Almaniyanın Bayroyt şəhərində səfərdə olan TÜRKSOY-un gənclərdən ibarət kamera orkestri 60-cı Bayroyt Beynəlxalq Festivalının açılış mərasimində uğurla çıxış edib. Böyük alman bəstəkarı Rixard Vaqnerə həsr olunmuş bu musiqi forumu ənənəvi olaraq hər il keçirilir. Qazaxıstanlı məşhur maestro Anvar Akbarovun rəhbərlik etdiyi TÜRKSOY kamera orkestrinin bu nüfuzlu yaradıcı forumda çıxışı, bir ay davam edəcək festivalın açılış mərasiminin bəzəyinə çevrilib.
   
   Ansamblın yaradıcı kollektivinin ifasında İ.S.Baxın “3 nömrəli Brandenburq konserti”, S.Mədətovun (Qırğızıstan) “Qızlar rəqsi”, habelə görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin “Üç miniatür” əsərindən ikisi festivalın iştirakçıları tərəfindən sürəkli alqışlarla qarşılanıb.
   Açılış mərasimində gənc artistlərin Beynəlxalq Bayroyt Festivalının İcraiyyə Şurasının prezidenti Andreas Loyeş, festivalın direktoru Sissi Tammer, Bayroyt şəhərinin ober-burqomistri Mixael Qol, Almaniyanın Federal Maliyyə Nazirliyinin parlament katibi Hartmut Koşik, TÜRKSOY-un baş katibi Düsen Kaseinov ürək sözlərini söyləyiblər.
   TÜRKSOY-un baş katibi çıxışında qeyd edib ki, gənclərdən ibarət kamera orkestrinin bu beynəlxalq layihəsi UNESCO tərəfindən “Mədəniyyətlərin yaxınlaşması ili” elan olunmuş 2010-cu ilə həsr edilib. O, dünyanın yaradıcı gənclərinin dostluğu sayəsində mədəniyyətlər və dinlər arasında dialoqu möhkəmlətmək məqsədi güdən bu cür aksiyaların əhəmiyyətini vurğulayıb. Düsen Kaseinov deyib: “Bizim kollektiv gənc artistlərin Bayroyt Festivalından əvvəl Ankarada və İstanbulda uğurlu çıxışlar edib. Birinci konsert Fuat Mansurovun xatirəsinə həsr edilmiş, ikincisi isə gənclərdən ibarət orkestrlərin 1-ci İstanbul Beynəlxalq Festivalı çərçivəsində təşkil edilmişdi. Beləliklə, gənclərdən ibarət TÜRKSOY kamera orkestri Avrasiyanın 3 paytaxtını - Türkiyənin paytaxtı Ankaranı, bu il “Avropanın mədəniyyət paytaxtı” elan edilmiş İstanbulu və Vaqner irsinin vətəni Bayroytu incəsənətin köməyi ilə bir-birinə bağlayır. Mən bütün bunları küll halında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı tərəfindən Şərq ilə Qərb arasında ucaldılmış qarşılıqlı anlaşma körpüsü hesab edirəm”.
   TÜRKSOY kamera orkestri Spitalkirşe kilsəsində də solo konserti verib. Maestro Akbarovun sənətinin çoxsaylı pərəstişkarları bu konsertə toplaşmışdı. Onlar 15 il bundan əvvəl elə həmin şəhərdə Akbarovun rəhbərlik etdiyi Qazaxıstan orkestrinin çıxışlarını hələ də xatırlayırlar.    







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar