Sentyabrın 18-də dahi bəstəkar, professional Azərbaycan musiqisinin banisi, görkəmli publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi ilə əlaqədar Beynəlxalq musiqi festivalı başlandı. Sentyabrın 28-dək davam edəcək festivalın zəngin proqramı var.
   Ölkəmizin mədəni həyatında mühüm hadisə olan festivalda dünyanın bir çox ölkələrindən tanınmış sənətçilər iştirak edir. Festivala təşrif buyuran xarici qonaqlar Üzeyir Hacıbəyli irsi barədə dolğun məlumat alaraq mədəniyyətimizlə, musiqimizlə daha yaxından tanış olur, öz təəssüratlarını zənginləşdirirlər. Bu isə öz növbəsində Azərbaycan musiqisinin, Üzeyir Hacıbəyli yaradıcılığının dünyada daha geniş tanınması, təbliğ olunması deməkdir.

   
   Fəxri xiyabanda anım mərasimi
   
   Festival tədbirlərinə sentyabrın 18-də səhər Fəxri xiyabanda Üzeyir Hacıbəylinin məzarının ziyarət olunması ilə start verildi. Dahi bəstəkarın anım mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nazirliyin rəsmiləri, Bəstəkarlar İttifaqının üzvləri, tanınmış mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri, mətbuat mənsubları iştirak edirdi.
   Dövlət Xor Kapellasının ifasında “Leyli və Məcnun” operasından “Şəbi-hicran” simfonik etüdü ifa olundu. Mərasim iştirakçıları Fəxri xiyabanda görkəmli mədəniyyət və incəsənət xadimlərinin-Müslüm Maqomayevin, Bülbülün, Niyazinin, Fikrət Əmirovun xatirələrini də yaq etdilər, məzarları önünə gül dəstələri qoyuldu.
   Anım mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, ulu öndər Heydər Əliyevin 1995-ci ildə imzaladığı sərəncama əsasən hər il sentyabrın 18-i ölkəmizdə “Milli Musiqi günü” kimi qeyd olunur. Bu təqvimin iki böyük şəxsiyyətin - Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin doğum gününə təsadüf etdiyini deyən nazir ənənəyə sadiq qalaraq hər il dahi musiqiçilərin xatirəsinin geniş şəkildə anıldığını vurğuladı. Ü.Hacıbəylinin 125 illiyinə həsr olunmuş Beynəlxalq musiqi festivalının keçirilməsinin əhəmiyyətindən danışan Əbülfəs Qarayev dahi bəstəkarın yaradıcılığına, sənət irsinə beynəlxalq səviyyədə böyük maraq göstərildiyini diqqətə çatdırdı. “İştirakçıların coğrafiyası göstərir ki, bu festivala müxtəlif ölkələrin tanınmış musiqiçiləri böyük maraq göstərirlər. Festivalda Kanadadan Sinqapuradək müxtəlif ölkələrdən musiqiçilərin gəlməsi də buna sübutdur”.
   Üzeyir Hacıbəylinin yubileyinin müxtəlif ölkələrdə də qeyd olunacağını vurğulayan nazir sentyabrın 22-də Avstriyanın paytaxtı Vyanada bəstəkarın abidəsi qarşısında konsert təşkil olunacağını, Yunanıstanda azərbaycanlı musiqiçilərin də iştirakı ilə maraqlı konsert proqramının təqdim olunacağını bildirdi.
   
