Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Bəstəkarlar İttifaqı ilə birgə görkəmli bəstəkar, Xalq artisti, mərhum Vasif Adıgözəlovun 75 illiyinə həsr olunmuş musiqi festivalı keçirir.
Bu münasibətlə oktyabrın 27-də Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda bəstəkarın kamera-instrumental və kamera-vokal əsərləri gənc istedadların ifasında səsləndirilib.
İttifaqın sədri, Xalq artisti, professor Firəngiz Əlizadə unudulmaz bəstəkarın mənalı ömür yolu və zəngin yaradıcılığı haqqında ətraflı məlumat verib. Bildirilib ki, Vasif Adıgözəlov milli musiqi mədəniyyətimizə bir-birindən dəyərli sənət nümunələri bəxş edib.
Onun mahnılardan tutmuş irihəcmli simfonik əsərlərədək müxtəlif musiqi janrlarını əhatə edən yaradıcılığı yüksək peşəkarlıq səviyyəsi və musiqi dilinin orijinallığı ilə diqqəti cəlb edərək geniş dinləyici kütləsinin rəğbətini qazanıb.
Azərbaycan muğamlarının mahir bilicisi, görkəmli xanəndə Zülfü Adıgözəlovun ailəsində doğulub boya-başa çatan Vasif Adıgözəlovun xalq musiqisi mühitində tərbiyə olunması onun yaradıcılığının milli zəmində formalaşmasına bilavasitə təsir göstərib. Bəstəkar iki operanın - “Ölülər” və “Natəvan”, 6 musiqili komediyanın - o cümlədən “Nənəmin şahlıq quşu”, “Hacı Qara” (R.Mustafayev ilə birgə), “Boşanaq, evlənərik”, “Aldın payını, çağır dayını” və s, həmçinin “Odlar yurdu”, “Qarabağ şikəstəsi”, “Çanaqqala-1915”, “Qəm karvanı” oratoriyalarının, 3 simfoniyanın, “Segah” muğam-simfoniyasının, “Mərhələlər”, “Afrika mübarizə edir” və s. simfonik poemaların, 6 instrumental konsertin, bir çox kamera-instrumental əsərlərin, mahnı və romansların, dram tamaşalarına və kinofilmlərə yazılmış musiqilərin müəllifidir.
Gecədə bəstəkarın “Piano üçün 3 prelüd”, “Violino və piano üçün skertso”, xalq bayatıları əsasında yazılmış “Ninni”, “Şuşam laylay”, “Xoşum gəlir” və digər musiqi əsərləri ifa edilib.
Qeyd edək ki, oktyabrın 31-dək davam edəcək festival proqramına Azərbaycan Dövlət Filarmoniyasında dirijor, Əməkdar incəsənət xadimi Yalçın Adıgözəlovun və Dövlət Xor Kapellasının bədii rəhbəri, Xalq artisti Gülbacı İmanovanın rəhbərliyi ilə Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin ifasında “Çanaqqala-1915” oratoriyasının nümayişi, eləcə də Vasif Adıgözəlovun yaradıcılığının müxtəlif sahələrinə həsr olunmuş məruzələrdən ibarət konfransın keçirilməsi daxildir. Həmçinin Dövlət Musiqili Komediya Teatrında “Aldın payını, çağır dayını” tamaşasının nümayişi festival proqramına daxildir.