Cavid Səmədov beynəlxalq musiqi yarışmasında 1-ci, Samir Cəfərov isə 2-ci yeri tutub   
   
   Oktyabrın 23-24-də Moskvada “Krokus Siti Holl”un Müslüm Maqomayev adına konsert zalında vokalçıların Müslüm Maqomayev adına I Beynəlxalq müsabiqəsi keçirilib. Müsabiqəni dahi Azərbaycan müğənnisinin ailəvi dostu, “KROKUS” QSC-nin prezidenti Araz Ağalarovun təsis etdiyi Müslüm Maqomayevin Mədəni-Musiqili İrsi Fondu təşkil edib.
   Fondun prezidenti və müsabiqənin münsiflər heyətinin sədri SSRİ-nin və Azərbaycanın Xalq artisti Tamara Sinyavskayadır. Münsiflər heyətinin tərkibinə SSRİ xalq artistləri - müğənni Yelena Obraztsova, dirijor Yuri Başmet, bəstəkar Aleksey Rıbnikov, SSRİ-nin və Azərbaycanın Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Rusiyanın və Gürcüstanın Xalq artisti Tamara Qverdtsiteli, bəstəkar Mişel Leqran daxil idilər.
   Mötəbər münsiflər heyətinin qərarı ilə müsabiqənin qalibi Azərbaycanın gənc və istedadlı ifaçısı Cavid Səmədov (bariton) olub. O, birinci yeri Belarus nümayəndəsi İlya Silçukov (bariton) ilə bölüşüb.
   İkinci yeri tanınmış azərbaycanlı tenor, Əməkdar artist Samir Cəfərov tutub.
   Üçüncü yerə 19 yaşlı rusiyalı Dmitri Trifonov (bariton) və Belarus müğənnisi Oksana Volkova (metso-soprano) layiq görülüblər.
   Laureatların mükafatlandırma mərasimi başa çatdıqdan sonra Tamara Sinyavskaya tədbirin dahi müğənninin xatirə günü (25 oktyabr - red.) ərəfəsində keçirilməsinə görə müsabiqənin təşkilatçısı və Müslüm Maqomayevin dostu Araz Ağalarova təşəkkür edib.
   Araz Ağalarov beynəlxalq münsiflər heyətinin üzvlərinə minnətdarlığını bildirərək deyib: “Müslüm Maqomayev adına I Beynəlxalq müsabiqədə iştirak etmək cəsarəti və məsuliyyəti olan bütün iştirakçılara təşəkkür etmək istəyirəm. Düşünürəm ki, Müslüm Maqomayev adına müsabiqə həmişə keçiriləcək”.
   Qeyd edək ki, Avropa, Yaxın Şərq və keçmiş SSRİ-dən 100-dən çox vokalçı bu müsabiqədə iştirak etmək arzusunu bildirmişdi. Seçici komissiya audio-video yazılar əsasında Rusiya, Azərbaycan, Gürcüstan, Belarus və Moldovadan 14 iştirakçını müsabiqəyə buraxıb. Müsabiqə iki turdan ibarət olub. Birinci mərhələdə klassik və estrada janrında ifalar dinlənilib. İkinci mərhələ tamamilə Müslüm Maqomayevin yaradıcılığına həsr olunub. Hər bir ifaçı Müslüm Maqomayevin repertuarından əvvəlcə klassik, sonra isə estrada nümunəsi ifa edib. Mükafatlandırma mərasimindən sonra gənc və istedadlı müğənni Emin Ağalarov dahi Müslüm Maqomayevə həsr olunmuş lirik mahnı ifa edib. Vokalçıların müsabiqəsi beynəlxalq münsiflər heyəti üzvlərinin möhtəşəm konserti ilə başa çatıb.
   Azərbaycan nümayəndələri ölkəmizi, həqiqətən, yüksək səviyyədə təmsil ediblər. Onların çıxışları Moskva tamaşaçıları tərəfindən rəğbətlə, sürəkli alqışlarla qarşılanıb.
   Müsabiqənin qalibi Cavid Səmədov jurnalistlərə açıqlamasında bildirib ki, bu, təkcə onun və Samir Cəfərovun deyil, bütün Azərbaycanın qələbəsidir: “Fəxr edirik ki, Azərbaycanı belə yüksək səviyyədə təmsil etmişik”.
   Qeyd edək ki, Cavid Səmədov Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Beynəlxalq Opera Akademiyasının (İtaliya) məzunudur. O, Moskvadakı Qalina Vişnevskaya Opera İfaçılığı Mərkəzində təcrübə keçib. Beynəlxalq müsabiqələr laureatı Cavid Səmədov hazırda Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə İtaliyada Renata Tebaldi və Mario Del Monako adına Beynəlxalq Opera Sənəti Akademiyasında təhsil alır.
   Azərbaycanın Əməkdar artisti Samir Cəfərov Bakı Musiqi Akademiyasının, Moskvadakı Qalina Vişnevskaya Opera İfaçılığı Mərkəzinin məzunudur. Vokalçıların beynəlxalq müsabiqələrinin laureatı olan Samir Cəfərov hazırda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar