TÜRKSOY yeni layihəyə start verdi
Musiqi qədər heç bir sənət insanları yaxınlaşdırmır, bir araya gətirmir. Elə buna görə də TÜRKSOY üzv ölkələrin istedadlı konservatoriya tələbələrini bir araya gətirən «TÜRKSOY Gənclik Kamera Orkestri»nin qurulmasına qərar verdi.
Orkestr qurumun baş katibi Düsen Kaseinovun təşəbbüsü ilə qurulub. Layihənin məqsədi gənc musiqiçiləri bir araya gətirmək, onların istedadlarını nümayiş etdirmək, türk dünyası klassik musiqi əsərlərinin daha çox tanınmasına şərait yaratmaqdır. Orkestrin dirijoru Qazaxıstandan olan uyğur mənşəli maestro, Almatı Konservatoriyasının professoru Ənvər Əkbərovdur.
TÜRKSOY tərəfindən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Başqırdıstan və Tatarıstan konservatoriyalarının tələbələrindən ibarət yaradılan orkestr ilk konsert proqramına 2010-cu ildə Avropanın «Mədəniyyət paytaxtı» elan edilmiş İstanbulda start verilib. Konsert proqramının açılış mərasimi avqustun 2-də gerçəkləşib. Qeyd edək ki, ilk konsert bu günlərdə vəfat edən Rusiyanın «Bolşoy Teatrı»nın ünlü qazaxıstanlı musiqiçisi, tatar mənşəli Fuat Mansurovun xatirəsinə həsr edilib. TÜRKSOY qurulduğu gündən bəri qurumun fəal üzvlərindən olan Azərbaycan bu tədbirdə də öz ənənəsinə sadiq qalıb.
Repertuarlarında türk dünyasının görkəmli bəstəkarları - Q.Qarayev, S.Mədətova, T.Kajqaliyeva ilə yanaşı, İ.S. Baxın, A. Şnitkenin, D.Şostakoviçin əsərləri daxil edilən orkestrdə üç azərbaycanlı tələbə - Nigar İbrahimova, Mustafa Mehmandarov, Üzeyir Mahmudbəyli iştirak edirlər. Onlar həm də Türkiyədə konservatoriyada təhsil alırlar.
Avqustun 4-də konsert proqramı Türkiyənin paytaxtı Ankarada yekunlaşacaq.
Daha sonra orkestr Almaniyada düzənlənəcək Uluslararası Simfonik Musiqi Festivalına qatılaraq avropalı musiqiçilərlə birlikdə konsert verəcək.
Mehparə