Avstraliyanın “Bird Walk Records” şirkəti ötən il Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş “Şərq təranələri” beynəlxalq müsabiqəsinin qalibi, azərbaycanlı xanəndə Qoçaq Əsgərovun diskinı buraxıb.
Qoçaq Əsgərov bildirib ki, ifasının Avstraliyanın yerli radio dalğalarında səslənməsi ərəfəsində musiqi şirkətinin nümayəndələri tərəfindən onun albomunu buraxmaq ideyası meydana çıxıb. Şirkətlə uğurlu əməkdaşlıqda xanəndəyə UNESCO-nun eksperti, musiqişünas Sənubər Bağırova dəstək verib.
Albom hazır olan kimi bu il Böyük Britaniyada keçirilən “Womad” beynəlxalq dünya musiqi mədəniyyəti və rəqsləri festivalının iştirakçılarına təqdim edilib.
Xatırladaq ki, Azərbaycanı həmin festivalda Qoçaq Əsgərovun solisti olduğu “Turan” qrupu təmsil edib. Daha sonra yüksək tirajla buraxılan toplu bu günlərdə Azərbaycana gətirilib.
Xanəndənin məlumatına görə, albom beynəlxalq səviyyədə buraxıldığı üçün onun yazılı təqdimatı ingilis dilində aparılıb. İlk səhifəsi “Mugam Ensemble “Turan” Music From Azerbaijan”la başlayan təqdimatdan sonra alboma solist Qoçaq Əsgərovun, kamança ifaçısı Elnur Mikayılov və Əməkdar artist, tarzən Malik Mənsurovun adları qeyd edilib.
Albomun məlumat kitabçasında Azərbaycan muğamının tarixi barədə, muğam triosunun bioqrafiyası, nailiyyətləri haqqında məlumatlar dərc olunub. Topluda milli alətlərimizdən olan tar, kamança, nağara, qaval, ud haqqında da məlumat yer alıb.
Diskə Qoçaq Əsgərovun ifasında “Bayatı-Şiraz”, “Çahargah” muğamları, “İrəvanda xal qalmadı” xalq mahnısı, “Buludlar” təsnifi və musiqisi Kamalın, sözləri Baba Vəziroğlunun olan “Səndən nigaranam” bəstəkar mahnısı daxil edilib.
Bu günlərdə xanəndənin saytı (qochaqesgerov.az) da istifadəyə verilib. Sayt bioqrafiya, yaradıcılıq, audio, video, fotoqalereya və s. bölmələrindən ibarətdir.