı ifa edib. Görüşdə Astanadakı Mədəniyyət Mərkəzləri İttifaqının sədri Vidadi Salahov Tariyel Məmmədova nəfis şəkildə hazırlanmış şaman nağarası, aşıq Mahmud Məmmədova isə milli qazax geyimi hədiyyə edib.