İyulun 14-ü Azərbaycanın yeni tarixində əlamətdar günlərdən biridir. 1969-cu ilin həmin günü görkəmli siyasət və dövlət xadimi Heydər Əliyev respublikada hakimiyyətə gəlib. Böyük siyasətçi Heydər Əliyevin sovet Azərbaycanının rəhbəri (Azərbaycan KP MK-nın birinci katibi) seçilməsi, respublika həyatının bütün sahələrində olduğu kimi, mədəni inkişafda da yeni bir mərhələnin başlanğıcı idi. Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi illərdə Azərbaycanın mədəniyyətinin, incəsənətinin tərəqqisi, dunyada tanınması üçün müstəsna xidmətlər göstərib. Bu diqqət və qayğının mühüm bir hissəsi Azərbaycan musiqisinin inkişafı ilə bağlı olub.
   
   Heydər Əliyev xalqımızın dərin köklərə malik olan milli musiqisinin və eyni zamanda professional musiqi sənətinin gözəl bilicisi idi. Milli və professional musiqimizin dünyada tanınması, bəstəkarların, ifaçıların və musiqişünasların fəaliyyətinin yüksək qiymətləndirilməsi, yaradıcılıq evlərinin tikilməsi, maddi təminatlarının yaxşılaşdırılması, fəxri adlar, orden və medallarla təltif olunması və daha neçə-neçə bu cür əvəzsiz xidmətlər məhz Heydər Əliyevin adı ilə bağlıdır. “Bizdən sonra əməllərimiz qalacaq” deyən müdrik şəxsiyyətin mədəniyyətimizin, o cümlədən musiqimizin himayəsi yönündə gördüyü işləri tarixin yaddaşına köçürmək bizim mənəvi borcumuzdur. Bu fikri Heydər Əliyevin qayğı və diqqəti sayəsində yüksək sənət zirvələri fəth etmiş hörmətli sənətkarlarımız da dönə-dönə vurğulayırlar. Onlardan bir neçəsinin ürək sözlərini və xatirələrini oxuculara təqdim edirik.
   Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor, Xalq artisti Firəngiz Əlizadə:
   “Heydər Əliyev zəngin ensiklopedik biliyə malik olan dahi şəxsiyyət idi. Bu mənada incəsənətin bir qolu olan musiqi də onun diqqətindən kənar deyildi. O, musiqini çox sevir, bu sənətin sirlərini dərindən bilirdi. Görkəmli musiqiçilərlə yaxın ünsiyyəti vardı və münasibətlər musiqi sənətinin inkişafına xidmət edirdi. Məsələn, onun maestro Niyazi ilə dostluğu bir çox layihələrin həyata keçməsində mühüm rol oynamışdı. 1970-ci illərin əvvəllərindən başlayaraq Heydər Əliyevin təşəbbüsü ilə maestro Niyazi hər ayın cümə günləri Dövlət Filarmoniyasında simfonik musiqi axşamları təşkil ediridi. Bu konsertlərin ən böyük əhəmiyyəti təbliğat xarakteri daşıması, yəni insanların klassik musiqi ilə maariflənməsi idi. Həmin musiqi axşamlarında o vaxt Mərkəzi Komitənin bütün üzvləri, bəstəkarlar, musiqişünaslar və digər peşə, elm sahibləri iştirak edirdilər. Heydər Əliyev həyat yoldaşı Zərifə xanımla bu konsertlərdə müntəzəm iştirak edir, hər dəfə də musiqiçilərlə görüşüb, onlarla öz fikirlərini bölüşürdü. Hətta musiqi ilə bağlı çox ciddi suallar da verirdi. Odur ki, bütün musiqiçilər onunla görüşəndə özlərini sanki imtahan verirmiş kimi hiss edirdilər.
   Yadımdadır ki, bir dəfə o, musiqiçilərə belə bir sualla müraciət etmişdi: “Doğrudanmı Çaykovski Vaqnerin simfonik musiqisini qəbul edərək, onun operada qüsurları olduğunu söyləyib?” Heydər Əliyevin sualını məşhur musiqişünas alim Elmira Abbasova cavablandıraraq bu məsələni izah etdi. Bu, Heydər Əliyevin musiqi sənəti ilə bağlı ən incə və qəliz mətləbləri də dərindən bilməsinə gözəl nümunə idi.
   Yadımdadır ki, o, Bəstəkarlar İttifaqının V qurultayında böyük bir məruzə ilə çıxış etmişdi. Musiqinin müxtəlif janrlarından ətraflı danışaraq irihəcmli musiqi janrlarını xüsusi vurğulamış və bu janrları inkişaf etdirməyin vacibliyini bildirmişdi. Bu, bəstəkarlara yeni musiqi əsərlərinin yazılması üçün mühüm bir tövsiyə idi.
   Dahi şəxsiyyətin görkəmli bəstəkarlar Qara Qarayev və Fikrət Əmirovla çox səmimi münasibətləri var idi. Bu diqqət, qayğı respublikamızdan kənarda özünü xüsusilə göstərirdi. Unudulmaz bəstəkarımız Fikrət Əmirov SSRİ Dövlət Mükafatına layiq görülmüşdü. Bu münasibətlə onun Kreml Sarayında “Min bir gecə” baleti nümayiş etdirilirdi. Tamaşaqabağı hamıda belə bir sual yaranmışdı: «Görəsən, Heydər Əliyev gələcək?». Çünki o zaman Heydər Əliyevin Siyasi Büronun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi işləri də həddən ziyadə çox idi. Bir də gördük ki, Heydər Əliyev Zərifə xanımla birlikdə salona daxil oldular. Bu an hamının üzündə böyük bir sevinc hiss olundu. Bu, ulu öndərin xalqına, onun sənətkarlarına və milli-mənəvi dəyərlərinə böyük məhəbbət və hörmətinin ifadəsi idi. Belə unudulmaz xatirələr çoxdur”.
   Bu maraqlı xatirələrdən sonra Firəngiz Əlizadənin böyük liderə həsr etdiyi “İthaf” əsərindən də danışmaq məqamıdır. Bu barədə bəstəkarın dediklərindən:
   “Heydər Əliyev mədəniyyət ocaqlarının bərpasına, təmirinə xüsusi diqqət yetirirdi. Dünya şöhrətli musiqiçi və Heydər Əliyevin yaxın dostu Rostropoviçlə belə məsləhətləşdik ki, Dövlət Filarmoniyasının təmirdən sonra açılışı zamanı (2003-cü il - red.) mənim ulu öndərə həsr etdiyim bu əsər səslənsin. Amma təəssüf ki, bizim istədiyimiz kimi olmadı, həmin il böyük öndər dünyasını dəyişdi. Əsərin ilk ifası zamanı səhnədə Heydər Əliyevin portreti qoyulmuşdu. Rostropoviç səhnəyə çıxıb üzünü həmin şəkilə tutaraq öz violençelində İ.S.Baxın “Farabanda”sını ifa etdi. Sonra orkestrlə mənim “İthaf” əsərimi səsləndirdi. Bu bizim dahi şəxsiyyətin ruhuna ehtiramımızın bir zərrəsi idi. Çünki ona, onun xatirəsinə ehtiram sonsuzdur. Odur ki, Azərbaycan musiqisində bu dahi şəxsiyyətə həsr olunan əsərlər yaranır və yaranacaq».
   Heydər Əliyev Azərbaycan milli və professional musiqi sənəti, ifaçılar, bəstəkarlar və musiqişünaslar haqqında çox dəyərli fikirlər söyləyib. Nə yaxşı ki, onların əksəriyyəti lent yazılarında qorunub saxlanılır. Həmin qiymətli yadigarlar içərisində Heydər Əliyevin 1995-ci ildə dahi bəstəkar Ü.Hacıbəyovun 110 illik yubileyində etdiyi geniş çıxış da var. Onun dahi bəstəkar haqqında dediklərindən:
   “Üzeyir Hacıbəyov fövqəladə fitri istedadı ilə, böyük fədakarlığı, mükəmməl təhsili, elmi ilə, vətənpərvərliyi, ictimayi-siyasi fəaliyyəti ilə Azərbaycan xalqının böyük şəxsiyyətlərindən biri olmuş, dünya korifeylərinin ön sıralarında duran və Azərbaycanı təmsil edən görkəmli şəxsiyyət olmuşdur”.
   Bu bir cümlədə böyük bəstəkarın siması öz əksini tapır.
