Əbülfəs Qarayev: “Vasif Adıgözəlov xalq musiqisindən bəhrələnərək öz zəngin təxəyyülünün məhsulu olan orijinal əsərlər yaradıb”
   
   Xalq artisti Vasif Adıgözəlovun 75 illik yubileyinə həsr olunmuş musiqi festivalı çərçivəsində oktyabrın 28-də Dövlət Filarmoniyasında bəstəkarın “Çanaqqala-1915” oratoriyası səsləndirilib. Filarmoniyanın foyesində sənətkarın həyat və yaradıcılığına həsr edilmiş fotosərgi nümayiş etdirilib.
   Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev unudulmaz bəstəkarın mənalı ömür yolu və zəngin yaradıcılığına nəzər salıb. Nazir qeyd edib ki, sevimli müəllimi Qara Qarayevdən müasir bəstəkarlıq texnikasının incəliklərini mənimsəyən Vasif Adıgözəlov xalq musiqisi qaynaqlarından bəhrələnərək öz zəngin təxəyyülünün məhsulu olan orijinal əsərlər yaradıb.
   Bəstəkar iki operanın - “Ölülər” və “Natəvan”, 6 musiqili komediyanın - o cümlədən “Nənəmin şahlıq quşu”, “Hacı Qara” (R.Mustafayev ilə birgə), “Boşanaq, evlənərik”, “Aldın payını, çağır dayını” və s., həmçinin “Odlar yurdu”, “Qarabağ şikəstəsi”, “Çanaqqala-1915”, “Qəm karvanı” oratoriyalarının, 3 simfoniyanın, “Segah” muğam-simfoniyasının, “Mərhələlər”, “Afrika mübarizə edir” və s. simfonik poemaların, 6 instrumental konsertin, bir çox kamera-instrumental əsərin, mahnı və romansların müəllifidir. Sənətkarın zəngin yaradıcılığı və geniş ictimai-pedaqoji fəaliyyəti dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib. V.Adıgözəlov Xalq artisti fəxri adına, Dövlət mükafatına, müstəqil dövlətimizin iki ali mükafatına - “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülüb.
   Bəstəkarın “Çanaqqala-1915” oratoriyası monumental əsər kimi Türkiyə xalqının həyatında əlamətdar bir hadisə kimi yüksək dəyərləndirilib.
   Gecədə dirijor, Əməkdar incəsənət xadimi Yalçın Adıgözəlovun və Azərbaycan Dövlət xor kapellasının bədii rəhbəri, Xalq artisti Gülbacı İmanovanın rəhbərliyi ilə Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin ifasında səsləndirilən “Çanaqqala-1915” oratoriyası maraqla qarşılanıb.
   Tədbirdə Baş nazirin müavini Elçin Əfəndiyev, Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç və digər rəsmi şəxslər iştirak ediblər. 







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar