Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı simfonik orkestri avqustun 5-dən 9-dək Avropanın ən mötəbər musiqi festivallarından sayılan Münxen Opera Sənəti Festivalında iştirak edib. Dünyanın 36 ölkəsindən dirijor, rejissor və vokal sənəti ulduzlarının iştirak etdiyi festival çərçivəsində bütün konsert və tamaşalar anşlaqla keçib, Almaniya və Avropanın digər ölkələrinin KİV və telekanalları vasitəsilə geniş işıqlandırılıb.
   
   Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı simfonik orkestri avqustun 8-də festivalın Qrand-Final konsertində iştirak etmək şərəfinə layiq görülüb. Konsertdə dünya şöhrətli məşhur vokalçılar - Qustavo Kazanova (İspaniya), Mariya Joze Rodriqes (Meksika), Uvone Fontane (Böyük Britaniya) və başqaları çıxış ediblər. Qərbi Avropanın məşhur bəstəkarları J.Bize, R.Leonkovallo, D.Donisetti, C.Puççini, Berlioz, Vaqner, C.Verdi, C.Rossini, C.Veber, J.Offenbax və başqalarının populyar əsərlərinin ifa olunduğu konserti Münxen Opera Sənəti Festivalının baş dirijoru və bədii rəhbəri Korneliya fon Kerssenbrofk idarə edib.
   Xalq artisti, professor Cavanşir Cəfərovun dirijorluğu ilə ifa edilən nömrələr arasında isə Azərbaycan bəstəkarları Qara Qarayev, Fikrət Əmirov və Polad Bülbüloğlunun musiqisi də yer alıb. Tamaşaçılar vokalçıların və simfonik orkestrin çıxışlarını böyük coşqunluqla və sürəkli alqışlarla qarşılayıblar.
   Konsertin sonunda simfonik orkestr Q.Qarayevin “Yeddi gözəl” baletindən vals ifa edərkən 2500 nəfərlik zaldakı bütün tamaşaçılar ayağa qalxaraq musiqiçilərimizi alqışlayıblar. Zaldan “bravo, orkestr”, “bravo, Azərbaycan” sədaları ucalıb.
   Qala-konsertdə iştirak edən “Volkswagen” avtomobil şirkətinin prezidenti Martin Vinterkorn həyat yoldaşı ilə birlikdə musiqiçilərimizə yaxınlaşaraq onları təbrik edib: “Biz bugünkü konsertdən böyük zövq aldıq. Orkestr yüksək professional səviyyədə çıxış etdi. Dünyanın ən məşhur bəstəkarlarının mürəkkəb əsərləri orkestrin ifasında böyük ustalıqla ifa olundu. Bu çıxış göstərdi ki, Azərbaycan təkcə öz nefti ilə deyil, həm də yüksək akademik sənəti və professionallardan ibarət simfonik orkestri ilə fəxr edə bilər. Bugünkü musiqi bayramını mən və həyat yoldaşım hər zaman xatırlayacağıq”.
   Festivalın gedişini işıqlandıran qəzetlərdən bir çoxu, o cümlədən “Münchener Merkur”, “Oberbayerisches Folksblat”, “Süddeutsche Zeitung” və başqaları öz səhifələrində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestrinin ifaçılıq səviyyəsi haqqında yüksək fikirlər qeyd ediblər.
   Qala-konsertdən sonra festivalın direktoru, tanınmış alman biznesmeni və ictimai xadim Lüdviq Bauman deyib: “Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestrinin professional səviyyəsinə bələd olduğumuzdan artıq üçüncü ildir ki, onu festivala dəvət edirik. Azərbaycanlı musiqiçilərin istedadı məni heyran edir. Simfonik orkestrin qala-konsertdəki çıxışı fantastik oldu. Mən və Korneliya Kerssenbrofk bir neçə dəfə Azərbaycanda olmuşuq. Bu ölkəni, onun qonaqpərvər və istiqanlı xalqını çox sevirik. Fəxr edirik ki, Azərbaycanla dostluq edirik. Nə qədər ki, biz varıq, hər il Azərbaycan Opera və Balet Teatrının möhtəşəm simfonik orkestrini bu festivala dəvət etməkdən böyük şərəf duyacağıq”.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar