Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilmiş Qəbələ İkinci Beynəlxalq musiqi festivalının başa çatmasından bir həftəyə yaxın vaxt ötsə də, bu möhtəşəm tədbirin yekunları dünyanın musiqi ictimaiyyəti arasında geniş müzakirə olunmaqdadır. Festivalın iştirakçıları, tədbiri işıqlandırmaq üçün Azərbaycanda olmuş dünyanın aparıcı KİV-lərinin təmsilçiləri bu gözəl musiqi bayramını geniş şərh edir, Azərbaycanla bağlı xoş təəssüratlarını bölüşürlər. Qəbələ İkinci Beynəlxalq musiqi festivalında iştirakı ilə bu möhtəşəm musiqi bayramının nüfuzunu yüksəltmiş Böyük Britaniyanın dünya şöhrətli London Kral Filarmonik Orkestrinin üzvü Donkan Quld festival başa çatdıqdan sonra tədbirdən, ümumiyyətlə, Azərbaycana ilk səfərindən aldığı təəssüratları bölüşüb: “Birinci dəfədir ki, Azərbaycandayam. Bakıdan bu gözəl guşəyə - Qəbələyə gələrkən sanki bir sərgüzəşt yaşadıq. Düşünürəm ki, 10 gündən artıq bir müddətdə burada ifa etdiyimiz musiqi parçaları Azərbaycanın təkrarolunmaz təbiətinin və milli musiqisinin gözəlliklərinə yeni rənglər əlavə etdi. Zənnimcə, Qəbələ festivalı yaxın gələcəkdə dünya səviyyəli musiqi tədbirləri sırasında öz layiqli yerini tutacaq. Festival hələlik ikinci dəfədir keçirilir və ümid edirəm ki, bu ənənə uzun müddət davam edəcək”.