Musiqi bayramında maraqlı konsert proqramları bir-birini əvəz edir
   
   Oktyabrın 16-da Bakıda başlayan II Beynəlxalq caz festivalı rəngarəng konsertlərlə davam edir. Oktyabrın 23-də Heydər Əliyev Sarayında gitaraçı, caz-fyujn ifaçısı kimi məşhurlaşmış Al-di Meolanın konserti oldu. Caz ustası 70-ci illərin əvvəllində Berkli Musiqi Kollecində təhsil alıb, 1974-cü ildə “Return to forever” fyujn qrupunda gitaraçı Bill Konnorsu əvəz edib. Di Meolanın gəlişindən sonra “Return to Forever” qrupu çox böyük uğur qazanıb: 1974-cü ildə “Where have I known before”, 1975-ci ildə “No mystery”, 1976-cı ildə “Romantic warrior” kimi relizlər ABŞ-da 40 ən populyar relizin sırasına düşüb.   

    Bundan sonra Di Meola solo karyerasına başlayıb və caz-fyujn üslubunda əsərlərin gitarada ən yaxşı ifaçılarından biri kimi məşhurlaşıb, çoxsaylı mükafatlara layiq görülüb. 1990-cı illərdə o, fyujn janrından tamamilə uzaqlaşaraq, bütün diqqətini dünya akustik musiqisinə yönəldib. Bu, “Word Sinfonia”, “Di Meola Plays Piazzolla” və başqa relizlərdə aşkar müşahidə olunur.
   Eyni gündə Bakı Caz Mərkəzində Britaniya neo-soulun banisi müğənni-prodüser Omarın konserti oldu. Hamının maraqla qarşıladığı cazmen 90-cı illərin əvvəlində “Buna bənzər heç nə yoxdur” adlı hiti sayəsində Böyük Britaniyanın çox ümidverici ritm və blyuz ifaçılarından biri kimi yaradıcılığa başlayıb. Bu janrda tanınsa da, onun yaradıcılığı sərhəd tanımır. O, reqqi, hip-hop, fank, caz-pop, rok və latın-karib rəqsləri də daxil olmaqla bir sıra istiqamətlərin təsiri ilə soul və şəhər musiqisini qarışdırıb.
   Oktyabrın 24-də Dövlət Filarmoniyasında Monty Alexanderin konserti baş tutdu. Pianoçu Monty Alexander Amerika cazı, populyar mahnı və doğma Yamayka musiqisinin qovşağında öz musiqi üslubunu yaradıb. Frenk Sinatra, Tony Bennett, Ray Broun, Dizzy Gillespie, Sonny Rollins kimi musiqiçilərlə çıxış edib və disklər yazdırıb. Alexander caz klubları, konsert zalları və festivallarda çıxış edir və müxtəlif janrlar, üslublar və dövrləri birləşdirir. Bu günə qədər 60-dan çox albomu işıq üzü görüb. Öz triosu ilə müntəzəm çıxışlar edir, svinq üslubunda mahnılar oxuyur.
   Oktyabrın 25-də Beynəlxalq Muğam Mərkəzində Polşanın aparıcı caz pianoçularından biri Artur Dutkieviç konsert verdi. Rəngarəng ifaları ilə yadda qalan sənətçi dünya cazından və öz bəstələrindən ibarət proqramı tamaşaçılara təqdim etdi. A.Dutkieviç Katovitse şəhərindəki Musiqi Akademiyasının caz və populyar musiqi fakültəsinin məzunudur. Caz pianoçularının Kalişdə keçirilmiş müsabiqəsinin (1976), “Jazz nad Odra” müsabiqələrinin (1979) laureatı, 1989-cu ildə Vaşinqtonda Telonious Monk müsabiqəsinin finalçısı, T.Şukalskinin, Z.Namızlovskinin, T.Nalepanın ansambllarının üzvü olmuş, Qrajina Auqustik və Karlos Consonla əməkdaşlıq edib.
   Oktyabrın 26-da festivalın daha bir iştirakçısı - Vijay İyer Trio Dövlət Filarmoniyasında caz həvəskarlarına maraqlı konsert proqramı təqdim etmişdir.
   Bu gün, oktyabrın 27-də isə Litvanın məşhur caz musiqiçisi, saksafon ifaçısı Kestuti Vaiginis azərbaycanlı sənətçi Emil Məmmədovla birlikdə Beynəlxalq Muğam Mərkəzində konsert proqramı ilə çıxış edəcək.
   Qeyd edək ki, caz festivalı oktyabrın 30-da başa çatacaq.
   
   Yeganə Cansail







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar