Sentyabrın 22-də Azərbaycan Dövlət Filarmoniyasında MDB ölkələrinin Gənclər Simfonik Orkestri geniş konsert proqramı ilə çıxış edib. “Üzeyir Hacıbəyli-125” Beynəlxalq musiqi festivalı çərçivəsində təşkil edilmiş konsertin dirijoru, dünya şöhrətli rusiyalı skripkaçı, SSRİ Xalq artisti, Moskva Beynəlxalq musiqi evinin prezidenti Vladimir Spivakov idi.
   
   Tədbirdə çıxış edən Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy son illər MDB Ölkələri Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun həyata keçirdiyi mühüm layihələrdən söz açıb. Fondun mühüm layihələrinə Azərbaycan prezidenti İlham Əliyevin xüsusi önəm verdiyini söyləyən natiq, buna görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
   Natiq ölkəmizdə təşkil edilmiş Beynəlxalq musiqi festivalında MDB ölkələrinin Gənclər Simfonik Orkestrinin çıxışını xalqlar arasında dostluq münasibətlərinə verilən ən dəyərli töhfə kimi dəyərləndirib.
   Onun sözlərinə görə, istedadlı musiqiçilər yaradıcılıq əməkdaşlığının yeni ənənəsinin başlanğıcını qoyur, xalqların bir-birinə daha da yaxınlaşmasına və mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə zəmin yaradırlar.
   Solistləri Fen Nin və Oksana Volkova olan orkestr konsertdə əvvəlcə zəmanəmizin görkəmli müğənnisi, Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevə həsr olunmuş musiqi parçası səsləndirib.
   Konsertdə gənc musiqiçilərin ifasında Üzeyir Hacıbəylinin “Arazbarı” əsəri də ifa olunub. Proqrama daxil edilmiş C.Verdi, P.İ.Çaykovski, K.Sen-Sans, J.Bize və digər dünya şöhrətli bəstəkarların əsərləri də maraqla qarşılanıb.
   Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak edib. Konsert proqramını izləyənlər arasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun icraçı direktoru, Ermənistanın Rusiyadakı keçmiş səfiri Armen Smbatyan iştirak edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar