Türkiyənin Yalova şəhərində Yalova Folklor Təhsil Mərkəzinin təşkilatçılığı ilə XIII Türk Boyları Mədəniyyət Festivalı keçirilir. İyulun 17-də açılan festivalda Azərbaycandan folklor qrupu və rəssamlar da iştirak edirlər.
   
   Festivalın açılış mərasimindən əvvəl Azərbaycan, Qazaxıstan, Şimali Kipr, Rumıniya, Makedoniya, Bolqarıstan, Ukraynanın Krım vilayəti, Rusiya Federasiyasının Çeçenistan və Tatarıstan respublikalarından gəlmiş folklor qrupları mənsub olduqları ölkələrin dövlət bayraqları ilə şəhərin mərkəzi meydanından keçiblər.
   Yalovanın Barış Manço adına teatrında keçirilmiş açılış mərasimində çıxış edən Türkiyənin Dövlət naziri Faruk Çəlik müxtəlif ölkələrdən 20 rəqs qrupu və 500 incəsənət xadiminin iştirak etdiyi bu festivalı türk toplumlarının yaxınlaşması və türk mədəni irsinin qorunması yolunda mühüm addım adlandırıb. Azərbaycandan gəlmiş rəqs qrupunun üzvləri Faruk Çəlikə xatirə hədiyyəsi təqdim ediblər.
   Şeir məclisləri, rəssamların əsərlərindən ibarət sərgi və simpoziumun da yer aldığı festival iyulun 21-də başa çatacaq.