   Azərbaycan musiqi sənəti tarixində ulu öndər Heydər Əliyevin belə dolğun kəlamları çoxdur. Bu yerdə unudulmaz bəstəkarımız Vasif Adıgözəlovun 2004-cü ildə Heydər Əliyev haqqında dediklərini yada salmaq istərdim:
   “Bu gün xalqımızın ümummlli lideri Heydər Əliyev haqqında danışmaq mənim üçün çətindir. Çünki biz həmişə onu məğrur bir sərkərdə kimi, uca bir dağ kimi qarşımızda görmüşük. Indi isə bu dahi şəxsiyyət haqqında xatirə söyləyirik. Amma əsl xoşbəxtlik odur ki, ölümündən sonra əbədi olaraq yaşayasan. Heydər Əliyev Tanrının yetirdiyi belə xoşbəxt insanlardandır. Onun Azərbaycan mədəniyyətinə göstərdiyi qayğı heç vaxt unudula bilməz. O, bəstəkarların yaxın dostu idi. Vaxtilə SSRİ dövründə Azərbaycanın bir neçə görkəmli sənətkarına ən böyük fəxri ad olan “Sosialist Əməyi Qəhrəmanı” adı verilmişdi. Bu sənətkarlar Qara Qarayev, Fikrət Əmirov, Niyazi və Rəşid Behbudov idi. Bu fəxri adların sənətkarlarımıza verilməsi, onların yüksək sənətkarlığı ilə bərabər, eyni zamanda, respublikaya rəhbərlik edən Heydər Əliyevin yüksək nüfuzunun təcəssümü idi.
   1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra o, respublikamız üçün ən çətin dövrdə də incəsənət xadimlərinin sənətlə məşğul olmaları üçün lazımi şərait yaratdı, onları mənzillə təmin etdi, Prezident təqaüdü ayırdı. Əlbəttə bu dahi şəxsiyyət haqqında çox danışa bilərik. Çünki hansı sahəyə nəzər yetirsək, hansı sənətkarın yaradıcılığına müraciət etsək orada Heydər Əliyevin misilsiz rolunun və xidmətinin şahidi oluruq”.
   Daha bir sənətkar sözü - Xalq artisti Ramiz Mirişlinin dediklərindən:
   “Ümummilli lider Heydər Əliyevin həyatı neçə-neçə sənət adamlarına ilham verib. Onun əməlləri həyatda reallaşdığı kimi, sənətdə də əbədiləşib. Xoşbəxtəm ki, bu şəxsiyyət haqqında yazmaq səadəti mənə də nəsib olub. “Məşəl kimi yana ürək”, “Adın şöhrət-şan yerimiz”, “Heydər ata” mahnılarım sevilib və ifaçıların repertuarında özünə yer tapıb. Mən də haqlı olaraq qürur hissi keçirirəm ki, bu dahi şəxsiyyətlə ünsiyyətdə olub, onun qayğı və diqqəti ilə əhatə olunmuşam. Bəstələdiyim musiqi nümunələrini bu böyük dahinin-Heydər Əliyevin şəxsiyyəti və ruhu qarşısındakı mənəvi borcumun bir zərrəsi hesab edirəm”.
   Heydər Əliyevin xalqı və Vətəni qarşısındakı misilsiz xidmətləri Azərbaycan tarixinin səhifələrinə əbədi həkk olunub, incəsənətin, musiqinin dili ilə də özünün yüksək təcəssümünü tapıb, onun haqqında neçə-neçə ölməz sənət əsəri yaranıb. Azərbaycan bəstəkarlarının yaratdığı belə əsərlərdən bir neçəsinin adını çəkmək yerinə düşərdi: Cövdət Hacıyevin “8 saylı “Onu zaman seçib” simfoniyası”, Arif Məlikovun “8 saylı “Əbədiyyət” simfoniyası”, Ramiz Mustafayevin “Atamız Heydər”, Sərdar Fərəcovun “Böyük vətəndaş haqqında” odaları, Vasif Adıgözəlovun “Azərbaycan” kantatası, Tofiq Bakıxanovun “Xatirə” poeması, Firəngiz Əlizadənin “İthaf” əsəri, gənc bəstəkar Vasif Allahverdiyevin “Ömür yolu” simfonik poeması və digər əsərlər bu qəbildəndir. Bu əsərlərdə ulu öndərin həyat və fəaliyyəti öz əksini tapıb.
   Heydər Əliyevin əziz xatirəsi təkcə ürəklərdə deyil, bax beləcə sənət əsərlərində, musiqidə əbədiləşərək tarixin yaddaşına köçüb. Onun ömür yolu hələ neçə-neçə sənət əsərlərinə qanad verəcək, neçə-neçə musiqi əsərində Heydər Əliyevin şəxsiyyəti canlanacaq.
   
   Səadət Təhmirazqızı,
   musiqişünas







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar