Musiqi - insanı keçmişə və gələcəyə aparan möcüzə dolu bir aləmdir. İnsan həm sevincli, həm kədərli anlarında həmişə musiqiyə müraciət edir və daxilində bir rahatlıq tapır. Buna əsasən də demək olar ki, insanın ən yaxın dostu və sirdaşı gözəl yazılmış musiqi, dərin məna kəsb edən şeir və yaxşı çəkilmiş rəsm əsəridir. Bu üç sənəti öz fəaliyyətində birləşdirən Sevinc Tofiqqızı bizimlə söhbətində sirli-sehirli yaradıcılıq dünyasından danışdı.
   
   Həmsöhbətimiz ilk olaraq bildirdi ki, valideynləri incəsənətə çox bağlı insanlardır: «Atam hazırda inşaat sahəsində çalışmasına baxmayaraq, çox gözəl rəssamlıq qabiliyyəti var. Anam isə ixtisasca həkimdir. O, musiqi təhsili alıb, amma heç vaxt bu sənətin arxasınca getməyib. Valideynlərimin incəsənətə sonsuz həvəsini illər boyunca görmək, eyni zamanda daxilimdə musiqiyə olan sevgi məni bu sənətə gətirib».
   Sevinc orta məktəbin birinci sinfinə gedəndə pianoda çalmaq istəyinə düşüb. Bu istəyini görən valideynləri onu musiqi məktəbinə qoyublar. Doğum günündə isə fortepiano hədiyyə ediblər. Altı yaşından rəsm çəkməyə başlayan Sevinc deyir ki, onda rəssamlığa meyl atasından gəlib: «Atam evin divarında iki rənglə anasının portretini yaradıb. Həmin rəsmə baxanda elə hiss edirdim ki, sanki canlı bir insanla ünsiyyətdəyəm. Mənim də ilk çəkdiyim rəsm atamın portreti olub. Düzdür, o zaman çəkdiyim həmin şəkil atama az oxşayırdı. Getdikcə öz üzərimdə işləyərək daha orijinal şəkillər çəkdim. Cizgi filmlərinə baxırdım, ordakı qəhrəmanların rəsmini də çəkirdim. Qaldı ki, toxumaq, hörmək işimə - bu isə mənə anamdan keçib. İkinci sinifdən anamdan aldığım dərslər nəticəsində toxuculuqla məşğul oluram. İlk dəfə şal toxumuşam. Bu gün də bu sənəti davam etdirirəm».
   Rəssamlıq və şeir yazmaq isə sadəcə hobbisidir. Özünün dediyinə görə, heç zaman fikirləşməyib ki, rəssam olacaq. Şeirlərinin nəşr edilməsini və oxuculara təqdim olunmasını da hələ istəmir. İndi onun əsas istəyi bəstələrini xalqa çatdırmaqdır. Bu arzusu yavaş-yavaş gerçəkləşir. Mahnıları artıq sayılıb-seçilən ifaçılar tərəfindən qəbul edilir: “Biz ikimiz” adlı mahnımı Xalq artisti Flora Kərimova istedadlı müğənni Aslan Hüseynovla birgə duet şəklində ifa edib. Nadir Qafarzadə, “Yeni ulduz” müsabiqəsinin qalibi Vüqar Muradov və gənc müğənni Əfsanə bəstələrimin ifaçılarıdır. Şairlərdən isə Xanım İsmayılqızının və Asifin yaradıcılığına müraciət edirəm».
   Qeyd edək ki, Sevinc daha çox instrumental əsərlər yazır. Səbəbini isə belə izah edir: «İlk nota aldığım peşəkar musiqi “Həsrətindəyəm” instrumental kompozisiyam olub. Bu əsərin belə adlandırılması təsadüfi deyil. Çünki bu kompozisiya qürbətdə yaşadığım illərin bəhrəsidir. İnstrumental musiqini çox sevirəm, bu janrda işləməyə üstünlük verirəm. Ümumiyyətlə, bəstələrim mənim həyatımdır. Dənizin kənarına gedəndə və ya təbiətlə ünsiyyətdə olanda fikrimə gələn yeni ideyanı mütləq nota alıram. Sonra gəlib evdə yazıram və əlavələr edirəm. Bundan sonra instrumental musiqilərimi mahnılara çevirirəm”.
   Sevinc hazırda pedaqoji fəaliyyətlə də məşğuldur. Dediyinə görə, çox istedadlı 6-7 şagirdi var. Sevinc onlardan həvəslə danışır: «Şagirdlərim arasında çox istedadlısı, üçüncü sinif şagirdi olan Səməndər Seyidovdur. Əminəm ki, o, gələcəkdə qəlbindəki güclü musiqi duyumu ilə çox gözəl və möhtəşəm əsərlər yaradaraq istedadlı bəstəkar olacaq. O, artıq müstəqil bir neçə kompozisiya ifa edib. Onun “Ümid körpüləri“ kompozisiyamı ifa etməsi məni çox sevindirdi. Hətta özü də musiqi bəstələməyə hazırlaşır. Digər istedadlı tələbəm də var, onlar notu bilmədən ifa edirlər. Hazırda isə tələbələrə not öyrədirəm».
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar