Kieko Koma: “Dünyanın heç bir ölkəsi Azərbaycan qədər xoşuma gəlməyib”
   
   Oktyabrın 16-da Bakıdakı “Yaşıl Teatr” Konsert Kompleksində məşhur Yaponiya müğənnisi, şair, bədii qiraət ustası və rəssam Kieko Komanın başçılıq etdiyi ansamblın «Sülhə çağırış» adlı xeyriyyə konserti olacaq. Bu barədə yaponiyalı sənətçi dünən “Park İNN” hotelində keçirdiyi mətbuat konfransında məlumat verdi.
   
   Kieko Komanın sözlərinə görə, xeyriyyə konsertləri vermək onun hobbisidir və bu səbəbdən də təmsil olunduğu “NPO KOMA” şirkəti indiyə qədər müxtəlif ölkələrdə belə konsertlər təşkil edib. Şirkət konsertlərin baş tutduğu ölkələr haqqında Yaponiya ictimaiyyəti arasında geniş təbliğat işi aparır. Bundan başqa, bu ölkələrin mədəniyyətinə və turizm potensialına dair müxtəlif çap materialları, CD-lər hazırlanaraq, internet vasitəsilə yayılır.
   Onu da qeyd edək ki, Kieko Koma həm də Yaponiyada yaxşı tanınan Koguryo sülaləsinin şahzadəsidir. Dediyinə görə, hər belə səfər ona 30 min dollara başa gəlir. Çünki müxtəlif ölkələrdə keçirdiyi konsertlərin hər birinə öz işçilərini, konsert üçün lazımi texniki avadanlıqlar aparır.
   Azərbaycana artıq ikinci dəfə səfər etdiyini deyən müğənni bildirdi ki, indiyə qədər olduğu ölkələrdən heç biri onda belə zəngin təəssürat oyatmayıb: «Azərbaycan çox gözəl bir ölkədir. İki gündür Bakıdayam. Ötən səfərimdə Şəkidə oldum, qədim məbədi olan Kiş kəndini ziyarət etdim. Azərbaycanı dünyanın heç bir ölkəsi ilə müqayisə edə bilmirəm. Dünyanın heç bir ölkəsi Azərbaycan qədər xoşuma gəlməyib. Bakıda çıxış edəcəyimdən şərəf duyuram».
   Sənətçi onu da bildirdi ki, belə bir konsert oktyabrın 9-da Gürcüstanın paytaxtı Tiflisdə artıq keçirilib. Bu konsert isə Azərbaycana həsr olunacaq: «Bu məqsədlə Azərbaycan xalqı üçün xüsusi proqram hazırlanıb. Proqramda ölkənizə həsr etdiyimiz poemanı da ifa edəcəyəm. Buraya gələnə qədər Azərbaycanın tarixi, mədəniyyəti haqqında yetərincə məlumat toplamışam».
   Konsertdə Keiko Komanı məşhur yaponiyalı pianoçu İdaki Shin müşayiət edəcək. Pianoçu mətbuat nümayəndələrinə açıqlamasında bildirdi ki, Keiko Koma poemalarını onun ifası ilə oxuyacaq. Şeirlərin tərcüməsi isə Yaşıl Teatrın səhnəsində qurulacaq iki böyük monitor vasitəsilə ekranlardakı titrlərdə yer alacaq.
   Onu da qeyd edək ki, konsert üçün bilet satışı nəzərdə tutulmayıb və giriş sərbəstdir.
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar