Bakı Musiqi Akademiyasının tələbələri Kamran Mirzəyev, Kamran Sərkərov, Nərgiz Əliyeva və Kənan Mayılov avqustun 3-dən 18-dək Koreya Respublikasında (Cənubi Koreya) səfərdə olublar.
Gənc musiqiçilər Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin təşəbbüsü ilə bu ölkədəki “İpək yolu” Fondu tərəfindən təşkil edilmiş İpək yolu ölkələrinin əlil və aztəminatlı uşaqlarından ibarət orkestrin tərkibində yer alıblar.
Səfirlikdən bildiriblər ki, Azərbaycan təmsilçiləri digər İpək yolu ölkələrinin musiqiçiləri ilə birlikdə məşqlərdə olub və üç mədəniyyət mərkəzində klassik musiqidən ibarət konsert proqramı ilə çıxış ediblər.
Sonuncu konsert avqustun 17-də Seulun ən böyük mədəniyyət mərkəzi olan “Sejong Art Center”də təşkil olunub.
Konsertə çoxlu tamaşaçı ilə yanaşı, Koreya Respublikasının xarici işlər və ticarət nazirinin müavini Ço Hyun, “İpək yolu” Fondunun prezidenti Kanq Deok Su, Azərbaycanın Seuldakı səfirliyinin əməkdaşları, eləcə də digər diplomatik missiyaların nümayəndələri qatılıblar. Azərbaycanın gənc musiqiçilərinin çıxışları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.