Qəbələ Beynəlxalq musiqi festivalı Azərbaycan mədəniyyətinin dünyada təbliğinə daha bir töhfə oldu
   
   Azərbaycan tarixin müxtəlif dövrlərində çeşidli mədəniyyətlərin qovuşduğu məkan olub, həm Şərq, həm də Qərb xalqlarını öz qeyri-adi istedadları ilə çox təəccübləndirib. Xalqımız elmin, mədəniyyətin bütün sahələrində yetirdiyi dahiləri ilə dünya mədəni irsinə töhfələr verib. Azərbaycanın zəngin mədəniyyətinin, musiqisinin dünyada daha yüksək səviyyədə təbliği üçün mütəmadi olaraq beynəlxalq miqyaslı tədbirlər, festivallar keçirilir.
   
   Eramızdan çox-çox əvvəl Qafqaz Albaniyasının paytaxtı kimi tanınan Qəbələ şəhəri iyulun 25-dən avqustun 5-dək belə bir mötəbər tədbirə ev sahibliyi etdi. Həm də bənzərsiz təbiəti ilə dünyanın bir çox yerlərindən təşrif buyurmuş qonaqları heyrətləndirdi. Artıq ikinci dəfədir ki, təşkil olunan Qəbələ Beynəlxalq musiqi festivalı Azərbaycan mədəniyyətinin dünyada təbliğinə böyük töhfə oldu.
   Festivalın belə yüksək səviyyədə təşkilində və beynəlxalq əhəmiyyətinin artmasında Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətləri əvəzolunmazdır.
   UNESCO-nun baş direktoru İrina Bokovanın festivalda iştirakı da tədbirin beynəlxalq nüfuzunun daha bir göstəricisi idi. “Bu festival Azərbaycanın zəngin musiqi irsi ilə tanışlığa şərait yaradır. Azərbaycan müxtəlif mədəniyyətlərin qovuşduğu bir məkandır və bu festival da həmin mədəniyyətləri yüksək səviyyədə təqdim edəcəkdir“, - deyə İrina Bokova festivalda iştirakından məmnunluğunu ifadə edib.
   2009-cu ildə ABŞ, Rusiya, Çin, Xorvatiya və digər ölkələrin mədəniyyət nümayəndələrinin qatıldığı festivalda bu dəfə daha çox ölkə təmsil olunurdu.
   Bu isə o deməkdir ki, Qəbələ Beynəlxalq musiqi festivalı yeniləşən, inkişaf edən, daha doğrusu qloballaşan dünyada xalqlararası yaxınlaşma, bir-birini tanıma və anlama baxımından olduqca əhəmiyyətlidir.
   Qəbələ II Beynəlxalq musiqi festivalı avqustun 5-də başa çatdı. Lakin dünyanın inkişaf etmiş ölkələrinin böyük sənət xadimlərinin qatıldığı bu möhtəşəm tədbirin əks-sədası çox yerdə hiss olundu. Onlarca, yüzlərcə qəlblərdə, könüllərdə rəngarəng təəssüratlar yaratdı. Söz yox ki, hələ xeyli vaxt Şərqin və Qərbin mədəniyyət aləmi bu festivalın təəssüratı ilə yaşayacaq. UNESCO-nun baş direktorunun qeyd etdiyi kimi, həqiqətən festival Azərbaycanın musiqi ruhunun bayramına çevrildi.
   
   Savalan Fərəcov