II Bakı Beynəlxalq caz festivalının təntənəli açılış mərasimi gedişində bu möhtəşəm musiqi bayramında iştirak edən sənətçilərin bir neçəsi ilə ayaqüstü söhbət etdik. Festivalın açılış mərasimində İsraildən gələn musiqiçilər də təmsil olunurdu.    

    Təbilçalan və bəstəkar Roy Oliel bizimlə söhbətində Bakıda ilk dəfə olduğunu bildirdi: «Bakı gözəl şəhərdir. İnsanları da gözəldir. Bundan əvvəl Azərbaycana səfər edən dostlarım ölkəniz haqqında mənə danışmışdılar və ona görə də mən Bakıya gəlməyə, onu görməyə can atırdım».
   Cazın səciyyəvi cəhətlərindən danışan sənətçi bu musiqi janrını «azadlıq» kimi ifadə etdi: «Caz musiqisində geniş sərbəstlik, azadlıq var. Bizim üçün musiqilərin 90 faizi yazılmır. Bunların hamısı improvizasiyadır. Məsələn, mən səhnəyə gedirəm, amma nə çalacağımı bilmirəm. Yalnız səhnəyə gələndən sonra auditoriya ilə təmasda olursan. Bəzən bu yaxşı, bəzən də pis olur. Biz hər bir şeyin yaxşı olacağına ümid edirik».
   Cazın digər musiqi janrları ilə daima sintez olunduğunu deyən musiqiçi buna misallar da çəkdi: «Məsələn, Amerika cazında folklor, bəzən Afrika, hind, latın cazı improvizə edilir. İsraildə də belədir. Caz o qədər azad musiqi janrıdır ki, sən orada hər bir şey edə bilərsən. Əgər musiqini dərk edirsənsə, cazı bütün musiqi növləri ilə birləşdirmək mümkün olacaq». Qonaq Azərbaycan cazı ilə bağlı təəssüratlarını da diqqətə çatdırdı: «Burada olduğum qısa müddətdə Azərbaycan cazını da dinlədim və ondan çox zövq aldım. Bakı Caz Mərkəzində məşq etdiyim günlərdə Azərbaycan cazmenləri ilə tanış oldum. Mən doğrudan da, Bakıda gözəl caz gördüm. Gələcəkdə belə əməkdaşlıqların olmasına cəhd etmək lazımdır. Ola bilsin ki, gələcəkdə mən də cazı muğamla sintez edərək ifa etdim».
   İsrailin Caz və Müasir Musiqi Məktəbinin akademik direktoru, dirijor Amikam Kimelman isə bildirdi ki, onun ölkəsində caz zəngin ənənələrə malikdir: «Bizdə çoxlu caz məktəbləri, caz klubları və ansamblları fəaliyyət göstərir. İsrail ənənəvi cazı olan bir ölkədir. Azərbaycana gəlincə, bu festival inanılmaz dərəcədə heyrətamizdir. Super güclü fortepiano ifaçılarınız məni valeh etdi».
   Dirijor Azərbaycanın caz musiqiçilərini tanıdığını və dinlədiyini də dedi: «Mən Əzizə Mustafazadə, Emil Əfrasiyab və Ruslan Hüseynovu tanıyıram. Əzizə Mustafazadə İsraildə konsert proqramı ilə çıxış da edib. Məşhur cazmen Vaqif Mustafazadə haqqında da eşitmişəm. Düşünürəm ki, buradakı pianoçular çox istedadlıdırlar. Bu baxımdan Azərbaycan cazının gələcəyi parlaqdır və mən onu çox bəyəndim».
   Amikam Kimelman azərbaycanlı sənətçilərlə qarşılıqlı əməkdaşlığa münasibətini bildirdi. Qeyd etdi ki, mədəniyyət sahəsində belə əməkdaşlıq dost ailəsinə qonaq gəlməsinə bənzəyir: «Bakıya ikinci dəfədir ki, gəlirəm. Ötən dəfə də burada keçirilən caz festivalına dəvət almışdım. Mən belə əməkdaşlığa çox sevinirəm və gələcəkdə də davam etməsini istərdim. Gəlirsən, səni qarşılayırlar və sən də bu münasibətlərdən zövq alırsan. Bakı çox gözəl şəhərdir».
   Peşəkar caz musiqiçisi bir məqamı da xüsusi vurğuladı ki, Azərbaycan cazını dünyaya daha geniş təqdim etmək üçün caz məktəbi yaradılmalıdır.
   
   Mehparə