   Azərbaycan dövləti mədəniyyətin inkişafına hər zaman dəstək verir

   
   Daha sonra yubiley tədbiri Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qarşısında konsert proqramı ilə davam etdi. Konsertdən əvvəl çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Milli musiqi günü münasibətilə iştirakçıları təbrik etdi. Nazir ölkə başçısı İlham Əliyevin 23 fevral 2010-cu il tarixli sərəncamına əsasən görkəmli bəstəkarın yubileyinin təntənəli şəkildə qeyd olunduğunu bildirdi: “Üzeyir Hacıbəylinin doğum günü Azərbaycanın müxtəlif bölgələri ilə yanaşı, müxtəlif ölkələrdə də geniş şəkildə qeyd olunur, Azərbaycan musiqisinin təntənəsi nümayiş etdirilir. Artıq ikinci dəfədir ki, böyük bəstəkarın xatirəsinə həsr olunmuş Beynəlxalq musiqi festivalı keçirilir. Bu festivalda Kanadadan, Türkiyədən, Almaniyadan, Sinqapurdan, İsraildən, İsveçrədən musiqiçilər iştirak edəcəklər. Biz məmnunuq ki, Azərbaycanda beynəlxalq festival dünyanın tanınmış musiqiçilərini öz ətrafında cəlb edir”.
   Mədəniyyətimizin inkişafına dövlət tərəfindən hər zaman dəstək verildiyini deyən nazir Azərbaycan muğamının və aşıq sənətinin UNESCO-nun mədəni irs siyahısına daxil edilməsini xalqımızın müstəqillik dövründə əldə etdiyi ən böyük mədəni nailiyyət kimi səciyyələndirdi. Nazir dünya musiqi xəzinəsinə nadir incilər vermiş Ü.Hacıbəylinin musiqi irsinin uğurla davam etdiyini bildirdi.
   2010-cu ildə “Avropanın mədəniyyət paytaxtı” elan edilən İstanbulda beynəlxalq opera festivalının məhz Ü.Hacıbəylinin “Koroğlu” operası ilə yekunlaşmasını xatırladan nazir dahi bəstəkarın əsərlərinin türk dünyasını birliyə çağırdığını dedi. “Əgər Avropa miqyaslı tədbir Ü.Hacıbəylinin operası ilə yekunlaşırsa, deməli, Avropa artıq bu musiqini öz musiqisi kimi qəbul edir və bununla fəxr edir. Mən istərdim ki, “Koroğlu” operası bütün səhnələrdə səslənsin və bu, təkcə türk xalqlarının siyasi qüdrətini yox, eyni zamanda musiqi mədəniyyətinin gücünü nümayiş etdirsin”.
   
   Onun əsərləri sivilizasiyalararası dialoqa töhfədir
   
   Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə çıxışında Üzeyir Hacıbəylinin Azərbaycan musiqisinin inkişafındakı xidmətlərindən danışaraq “Bəstəkarın doğum günü münasibətilə keçirilən tədbirlər bir daha onun dahiyanə musiqilərinin əzəmətini, qüdrətini dərindən dərk etməyə imkan verir” dedi. F.Əlizadənin sözlərinə görə, dahi bəstəkarın əsərləri Azərbaycan mədəniyyəti adından sivilizasiyalararası dialoqa verilmiş böyük töhfədir: “Biz fəxrlə deyə bilərik ki, Ü.Hacıbəyli sivilizasiyalararası dialoqun ilk iştirakçısıdır. O, musiqilərində Avropanın bəstəkarlıq texnikası ilə Şərqin qədim muğam sənətinin sintezinə nail olan ilk müəllifdir. Ü. Hacıbəylinin yaradıcılığına baxanda görürük ki, o, Azərbaycan musiqisi, dünya musiqisi üçün çox böyük işlər görüb. Onun iştirakı və təşkilatçılığı ilə ilk çalğı alətləri orkestri, ilk simfonik orkestri, ilk xor, Azərbaycan Dövlət Konservatoriyası, Bəstəkarlar İttifaqı təşkil olunub”.
   
   Fərhad Bədəlbəyli: “Arzu edirik ki, Milli musiqi günümüzü Şuşada qeyd edək”
   
   Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli tədbir iştirakçılarını Milli musiqi günü münasibətilə təbrik edərək Ü.Hacıbəylinin dünya musiqi mədəniyyətinin inkişafında xidmətlərindən danışdı: “Mən sevinirəm ki, Beynəlxalq musiqi festivalında gənclərimiz daha fəal iştirak edir. Üzeyir musiqisini hamı bilməlidir. Onun əsərləri bütün dövrlərdə aktual olub. Beynəlxalq festival çox yüksək səviyyədə qeyd olunmaqdadır. Arzum budur ki, biz bu günü Şuşada qeyd edək”.
   Milli Konservatoriyanın rektoru Səyavuş Kərimi də bəstəkarın yaradıcılığından danışdı, onu dünya şöhrətli musiqiçi olmaqla yanaşı böyük azərbaycanlı kimi dəyərləndirdi. “Üzeyir Hacıbəyli Azərbaycan musiqisini bütün dünyaya tanıtdı. Onun doğum gününün yüksək səviyyədə təşkili artıq bir ənənəyə çevrilib. Biz xoşbəxtik ki, bu gün Azərbaycan musiqisi dünya səviyyəsində tanınır, öz sözünü deyir və inkişaf edir”.
   Konsert proqramında Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin, Azərbaycan Dövlət Xor Kapellasının və Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestrinin ifasında dahi bəstəkarın əsərləri ifa olundu.
   
   Ceyhun 






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar