Müsabiqəyə Azərbaycan təmsilçisinin seçilməsində tamaşaçılar da səs verəcək
   
   2011-ci ilin mayında Almaniyada keçiriləcək “Eurovision-2011” mahnı müsabiqəsinə ev sahibliyi edəcək şəhərin adı açıqlanıb. “Eurovision-2011” müsabiqəsi Düsseldorf şəhərində təşkil ediləcək. Almaniyanın NDR telekanalı və Avropa Yayım Birliyinin qərarı ilə 4 namizəd şəhər arasından (Berlin, Hamburq, Hannover və Düsseldorf) Düsseldorf seçilib. Almaniyanın mühüm iqtisadi mərkəzi hesab olunan Düsseldorf şəhərinin 590 min əhalisi var.
   Bu arada müsabiqəyə Azərbaycan təmsilçisinin seçilməsində yeniliklərin olacağı da açıqlanıb. Ölkəmizin "Eurovision-2011" təmsilçisinin seçilməsində münsiflər heyəti ilə yanaşı, tamaşaçılar da səs vermək (50-50 prinsipi ilə) imkanı qazanacaq. Azərbaycanın “Eurovision” müsabiqəsi üzrə musiqi koordinatoru Zəhra Bədəlbəylinin sözlərinə görə, milli təmsilçinin seçilməsi ilə bağlı artıq start götürən seçimlərdə iştirak etmək arzusunda olanların sayı artıb: “Seçimlər elan olunandan təxminən 40-a yaxın sənətçi mənə müraciət edib. Ötən illərlə müqayisədə bu il müğənnilərin sayı daha artıqdır”.