Əsrarəngiz orqan alətinin səsi insanı hər zaman valeh edən, onu möcüzəli aləmə aparan bir musiqi olub. Azərbaycanda orqan ifaçılığının təşəkkülü respublikanın Əməkdar artisti, professor Zəhra Cəfərovanın adı ilə bağlıdır. 1961-ci ildə onun təşəbbüsü ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) fortepiano şöbəsinin nəzdində orqan sinfi təşkil edilib. 1995-ci ildə isə həmin sinfin əsasında “Orqan və klavesin“ kafedrası açılıb.
   
   Zəhra xanımın təşəbbüsü ilə 1961-ci ildə Konservatoriyada kiçik tədris orqanı, 1964-cü ildə böyük zalda konsert orqanı, 1990-cı ildə isə Kamera və orqan musiqisi zalında konsert orqanı quraşdırılıb.
   Elə bu illərdən başlayaraq Azərbaycan bəstəkarlarının orqan aləti üçün nəzərdə tutulmuş orijinal əsərləri yaranmağa başlayıb. Zəhra xanım mahir ifaçı olmaqla yanaşı, həm də istedadlı pedaqoq idi. Onun yetişdirdiyi ifaçılar hazırda “Orqan və klavesin“ kafedrasında çalışırlar.
   Kafedranın yarandığı gündən böyük həvəslə çalışan ifaçılardan biri də Əməkdar incəsənət xadimi Rəna İsmayılovadır. Konservatoriyanı fortepiano və orqan sinifləri üzrə bitirən Rəna xanım orqan sənətinə daha dərindən yiyələnmək üçün P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasına daxil olub. Burada məşhur orqan çalan, professor L.Royzmandan dərs alıb. Bu dərslər gələcək ifaçının peşəkar kimi yetişməsinə, öz dəst - xətti ilə seçilən ifaçılıq, pedaqoji və ictimai fəaliyyətinə böyük kömək edir.
   Rəna xanım peşəkar ifaçılıq üslubu ilə - virtuoz manual və pedal texnikası, əsərin məzmun və formasının dəqiq duyumu, ziddiyyətli obrazlar palitrası yaratmaq bacarığı, artistlik qabiliyyəti ilə dinləyicilərin məhəbbətini qazanıb. O, həm də hər bir solist üçün vacib olan xüsusiyyətə - ansambl duyumuna malikdir. Ansamblda əvəzedilməz tərəfdaş olan Rəna xanım bir sıra məşhur ifaçılarla - Rusiyanın Əməkdar artisti V.Tonxa, Azərbaycanın xalq artistləri Fidan və Xuraman Qasımovalar, S.Qəniyev, Ç.Məmmədov, A.Manaflı, R.Abdullayevlə orijinal, yüksək peşəkar səviyyəli işləmələrin və transkripsiyaların müəllifi olub.
   O, həmçinin F.Əlizadə, S.İbrahimova, N.Məmmədov, F.Hüseynov, N.Əliverdibəyov, R.Həsənova, C.Abbasovun orqan və kamera orkestri üçün yazdıqları əsərlərin ilk ifaçısıdır.
   Azərbaycan bəstəkarlarının əksər orqan əsərləri Rəna xanımla sıx yaradıcı ünsiyyətdə yaranıb. O, xalq musiqi yaradıcılığı ilə orqan ifa üslubunun qovuşmasını dəqiq hiss edərək maraqlı təfsir formaları yaradır.
   Azərbaycan orqan musiqisinin yayılması sahəsində Rəna xanımın digər fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Onun redaktorluğu altında ilk dəfə “Azərbaycan bəstəkarlarının orqan musiqisi“ adlı ikicildlik not məcmuəsi işıq üzü görüb.
   Rəna İsmayılova maraqlı layihələrin, orijinal mövzulu konsertlərin - alman, fin, norveç, fransız, ingilis musiqi gecələrinin, “Orqan dünən və bu gün“ adlı silsilə konsertlərin təşkilatçısı və iştirakçısı olub. Son zamanlar Rəna xanım Almaniyanın bir çox şəhərlərində xarici və eyni zamanda Azərbaycan bəstəkarlarının əsərlərinin mahir təbliğatçısı kimi konsert proqramı ilə çıxışlar edir.
   Rəna xanım 1987-ci ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Orqan və klavesin“ kafedrasında müəllim işləyir. Onun istedadlı tələbələri arasında Azərbaycan orqan ifaçılarının I müsabiqəsinin laureatı Fuad Abdullayevin, həmin müsabiqənin diplomantı Sevinc İbrahimovanın adını çəkmək olar.
   İfaçılıq və pedaqoji fəaliyyəti ilə bərabər, Rəna xanımın ictimai fəaliyyəti də diqqətəlayiqdir. O, 1991-ci ildə Nijni Novqorodda keçirilən “Orqan dünən və bu gün“ adlı beynəlxalq konfransda, 1992-ci ildə Riqada “Qadınlar əmək bazarı şəraitində“ adlı beynəlxalq seminarda iştirak edib, 1994-cü ildə Dağlıq Qarabağdan olan qaçqın uşaqlar qrupuna rəhbər kimi xeyirxah missiya ilə Almaniyada səfərdə olub.
   Bu maraqlı sənət yolunda və nəcib işlərində Rəna xanıma uğurlar, cansağlığı arzulayır və yubileyi münasibətilə həmkarları, yoldaşları, tələbələri, sənətsevərləri adından təbrik edirik.
   
   Fidan Nəsirova,
   musiqişünas






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar