1908-ci il yanvarın 12-də Bakıda müsəlman Şərqinin ilk opera əsəri - “Leyli və Məcnun“ tamaşası nümayiş olunur. İki dahinin - Məhəmməd Füzuli və Üzeyir Hacıbəylinin yaradıcı təfəkkürünün məhsulu olan bu möhtəşəm əsər milli mədəniyyət tarixinə qızıl hərflərlə yazılan hadisə idi. Tamaşanın rejissoru Hüseyn Ərəblinski, dirijoru Əbdürrəhim bəy Haqverdiyev idi. Müəllif özü orkestrdə skripkada ifa edirdi. Ansamblı təşkil edənlər və xorda oxuyanlar Bakı məktəblərinin müəllimləri idi.
   
   “Leyli və Məcnun“ operasının sorağı bütün imperiyaya, çar Rusiyasının şəhərlərinə yayılır. İmperiyanın paytaxtı Sankt-Peterburqda nəşr olunan “ Ruskaya muzıkalnaya qazeta“ öz səhifələrində bu mövzuya yer ayırır. Qəzet 3 fevral 1908-ci il tarixli sayında yazırdı: “Yerli gənc musiqiçi və publisist Üzeyir Hacıbəyov Şərqdə ilk opera əsəri yazmışdır. Opera Bakıda Tağıyev teatrında oynanmışdır. “Leyli və Məcnun“ adlanan opera məşhur şair Məhəmməd Füzulinin əfsanəvi poeması əsasında bəstələnmişdir. Operada şairin bir çox şeirləri saxlanılmaqla libretto poema əsasında tərtib edilmişdir”.
   Parisdə çap olunan “Revyu de monde müzülman“ jurnalı “Qafqaz müsəlmanlarının opera sənəti“ adlı məqalə dərc edir. “Leyli və Məcnun“un uğurundan geniş söz açır. Sankt-Peterburqda çıxan “Rampa i jizn“ jurnalı öz səhifəsində Üzeyir Hacıbəylinin haqqında yazı dərc edir və şəklini verir.
   Göründüyü kimi, Azərbaycandan çox-çox uzaqlarda da Üzeyir Hacıbəylinin yaradıcılığı diqqəti cəlb edib.
   Ancaq doğma vətəndə, Bakıda bu işə laqeyd qalanlar da olmuşdu. Hətta “Zənbur” adlı jurnal karikaturasını da çəkmişdi. Görkəmli aktyor Mirzəağa Əliyev sonralar xatirələrində yazırdı: “Üzeyir ayağında çarıq, əynində cırıq arxalıq təsvir olunmuşdu. Sol tərəfində bir nəfər zurna çalır. Zurnanın içindən isə notlar çıxır”.
   Üzeyir Hacıbəylinin milli opera yazmasını istehza ilə qarşılayan “Zənbur“ jurnalı yazırdı: “Canım, birdən-birə biz italyannan musiqi barəsində bir cərgədə durduq? Dəxi buna nə sözün. Yevropalılar bir opera vücuda gətirməkdən ötrü nə qədər zəhmət çəkir!.. Amma biz müsəlman tayfası nə zəhmət çəkirik, nə elm oxuyuruq, elə özbaşına kompozitorluğa nail ola bilirik...”
   Əlbəttə, o vaxt xalqının fədakar övladlarına biganə qalan, uğurlarına eyham və kinayə ilə yanaşan nankorlar az olmayıb. Ancaq xalqını, millətini sevən və ziyalılarının uğurlarına “qanad açıb uçan“lar daha çox idi.
   Qori Seminariyasının məzunu Azad bəy Əmirov 12 yanvar 1918-ci il tarixdə Üzeyir Hacıbəyliyə məktubunda yazırdı: “Vaxt gələcək, tarix müsəlman həyatındakı bu müstəsna hadisəni öz səhifəsində qızıl hərflərlə yazacaq...”
   Bu gün biz həmin tarixin şan və şöhrətini bir daha yaşayırıq.
   
   Savalan Fərəcov